Qətərin “Arabi21” saytında AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elvüsal Məmmədovun Fransanın Ermənistana havadarlıq etməsi haqqında verdiyi müsahibə dərc olunub.
Müsahibədə Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda antiterror və sülhəməcburetmə əməliyyatlarına başlamasından etibarən Fransanın bəzi hökumət dairələrinin, yerli özünüidarəetmə qurumlarının Ermənistana siyasi və birbaşa dəstəyi haqqında danışılır, Fransa-Ermənistan münasibətlərinin tarixi kökləri göstərilir.
Qeyd olunur ki, hələ XX əsrin başlanğıcında Fransa Prezidenti Raymon Puankarenin Azərbaycan xalqının qəddar düşməni, Zəngəzur və Qarabağda dinc əhaliyə qarşı qətliamlar törətmiş Andranik Ozanyanı “Şərəf Legionu Ordeni” ilə təltif etməsi bir çox mətləbdən xəbər verir. O da göstərilir ki, Fransa hakim dairələrinin Ermənistanı dəstəkləyən bəyanatlar verməsi Fransanın Minsk qrupundakı həmsədr statusuna ziddir. Həmçinin Fransadakı erməni lobbisi ölkənin iqtisadi-siyasi həyatında ciddi təsirə malikdir və Makron siyasi praqmatizm naminə Ermənistanı dəstəkləyən bəyanatlar verir.
Müsahibədə, həmçinin Fransadan Ermənistana göndərilmiş “yardımlar” və Qarabağda hərbi əməliyyatlarda iştirak etməyə gəlmiş Fransa vətəndaşları, Fransa bələdiyyələrin terrorizmi maliyyələşdirən erməni fondlarına maliyyə yardımları haqqında danışılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.