AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının illik hesabatlara həsr olunmuş onlayn iclası keçirilib.
Tədbirdə AMEA-nın vitse-prezidenti, bölmənin Elmi şurasının sədri, akademik Rasim Əliquliyev, Bakı Dövlət Universitetinin (BDU) rektoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elçin Babayev, bölmənin Ümumi yığıncağının üzvləri, elmi müəssisələrin rəhbərləri, direktor müavinləri, elmi katibləri, həmçinin əldə edilmiş mühüm elmi nəticələrin müəllifləri, ictimaiyyətlə əlaqələr, təhsil və beynəlxalq əlaqələr şöbələrinin rəhbərləri, həmkarlar təşkilatlarının nümayəndələri, gənc alim və mütəxəssislər şuralarının sədrləri iştirak ediblər.
Öncə AMEA-nın 2020-ci ildə vəfat edən həqiqi və müxbir üzvlərinin xatirəsi yad edilib.
Daha sonra akademik Rasim Əliquliyev akademik Telman Əliyevi AMEA prezidentinin müşaviri, akademik Adil Qəribovu AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqovu İdarəetmə Sistemləri İnstitutunun direktoru vəzifəsini icra edən təyin olunmaları münasibəti ilə onlayn iclas iştirakçılarının adından təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.
Ümumi yığıncağın illik hesabatlara həsr olunmuş ilk onlayn iclasında AMEA-nın Fizika, Radiasiya Problemləri (RPİ) institutlarının və Şamaxı Astrofizika Rəsədxanasının 2020-ci ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatları müzakirə olunub.
Fizika İnstitutunda aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair məlumat verən müəssisənin rəhbəri, akademik Nazim Məmmədov vurğulayıb ki, hesabat ilində müəssisənin bir qrup alimi “Materiyanın yeni kvant halı – antiferromaqnit topoloji izolyator: dizayn, əsas elektron xassələri və tətbiq perspektivləri” mövzusunda elmi məqalələr toplusuna görə 2020-ci il üçün elm sahəsində Azərbaycan Respublikasının Dövlət mükafatına, akademik Təyyar Cəfərov Azərbaycan elminin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeninə layiq görülüblər.
Alimin sözlərinə görə, 2020-ci ildə Fizika İnstitutunda elmi tədqiqat işləri üç istiqamət üzrə aparılıb, 29 mühüm nəticə əldə olunub. Həmçinin adıçəkilən elmi müəssisənin əməkdaşlarının hesabat ilində yüksək impakt faktorlu məcmuələrdə 132 məqaləsinin işıq üzü gördüyü qeyd olunub. Akademik Nazim Məmmədov iclas iştirakçılarının diqqətinə çatdırıb ki, ötən il ərzində alimlərimizin məqalələrinə, ümumilikdə 5667 istinad olub. Hesabat dövründə müəssisənin alimləri Azərbaycan Respublikasının 4 patentini alıblar.
İnstitutun direktoru, həmçinin rəhbərlik etdiyi elmi müəssisədə Rusiyanın Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutu və digər xarici ölkələrin elmi tədqiqat mərkəzləri ilə aparılan əməkdaşlıq fəaliyyəti, magistratura və doktorantura pilləsi üzrə kadr məsələlərinə də toxunub.
2020-ci ildə Radiasiya Problemləri İnstitutunda aparılan elmi tədqiqatların bir qismi nüvə və radiasiya təhlükəsizliyinin elmi əsaslarının işlənməsi, respublikanın perspektiv enerji təhlükəsizliyinin təmini məqsədi ilə alternativ enerji mənbələrinin ehtiyatlarının qiymətləndirilməsi, enerji çevrilmələrinin effektiv üsullarının işlənilməsi məqsədlərinin həllinə yönəlib. Aparılan tədqiqatlar nəticəsində əldə edilmiş mühüm nəticələr barədə məlumat verən institutun elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva bildirib ki, ümumilikdə alimlərimiz tərəfindən 4 problem üzrə 23 elmi-tədqiqat işi aparılıb. Eyni zamanda, alim vurğulayıb ki, hesabat ilində Radiasiya Problemləri İnstitutunun əməkdaşlarının "Web of Science" bazasında indeksləşən jurnallarda 64 məqaləsi dərc edilib.
Alimin sözlərinə görə, müəssisədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi və Dünya ölkələrinin Nüvə Təhlükəsizliyi sammitlərinin qətnamələri, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiq olunmuş Dövlət proqramları, eyni zamanda Nazirlər Kabinetinin və AMEA Rəyasət Heyətinin qərar və sərəncamları əsasında işlər görülüb.
R.Mehdiyeva vurğulayıb ki, müəssisənin əməkdaşları hesabat ilində beynəlxalq əməkdaşlıq fəaliyyətində də mühüm uğurlar qazanıblar. Onlar Rusiya, Almaniya, Böyük Britaniya, ABŞ, Çin, Ukrayna, Qazaxıstan və digər ölkələrdə keçirilən onlayn konfrans və simpoziumlarda, eləcə də digər beynəlxalq səviyyəli tədbirlərdə iştirak ediblər. Həmçinin onların əsərlərinə istinadların sayı 2207 olub.
Direktor müavini qrantlara əsasən görülən işlər, elektron elmin vəziyyəti, fundamental elmlə təhsilin əlaqəsi, innovasiya və nəşriyyat fəaliyyəti, kadr hazırlığı istiqamətində əldə edilmiş nəticələrdən danışıb. O, “müəssisədə yaradılan "Vikipediya" işçi qrupu tərəfindən onlayn ensiklopediyada müvafiq elmi istiqamətlər üzrə Azərbaycan seqmentində 84, rus və ingilis seqmentində müvafiq olaraq 91 və 97 məqalə yerləşdirilib” – deyə vurğulayıb.
RPİ-də çalışan alimlərin 2020-ci ildə əldə etdikləri uğurlardan bəhs edən məruzəçi müəssisənin rəhbəri, AMEA-nın müxbir üzvü Oqtay Səmədovun “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” yubiley medalına layiq görüldüyünü, professor Rəhim Mədətovun Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının üzvü seçildiyini, həmçinin bu qurumun “Beynəlxalq qızıl ulduz” medalı və diplomu ilə təltif edildiyni qeyd edib.
Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatı müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov təqdim edib. O bildirib ki, rəhbərlik etdiyi müəssisədə 14 mövzu üzrə aparılan tədqiqatlar yekunlaşdırılıb. 2020-ci ildə astronavt alimlərimizin "Web of Science" və "Scopus" beynəlxalq elmi bazasında indeksləşən jurnallarda 14 məqaləsi işıq üzü görüb. Eyni zamanda ŞAR-ın əməkdaşlarının məqalələrinə 150-dən çox istinad olunub.
Namiq Cəlilov beynəlxalq əməkdaşlıq istiqamətində Avropa Birliyinin "HORİZON-2020" meqaqrantı çərçivəsində, eləcə də GAIA missiyasının OPTIKON tədqiqat qrupu ilə GRANDMA beynəlxalq layihəsi əsasında görülən işlərdən, İsrail, Bolqarıstan, Almaniya, Belçika, Rusiya və Ukraynanın aparıcı elmi təşkilatları ilə birgə həyata keçirilən tədqiqatlardan danışıb. ŞAR əməkdaşları AMEA-nın TÜBİTAK ilə birgə elmi qrant layihəsi üzrə müsabiqəyə bir, AR Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən elan olunmuş qrant müsabiqəsinə beş layihə təqdim ediblər.
Onlayn iclasda ŞAR-da elmlə təhsilin inteqrasiyası, elektron elmin və aparılan kadr hazırlığının cari vəziyyəti, nəşriyyat və sosial sferada, o cümlədən "Vikipediya" elektron ensiklopediyasında fəaliyyət istiqamətində əldə edilmiş nailiyyətlər haqqında da məlumat verilib.
Ümumi yığıncağın onlayn iclasında COVID-19 pandemiyası ilə mübarizə istiqamətində aparılan işlər, Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinə dəstək, eləcə də Azərbaycan həqiqətlərinin dünya elmi ictimaiyyətinə çatdırılması məqsədi ilə görülən işlər bir daha diqqətə çatdırılıb, Qarabağda və ətraf ərazilərdə bərpa işlərinin görülməsi ilə bağlı qarşıda duran prioritet vəzifələr səsləndirilib.
Onlayn iclasda çıxış edən AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev ölkəmizin milli təhlükəsizliyinin mühüm komponenti kimi radiasiya təhlükəsizliyinin təmin edilməsi, bu istiqamətdə problemlərin araşdırılması, eləcə də astrofiziki tədqiqatlarda süni intellekt texnologiyalarından istifadə olunması ilə bağlı bir sıra təklifləri irəli sürüb.
Aparılan müzakirələrdə BDU-nun rektoru Elçin Babayev, akademiklər - Telman Əliyev, Adil Qəribov, Fikrət Əliyev, AMEA-nın müxbir üzvləri - Misir Mərdanov, Əminağa Sadıqov, Bilal Bilalov, Əyyub Quliyev, Afiq Həsənov, Qeylani Pənahov, Vəli Hüseynov yaxından iştirak edərək fikir və suallarını səsləndiriblər.
Sonda FRTEB-in Ümumi yığıncağı Fizika, Radiasiya Problemləri institutlarının və Şamaxı Astrofizika Rəsədxanasının 2020-ci ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatların qəbul olunub AMEA-nın Rəyasət Heyətinə təqdim edilməsinin lehinə yekdilliklə səs verib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.