Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

11.03.2019 16:50
  • A-
  • A
  • A+

“Elm həftəsi” öz işinə başlayıb

“Elm həftəsi” öz işinə başlayıb

Martın 11-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “Elm həftə”sinin açılış mərasimi olub.

Mərasimdə ölkənin müvafiq dövlət qurumları və AMEA-nın elmi-tədqiqat müəssisələrindən olan alim və mütəxəssislər, eləcə də ali təhsil müəssisələrindən olan tələbələr iştirak ediblər.

Əvvəlcə YT Parkın direktoru, i.ü.f.d. Nazim Şükürov çıxış edərək bu kimi tədbirlərin keçirilməsinin ölkədə elmin əhəmiyyətini və çəkisini daha da artıracağına əminliyini ifadə edib. Alim Azərbaycanda “Elm günü”nün təsis olunmasının dövlət başçısının elm sahəsinə göstərdiyi diqqət və qayğının göstəricisi olduğunu vurğulayıb. Bildirib ki, bu əlamətdar gün Azərbaycan elm və təhsil ictimaiyyəti tərəfindən elm bayramı kimi yüksək səviyyədə qeyd olunacaq.

N.Şükürov rəhbərlik etdiyi müəssisə haqqında məlumat verərək bildirib ki, YT Park innovativ layihələrin həyata keçirilməsi və investisiyaların yatırılması üçün yaradılmış platformadır. 21 hektar ərazini əhatə edən bu müəssisə bütün kommunal infrastrukturla təmin olunub.

Alim yeni texnologiyaların yaradılması və elmi fəaliyyətin kommersiyalaşdırılması istiqamətində Azərbaycan elminin Yüksək Texnologiyalar Parkı platformasından yararlanaraq müvəffəqiyyətlə kommersiyalaşmış biznesə nail olduğunu bildirib.

AMEA-nın ölkəmizdə elm üzrə vahid siyasəti həyata keçirən təşkilat olduğunu deyən alim bu elm ocağında fəaliyyət göstərən alimlərin qeyri-neft sektorunun inkişafı və ölkə iqtisadiyyatının şaxələndirilməsinə böyük töhfələr verdiyini, mühüm nəticələrin əldə olunduğunu deyib.

N.Şükürov “Elm həftə”sinin ilk günündə Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsində həyata keçirilən layihələr və aparılan tədqiqatlara dair məruzələrin dinləniləcəyini nəzərə çatdırıb.

Sonra AMEA-nın İdarətmə Sistemləri İnstitutunun (İSİ) direktoru, akademik Telman Əliyev çıxış edib. O, “Elm həftə”sində Azərbaycan elmində əldə olunan nailiyyətlər və mövcud problemlərə dair müzakirələrin aparılacağını qeyd edərək, tədbirin mühüm nəticələrlə yadda qalacağına inamını bildirib.

Dünyanın inkişaf etmiş ölkələrində elm sahəsinə böyük sərmayələrin qoyulduğunu deyən alim müasir dövrdə elmin ən çox gəlir gətirən sahələrdən olduğunu diqqətə çatdırıb. Bildirib ki, bu gün Azərbaycan dövləti də elmin kommersiyalaşdırılmasına xüsusi önəm verir və bu istiqamətdə ciddi tədbirlər görür.

Sonra akademik T.Əliyev rəhbərlik etdiyi institutun əsas fəaliyyət istiqamətlərini diqqətə çatdırıb. Bildirib ki, buraya müxtəlif səviyyəli və təyinatlı intellektuallaşdırılmış mexatron sistemlərin, texnoloji proseslərin riyazi modelləşdirilməsi, identifikasiya və optimallaşdırılması üsullarının araşdırılması, intellektual qərar qəbuletmə texnologiyaları və sistemlərinin öyrənilməsi və s. daxildir.

Sonra akademik institutda neft mədəni üzrə görülən işlər, həyata keçirilən layihələr, eləcə də qurumun alim və mütəxəssisləri tərəfindən yüksək istinad indeksli, impakt faktorlu jurnallarda dərc olunan məqalələr haqqında məlumat verib.

Alim öz çıxışında Rusiya qazının Çin Xalq Respublikasına ixracını həyata keçirən “Sibirin gücü” (“Sila sibiri”) layihəsindən də danışıb. Qeyd edib ki, İSİ-nin “Robust Noise Monitoring” diaqnostika və idarəetmə monitorinq sistemi Rusiya dövlətinin tikdiyi “Sibirin gücü” magistral qaz kəmərinin təhlükəsizliyini təmin edir. Çinə ilk qaz ixracının isə cari ildə həyata keçiriləcəyi nəzərdə tutulur. 

O, həmçinin dalma nasosları haqqında məlumat verərək bu intellektual idarəetmə qurğusunun tətbiq sahələrindən danışıb. Nasosların əsas xüsusiyyətləri və üstünlüklərini diqqətə çatdıraraq onlardan artezian su hövzələrində, kənd təsərrüfatı sahələrinin suvarılmasında, yeraltı su səviyyəsinin aşağı salınmasında, sənaye sahələrində və s. geniş istifadə olunduğunu deyib.

T.Əliyev İSİ-də dünya elminin tələblərinə cavab verən, multissiplinar tədqiqatların aparıldığını, iqtisadi səmərə verən innovativ layihələrin həyata keçirildiyini diqqətə çatdırıb.

Sonra İSİ-nin Neftqazçıxarma obyektlərin nəzarət, diaqnostika və idarəetmə sistemləri laboratoriyasının rəhbəri, texnika üzrə fəlsəfə doktoru, dosent Asif Rzayev “Neftçıxarmada intellektual Onlayn İdaretmə sisteminin yaradılması” mövzusunda məruzə edib. Bildirib ki, əsas məqsəd innovativ texnologiyaların işlənməsi və tətbiqi ilə proseslərin onlayn rejimdə intellektual idarə edilməsi hesabına Azərbaycan Respublikasının quru ərazisində yerləşən və işlənmənin son mərhələsində olan yataqlardan neft hasilatının artırılmasıdır.

Onun sözlərinə görə, dünyada yataqlarda qalıq və ya çıxarıla bilməyən neft ehtiyatları 55-70 faiz təşkil edir. Azərbaycan Respublikası üçün bu rəqəm 45-50 faiz təşkil edir.

Məruzəçi innovativ texnologiyaların tətbiqi ilə neft hasilatı prosesinin operativ idarə olunmasına dair sxemi də təqdim edib.

A.Rzayev, həmçinin “Smart artezian” pilot layihəsi və “Elektrik enerjisinə qənaət avadanlığı - tezlik çeviricilərinin AMEA-nın Yüksək Texnologiyalar Parkında istehsalı” mövzusunda təqdimatlarla çıxış edib.

Sonra məruzələrə dair geniş fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.

Sonda tədbir iştirakçıları YT Parkda görülən işlər, istehsal olunan məhsullar və həyata keçirilən layihələrlə yaxından tanış olublar.

Qeyd edək ki, tədbir növbəti günlərdə öz işini bölmə iclasları ilə davam etdirəcək. İclaslarda AMEA-nın elmi bölmələri tərəfindən hər gün elmi konfransların təşkil olunması planlaşdırılır. Konfranslarda bölməyə daxil olan institutların alim və tədqiqatçıları tərəfindən təqdimatlar nümayiş olunacaq.

“Elm həftə”sinin sonuncu günündə isə YT Park tərəfindən keçirilmiş “ən yaxşı innovasiyalı ideya”, “ən yaxşı innovasiyalı layihə” və “ən yaxşı innovasiya məhsulu” üzrə müsabiqənin nəticələri ictimaiyyətə elan olunacaq və qaliblər mükafatlandırılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: