Azerbaijan National Academy of Sciences

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  CONFERENCES, ASSEMBLIES

25.12.2020 11:16
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutu 2020-ci il üçün illik hesabatını təqdim edib

Coğrafiya İnstitutu 2020-ci il üçün illik hesabatını təqdim edib

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Yer Elmləri Bölməsi (YEB) ilə birgə onlayn hesabat yığıncağı keçirilib.

Tədbirdə YEB-in Elmi şurasının sədr müavini, akademik Fəxrəddin Qədirov, akademiklər - Akif Əlizadə, Vasif Babazadə, Əkbər Feyzullayev, AMEA-nın müxbir üzvləri - Qurban Yetirmişli, Dadaş Hüseynov, Qalib Əfəndiyev, Qərib Cəlalov, Bağır Süleymanov, institutun əməkdaşları və digər şəxslər iştirak ediblər.

İclası akademik F.Qədirov açaraq gündəlikdə duran məsələləri iştirakçıların diqqətinə çatdırıb. O, daha sonra sözü Coğrafiya İnstitutunun 2020-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətini təqdim etmək üçün müəssisənin direktoru, akademik Ramiz Məmmədova verib.

R.Məmmədov çıxışında Azərbaycan Respublikası Prezidentinin, Nazirlər Kabinetinin müvafiq fərman, qərar və sərəncamları, eləcə də Dövlət proqramlarının icrası ilə əlaqədar görülən işlər barədə məlumat verib, Dövlət proqramlarının həyata keçirilməsində Coğrafiya İnstitutunun əməkdaşlarının yaxından iştirak etdiklərini diqqətə çardırıb.

Bildirib ki, 2020-ci ildə əməkdaşlar öz elmi fəaliyyətlərini 2 problem - Azərbaycan təbiətinin inkişaf qanunauyğunluqlarının, təbii ehtiyatların və onların ekocoğrafi xüsusiyyətlərinin tədqiqi, istehsalın, sosial infrastrukturun və əhalinin ərazi təşkilinin iqtisadi-coğrafi və siyasi problemləri, eləcə də Xəzər dənizi ekosisteminin kompleks tədqiqi əsasında aparıblar. Elmi-tədqiqat planına uyğun olaraq 17 mövzu, 18 iş və 21 mərhələdən cari ilin sonunda 8 mövzu,12 iş və 21 mərhələ yerinə yetirilib.

Akademik nəşr fəaliyyəti, elmlə təhsilin inteqrasiyası, kadr hazırlığı, elektron elmin vəziyyəti, qrant layihələrinin yerinə yetirilməsi, institutun veb-saytının elmin təbliği istiqamətindəki fəaliyyəti və s. haqda ətraflı məlumat verib. Qeyd edib ki, bütün türk dünyası ölkələrində ilk dəfə çap olunan fundamental “Türk dünyasının coğrafiyası və etnosu” əsərinin Azərbaycan dilində II, rus dilində I cildi daxil olmaqla, 10 monoqrafiya, “Coğrafiya və təbii resurslar” adlı  jurnalın 2 sayı, 1 dərs vəsaiti, 33-ü xaricdə olmaqla, 69 elmi məqalə (7-si yüksək indeksli jurnallarda) dərc edilib.

Yüksək ixtisaslı elmi kadrların hazırlanması məsələsinə toxunan direktor hesabat dövründə 1 nəfərin coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi, bir nəfərin dosent adı aldığını, 9 nəfərin doktorantura, 1 nəfərin isə dissertanturaya qəbul edildiyini, hazırda institutda 10 nəfərin elmlər doktoru, 22 nəfərin isə fəlsəfə doktoru hazırlığı üzrə əyani dissertanturada təhsil aldığını söyləyib.

R.Məmmədov Beynəlxalq əlaqələr istiqamətində görülən işlərdən də söz açaraq rəhbəri olduğu institutun hazırda Almaniyanın, İranın, Moldovanın elmi tədqiqat və ali məktəbləri arasında yaranmış işgüzar əməkdaşlıq əlaqələrindən danışıb. Qeyd edib ki, AMEA Rəyasət Heyətinin sərəncamına əsasən bir əməkdaş elmi tədqiqat işi aparmaq üçün Avstriyanın Montan Universitetinə ezam edilib.

Plandan əlavə görülən işlər sırasında alim Kür çayında yaranmış vəziyyəti araşdırmaq məqsədilə əraziyə ezam edilmiş ekspedisiyanın işini və gəldiyi nəticələri açıqlayıb. Kürdə şirin su ekosistemləri dinamikasının təhlili göstərib ki, əhalinin şirin su ilə təminatının çətinləşməsi Azərbaycanın bir sıra şirin su ekosistemlərində insanların elmi əsaslara söykənməyən təsərrüfat fəaliyyəti və iqlim dəyişmələrinin təsiri ilə ekoloji tarazlıq pozulmasının nəticəsidir. Yaranan gərgin ekoloji vəziyyəti ictimailəşdirmək və bu barədə əhalidə bilgi yaratmaq məqsədilə əməkdaşlar  KİV-lərdə, eləcə də televiziya vasitəsilə bu mövzuda 15-dən artıq çıxış və  müsahibələrlə məsələyə aydınlıq gətiriblər.

Kütləvi informasi vasitələri ilə əlaqələrdən danışarkən akademik qeyd edib ki, coğrafiya həyatın əksər sahələrini əhatə etdiyindən ölkədə baş verən iqtisadi, siyasi, sosioloji, ekoloji proseslərə, tez-tez və ya nadir hallarda baş verən təbiət hadisələrinə mediada aydınlıq gətirilməsi Coğrafiya İnstitutunun əməkdaşları tərəfindən artıq ənənə halını alıb. Belə ki, hesabat ilində alimlər təkcə işğaldan azad edilmiş ərazilərimizin təbii şəraiti, coğrafi resursları, sosial-iqtisadi vəziyyəti, yenidənqurma, bərpa işləri haqqında KİV-lərdə, ümumilikdə, 20-dən artıq  məqalə, çıxış və müsahibə ilə iştirak ediblər.  

Məruzəçi institutda aparılan bir neçə elmi tədqiqat işinin mühüm nəticələrini  də diqqətə çatdırıb. AMEA-nın müxbir üzvü Rauf Qardaşov ilk dəfə Günəş panellərinin gündəlik optimal istiqamətini təyin etməyə imkan verən analitik metod işləyib, alqoritm və proqram paketi hazırlanıb. Bu metodun mürəkkəb topoqrafiyaya malik və təmiz enerji istifadəsinin xüsusi önəm kəsb etdiyi yüksək turizm potensialına malik dağlıq ərazilərdə tətbiqi əldə edilən günəş enerjisinin miqdarını 7-10 % artırmağa imkan verir.

Akademik diqqətə çatdırıb ki, Coğrafiya İnstitutunun tədqiqat obyekti olan Xəzər dənizinin problemləri arasında səviyyəsinin dəyişkənliyi əsas yer tutur. Belə ki, bu dəyişkənlik sahil ölkələrin sosial-iqtisadi vəziyyətinə çox güclü təsir edir və ərazinin dayanıqlı inkişafı, eləcə də əhalinin keyfiyyətli həyatının təmini üçün vacib şərtdir. Bu baxımdan müəssisənin problemə dair apardığı tədqiqatlar mühüm əhəmiyyətə malikdir.

Alim, həmçinin institutda Azərbaycanın kənd təsərrüfatının və heyvandarlığın dayanıqlı və perspektiv inkişafı ilə əlaqədar aparılan tədqiqatların da əhəmiyyətini diqqətə çatdırıb, heyvandarlığın ərazi təşkilinin həm ümumi, həm də hər bir sahənin ayrılıqda tərtib edilmiş müvafiq xəritəsinin, sxem və diaqramların kənd təsərrüfatı sahələrində tətbiq edilməsi üçün böyük əhəmiyyət daşıdığını bildirib.

Hesabat ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb. Çıxış edənlər institutun fəaliyyətini və əldə olunan nəticələri uğurlu hesab ediblər.

Sonda akademik Fəxrəddin Qədirov çıxış edərək Coğrafiya İnstitutunun 2020-ci ildəki fəaliyyətinin uğurlu olduğunu qeyd edib və müəssisənin illik hesabatını yüksək qiymətləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: