AMEA Rəyasət Heyətində Ukrayna Milli Elmlər Akademiyasının A.Podqornıy adına Maşınqayırma Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru Oleq Kravçenko və “AP-İNVEST” şirkətinin nümayəndəsi Andrey Voytovskiy ilə görüş keçirildi.
Görüşdə AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayev, AMEA Elmi İnnovasiyalar Mərkəzinin direktoru, hüquq üzrə fəlsəfə doktoru Azər Namazov, Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov iştirak edirdilər.
“Məhsuldar üfüqə kompleks hidrogen və termobarokimyəvi texnologiyasının təsirinin köməyi ilə quyulardan karbohidrogen enerji daşıyıcılarının əldə edilməsinin (çıxarılmasının) intensifikasiyası” mövzusunda məruzə ilə çıxış edən O.Kravçenko Ukraynada neft-qaz sahələrində mövcud elmi bazadan bəhs etdi. Bildirdi ki, neft, qaz və qazokondensat quyularının məhsuldarlığı yatağın karbohidrogen ehtiyatı, layın quyu dibi hissəsinin keyfiyyət vəziyyyəti, onun filtrasiya xüsusiyyətləri və məhsuldar layların istismar dərəcəsi ilə azalan nüfuzetmə qabiliyyəti ilə müəyyən edilir. Onun sözlərinə görə, yeni texnologiyanın yaradılması ağır hidrogenlərin qismən daxili lay hidrokrekinqi texnologiyasının tədbiqinə əsaslanır.
Sonda məruzə ətrafında müzakirələr aparıldı, əlaqələrinin genişləndirilməsinin önəmliyi vurğulandı, birgə tədqiqatların aparılması qərara alındı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.