Azerbaijan National Academy of Sciences

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  CONFERENCES, ASSEMBLIES

21.12.2020 11:29
  • A-
  • A
  • A+

AMEA-nın gənc alimləri hesabat verirlər

AMEA-nın gənc alimləri hesabat verirlər

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) növbəti onlayn iclası keçirilib.

Tədbirdə AMEA-nın HumanitarBiologiya və Tibb Elmləri, həmçinin Gəncə Bölməsinin Gənc Alim və Mütəxəssislər şuralarının cari ilin yekunlarına həsr olunan hesabatları dinlənilib.

Əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

İclası GAMŞ-ın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov açaraq şanlı qələbə münasibətilə tədbir iştirakçılarını, eləcə də AMEA-nın gənc alim və mütəxəssislərini təbrik edib. O, hesabat ilinin önəmli hissəsinin COVID-19 pandemiyası ilə əlaqədar karantin rejiminə təsadüf etməsinə baxmayaraq, ötən müddətdə rəhbərlik etdiyi şuranın elmi-ictimai fəaliyyətində mühüm nailiyyətlərin əldə olunduğunu bildirib. Qeyd edib ki, cari ildə elmlə təhsilin vəhdətinin yaradılması, elmin populyarlığının artırılması, Azərbaycan gəncliyinin potensialının müasir dövrün tələblərinə uyğun inkişaf etdirilməsi, gənc mütəxəssislərin dünya elminə inteqrasiyası istiqamətində çoxşaxəli işlər görülüb.

F.Salmanov diqqətə çatdırıb ki, 2020-ci ilin 4-6 mart tarixlərində gənc alim və mütəxəssislərin II multidissiplinar beynəlxalq konfransı keçirilib, növbəti dəfə bütün elmi istiqamətlər üzrə yerli gənc alimlərimizin xarici həmkarları ilə bir araya gəlməsinə imkan yaradılıb. Həmçinin akademiya gəncləri xarici təcrübə keçməyə cəlb olunub, onlar yerli və beynəlxalq qrant layihələrdə uğurla iştirak edib, xarici həmkarları ilə birgə tədqiqatlar aparıb, elmi nəticələrini impakt faktorlu jurnallarda dərc etdiriblər.

Sonra iclasda GAMŞ-ın Humanitar Elmlər Bölməsi üzrə katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Eşqanə Babayeva, Biologiya və Tibb Elmləri Bölməsi üzrə katibi, biologiya üzrə fəlsəfə doktoru Ulduzə Mehvalıyeva və Gəncə Bölməsi üzrə katibi Elnur Həsənov hesabatlarını təqdim ediblər. Çıxışçılar il ərzində ölkə başçısının sərəncamlarından, AMEA Rəyasət Heyətinin qərarlarından irəli gələn tapşırıqlar, keçirilən konfrans və elmi seminarlar, nəşr olunan kitab və monoqrafiyalar, o cümlədən impakt faktorlu jurnallarda işıq üzü görən məqalələr, qrant layihələrdə, beynəlxalq tədbirlərdə iştirak, kadr məsələləri və əldə olunan mühüm elmi nailiyyətlər barədə ətraflı məlumat verib, növbəti ildə təmsil etdikləri bölmənin şuraları tərəfindən görülməsi nəzərdə tutulan işləri sadalayıb, gənclərin üzləşdiyi problemlər və çıxış yolları haqqında fikir mübadiləsi aparıblar.

Daha sonra AMEA GAMŞ-ın İdarə Heyətinin üzvləri - kimya elmləri doktoru, dosent Əfsun Sucayev, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Nail Qurbanov, biologiya üzrə fəlsəfə doktorları -  Zenfira QədimovaSəbinə Bünyatova və digər tədbir iştirakçıları çıxış edərək hesabatlarla bağlı fikir və təkliflərini bildiriblər.

Sonda təqdim olunan hesabatlar GAMŞ-ın İdarə Heyəti tərəfindən qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: