Azerbaijan National Academy of Sciences

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  IMPORTANT EVENTS

09.12.2020 16:47
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunda görkəmli qazax şairi Abay Kunanbayevin 175 illiyi qeyd olunub

Şərqşünaslıq İnstitutunda görkəmli qazax şairi Abay Kunanbayevin 175 illiyi qeyd olunub

Dekabrın 9-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli qazax şairi Abay Kunanbayevin 175 illiyinə həsr olunan elmi sessiya keçirilib.

Tədbiri AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq Abay Kunanbayevi XIX əsr qazax modern ədəbiyyatının qurucusu və ilk realist şairi kimi qiymətləndirib, şairin 175 illiyinin türk dünyasında geniş qeyd olunduğunu və akademiyada da il ərzində bununla bağlı bir sıra tədbirlərin keçirildiyini bildirib. Akademik İ.Həbibbəyli Şərqşünaslıq İnstitutunun keçirdiyi elmi sessiyadakı məruzələrin Azərbaycan Abayşünaslığını zənginləşdirəcəyinə əminliyini vurğulayıb.

Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva isə diqqətə çatdırıb ki, Abay Kunanbayev XIX əsr qazax yazılı ədəbiyyatında şeirə mövzu, forma, dil, üslub, vəzn yenilikləri gətirmiş qüdrətli söz ustadıdır. 2020-ci ilin TÜRKSOY tərəfindən “Abay ili” elan edildiyini xatırladan akademik G.Baxşəliyeva Şərqşünaslıq İnstitutunda Abay yaradıcılığı ilə bağlı tədqiqatlar aparıldığını və hazırkı elmi sessiyanın da müəssisənin bu istiqamətdə mühüm addımlarından olduğunu deyib.

Tədbirdə Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə elmlər doktoru, professor Elman Quliyev “Abay Kunanbayevin lirikası” mövzusunda məruzə edib. Şairin lirik yaradıcılığı barədə ətraflı danışan E.Quliyev Abay Kunanbayev poeziyasının rəngarəng mövzu dairəsi olduğunu, onun əxlaqi-didaktik şeirlərində təhsil, elm və tərbiyə məsələlərinin əks olunduğunu, həmçinin mənəvi-əxlaqi meyarların müəyyənləşdirildiyini qeyd edib. Məruzəçi bildirib ki, Abay Kunanbayev klassik poeziya və xalq şeiri ənənələrindən bəhrələnərək onlara yaradıcı yanaşıb, gözəl poetik nümunələr ərsəyə gətirib və onun şeirə dil, üslub, mövzu baxımından gətirdiyi yeniliklər qazax ədəbiyyatında yeni şeir ənənəsinin əsasını qoyub.

Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent  Təranə Həşimova  isə “Müasir qazax yazılı ədəbiyyatının banisi Abay Kunanbayev və dünya ədəbiyyatı” mövzusunda məruzə edib. T.Həşimova bildirib ki, şair qazax folklorundan, qazax poeziyasından, eyni zamanda klassik Şərq poeziyasından bəhrələnərək qazax ədəbiyyatına yeniliklər gətirib. Şairin dünyagörüşünün formalaşmasında Şərqin alim və şairləri qədər Qərb mütəfəkkirlərinin də rolu olub. Böyük maarifçi Abay Kunanbayevin Şərq və Qərb ədəbi mühitinə necə daxil olmasından danışan məruzəçi, onun şeir yaradıcılığının ilk dövründə Şərqin böyük mütəfəkkirləri sırasında böyük Nizami və Füzulinin sənəti və şəxsiyyəti qarşısında hesabat verdiyini bildirib, şair kimi formalaşmasında onların sənətinin böyüklüyünü qeyd etməsinə dair nümunələr gətirib.

Sessiyanın sonunda məruzələr ətrafında müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: