Azerbaijan National Academy of Sciences

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  IMPORTANT EVENTS

Qarabağda tarixi qoruqlar yaradılmalıdır
25.01.2021 10:52
  • A-
  • A
  • A+

Qarabağda tarixi qoruqlar yaradılmalıdır

Vətən müharibəsində şanlı qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə başlanılıb. Erməni vandallarının uzun illər ərzində işğal etdikləri Qarabağda və ətraf rayonlarda törətdikləri dağıntıların nəticələrinin aradan qaldırılması, bölgədə insan həyatının hərtərəfli bərpa edilməsi üçün hələ uzun müddət əsaslı işlər aparılmalıdır. Bunun üçün Azərbaycan xalqının və dövlətinin möhkəm iradəsi, lazımi maddi imkanları, ən əsası isə tarixi torpaqlarımıza tükənməz vətən sevgisi vardır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müharibənin başa çatmasından dərhal sonra imzaladığı Sərəncamlar və göstərişləri əsasında işğaldan azad edilmiş ərazilərdə başlanmış böyük dirçəliş, tikinti - quruculuq işləri uğurla davam etdirilir. Tədricən bu işlər Qarabağın indi ermənilər yaşayan ərazilərini də əhatə edəcək və həmin rayonlarda da əsil insan həyatının bərpası üçün lazımi tədbirlərin görüləcəyi şübhəsizdir.

Azad edilmiş ərazilərdə dirçəliş işlərinin mühüm bir istiqamətini də tarixi abidlərlə bağlı fəaliyyət təşkil edəcəkdir. Ermənilər tərəfindən dağıntılara məruz qalmış tarixi-memarlıq komplekslərinin bərpa və konservasiyası, bölgədəki bütün abidələrin aşkar edilərək qeydiyyata alınması üçün arxeoloji axtarış işlərinin aparılması qarşıda duran əsas vəzifələrdəndir. Bütün bu fəaliyyətin məqsədi bir neçə mərhələdən ibarətdir: 1. Abidələrin mühafizəsi; 2. Abidələrin tədqiqatları; 3. Abidələrin turizm məqsədi ilə istifadəsi. Bu işlərin uğurla həyata keçirilməsi üçün müvafiq qurumların birgə fəaliyyətinin koordinasiya edilməsi vacibdir. Belə ki, Azərbaycan Milli Elmlər Akademiyası abidələrin axtarış, qeydiyyat və tədqiqat işlərini, Mədəniyyət Nazirliyi onların qorunması və idarə edilməsi, Dövlət Turizm Agentliyi isə turizm məqsədi ilə istifadəsini təşkil etməlidirlər. Məhz bu qurumların sıx əməkdaşlığı abidələrimizin regional və beynəlxalq miqyasda tanınması, təbliğ edilməsi, Qarabağın qədim və orta əsrlər dövrü tarixinin tədqiqatları işinə böyük töhfə verəcəkdir.

Qarşıdakı bu fəaliyyətdə icra ediləcək mühüm işlərdən biri Qarabağ və ətraf rayonlarda tarixi qoruqların yaradılmasıdır. Bu bölgədə hələ 1988-ci ildə “Şuşa tarix-memarlıq qoruğu” təşkil edilib. Lakin həmin dövrdən başlanan, Qarabağın Azərbaycandan qoparılmasına yönələn separatizm hərəkatı və sonra bölgənin Ermənistan tərəfindən işğalı tarixi abidələrlə, eyni zamanda Şuşa qoruğu ilə bağlı fəaliyyəti də dayandırıb. Halbuki bu bölgədə həmin illərə qədər yüzlərlə arxeoloji və memarlıq abidələri məlum idi və onların bir qismində elmi tədqiqat işləri aparılmışdır. Bundan sonra bu ərazilərdə aparılacaq araşdırmalar nəticəsində bu vaxta qədər elmə məlum olmayan çoxsaylı abidələrin aşkar ediləcəyi şübhəsizdir.

Əlbəttə, bütün tarixi abidələrin eyni səviyyədə mühafizəsi vacibdir və bu məsələ qanunvericilikdə də öz əksini tapıb. Lakin daha böyük elmi, tarixi əhəmiyyət kəsb edən abidəyə və ya abidələr qrupuna qoruq statusunun verilməsi onların yerləşdiyi ərazilərdə böyük tikinti işlərinin qadağan edilməsini və yaxud xüsusi nəzarətlə qismən aparılmasını, memarlıq abidələrinin, aparılmış arxeoloji qazıntı işlərinin nəticələrinin imkan daxilində konservasiya edilərək turizm məqsədi ilə istifadəsini və s. idarəçilik işlərini nəzərdə tutur.

Şübhəsiz, Qarabağ və ətraf ərazilərdə aparılacaq elmi tədqiqat işləri nəticəsində bölgədə tarixi qoruqların təşkili üçün potensial sahələr müəyyən ediləcəkdir. Amma indiki zamanda bu bölgədə bir sıra ərazilərdə kompakt yerləşən abidələri tarixi qoruqlarda birləşdirmək mümkündür. Bu baxımdan ilk növbədə Xocavənd və Füzuli rayonlarının ərazisində axan Quruçay və Köndələnçay çaylarının hövzələrindəki abidələri qeyd etmək olar. Bu çayların arasındakı dağlıq, dağətəyi və düzən ərazidə Azıx və Tağlar mağaralarındakı ibtidai insan düşərgələri (Xocavənd rayonu), Neolit, Xalkolit və Tunc dövrlərinə aid Günəştəpə, Qaraköpəktəpə, Kültəpə, Xantəpə, Uzuntəpə, Meynətəpə (Füzuli rayonu) və s. arxeoloji abidələr məlumdur. Lokal bir ərazidə yerləşən bütün bu abidələr Azərbaycanın qədim tarixinin müxtəlif dövrlərini özündə yaşadır. Adları göstərilən Neolit-Tunc dövrü yaşayış yerləri bu bölgədə bir neçə min ili əhatə edən tarixi dövrlər arasında varislik məsələlərinin öyrənilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Bütün bu amillər Quruçay və Köndələnçay vadisi abidələrinin tarixi qoruq elan edilməsinin vacibliyini şərtləndirir. Bu abidələrdən aşkar edilmiş tapıntıların qorunması və turistlərə nümayiş etdirilməsi üçün Füzuli şəhərində muzeyin yaradılması da məqsədəuyğundur.

Tarixi qoruq yaradılması üçün digər abidələr qrupu olaraq Kəlbəcər rayonu ərazisindəki Tunc dövrünə aid qayaüstü təsvirlər nəzərdə tutula bilər. Dəlidağın yamaclarında ötən əsrin 70-ci illərində aşkar edilmiş bu təsvirlərin sayı minlərlədir. Azərbaycan xalqının qədim əcdadlarına məxsus bu abidələr məlum səbəblərdən ətraflı tədqiq edilməmişdir. Onların yayılma arealının dəqiqləşdirilməsi, qeydiyyata alınması, tədqiq edilməsi üçün arxeoloji ekspedisiyanın təşkil edilməsi əsas vəzifələrdən biridir.

Ümumiyyətlə yaxın gələcəkdə Qarabağ bölgəsində Tərtərçay, Qarqarçay, Həkəriçay və digər çayların hövzələrində yığcam halda yerləşən abidələrin qoruqlar halında birləşdirilməsi perspektivləri öyrənilməlidir. Eyni zamanda bəzi qədim şəhər qalıqları, alban xristian dini-memarlıq abidələri tarixi qoruqlara çevrilə bilər.

Bölgədə artıq başlanmış və bundan sonra daha da genişlənəcək tikinti-quruculuq və təsərrüfat işləri yerləri yalnız mütəxəssislər tərəfindən müəyyən edilə bilən arxeoloji abidələrin vəziyyətinə mənfi təsir göstərə bilər. Buna görə də bütövlükdə işğaldan azad edilmiş bölgədə aparılacaq araşdırmalar nəticəsində abidələrin mühafizəsi, müəyyən ərazilərdə tarixi qoruqların yaradılması üçün AMEA və Mədəniyyət Nazirliyi birgə layihələr hazırlayaraq dövlət rəhbərliyinə təqdim etməlidirlər.

Nəcəf MÜSEYİBLİ, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru, professor

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: