Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

23.01.2019 16:21
  • A-
  • A
  • A+

AMEA-nın alimləri bir neçə rayonda çöl tədqiqatları aparıblar

AMEA-nın alimləri bir neçə rayonda çöl tədqiqatları aparıblar

AMEA-nın Genetik Ehtiyatlar, Torpaqşünaslıq və Aqrokimya institutları, Azərbaycan Respublikası Prezidenti Yanında Elmin İnkişafı Fondu və Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə bir qrup əməkdaş Şəki, Tərtər, Goranboy, Göyçay və Ağdaş rayonlarında torpaqların ilkin vəziyyətini müəyyənləşdirmək məqsədilə çöl tədqiqatları aparıblar.

Əməkdaşlar tərəfindən Şəki rayonunda 23 fermerə məxsus təsərrüfatda taxıl bitkiləri altında 0-30, 30-60, 60-90 sm-lik qatlardan torpaq nümunələri götürülüb, bəzi analizlər birbaşa sahədə, digər analizlər isə laboratoriya şəraitində yerinə yetirilib. Göyçayda 2, Ağdaşda 1, Tərtərdə 29, Goranboy rayonunda isə 22 fermer təsərrüfatında buğda, arpa sahələrində 153 torpaq nümunəsində duzların miqdarı, torpağın nəmliyi və digər göstəricilər müəyyən edilib.

KTN-nin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Göyçay rayonunda yerləşən Elmi-Tədqiqat Təcrübə Məntəqəsində Torpaqşünaslıq və Aqrokimya İnstitutunun  nümayəndələri, nazirliyin rəhbərliyi, sözügedən məntəqənin əməkdaşları və fermer təsərrüfatının işçiləri birlikdə xarakterik yerdə torpaq kəsimi qoyublar.

İlkin olaraq həmin kəsimdən qatlar üzrə nümunələr götürülüb, "Palitest", "Solomer", "ECO ES-Tester Manual", "Vlaqomer", "Konduktometr Ph-metr (Ph 3000)" və digər cihazlarla təchiz olunmuş Mobil aqrar tədqiqatlar laboratoriyasında torpaqda nitrat, azot, fosfor və duzların miqdarı, həmçinin torpağın nəmliyi, temperaturu, qələviliyitəyin edilib.

Bunda əlavə, Cəyirli kəndində və Aqrar İnkişaf Mərkəzində yerləşən artezian sularında, Yuxarı Şirvan kanalı və şəhərdə istifadə olunan sularda, eləcə də Qarayazı kəndində olan göl sularında bu proseslər aparılıb. Aparılan ilkin analizlər nəticəsində suvarma və artezian sularının qələvilik və minerallığı müəyyənləşdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: