Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev Rusiya Elmlər Akademiyası prezidentinin müşaviri, hüquq elmləri doktoru, professor Rəşad Qurbanovla görüşüb.
Akademik Ramiz Mehdiyev dövlətimizin elm siyasətini həyata keçirən bir qurum olaraq AMEA-nın beynəlxalq əlaqələrindən söz açıb, Rusiya Elmlər Akademiyası ilə sıx elmi əməkdaşlıq münasibətlərinin ənənələrindən və perspektivlərindən danışıb. Müstəqillik illərində bu əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb. AMEA-da birgə elmi tədbirlərin keçirilməsinin əhəmiyyətinə toxunan akademiya rəhbəri bir sıra elmi konfransların təşkil edilməsinin vacibliyini diqqətə çatdırıb.
AMEA rəhbərliyinə Rusiya EA-nın prezidenti, akademik Aleksandr Sergeyevin salamlarını çatdıran professor Rəşad Qurbanov səmimi görüşə görə minnətdarlığını ifadə edib. O, son illərdə Rusiya Elmlər Akademiyasında aparılan elmi-tədqiqiat işlərindən, qurumun beynəlxalq əlaqələrindən ətraflı söhbət açıb. Rusiya Elmlər Akademiyasının AMEA ilə əməkdaşlığa böyük önəm verdiyini xüsusi vurğulayan qonaq birgə elmi tədbirlərin keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Görüşdə qarşılıqlı elmi əməkdaşlıq sahəsində bir sıra məsələlər müzakirə edilib, “Sərhədsiz elm: Xəzər perspektivi” mövzusunda beynəlxalq forumun keçirilməsi haqqında söhbət aparılıb. Tərəflər arasında əldə edilmiş razılığa əsasən, bu ilin payızında keçirilməsi nəzərdə tutulan beynəlxalq forum çərçivəsində 5 Xəzəryanı dövlətin elmi qurumlarının birgə iştirak edəcəyi Xəzər Tədqiqatları Mərkəzinin yaradılmasının əhəmiyyətindən danışılıb. Belə bir mərkəzin yaradılması Xəzəryanı dövlətlərin elmi əməkdaşlığına daha bir töhfə olacağı qeyd edilib.
Görüşdə AMEA Rəyasət Heyətinin üzvləri, akademiklər - Dilqəm Tağıyev, İsa Həbibbəyli, İbrahim Quliyev, Adil Qəribov, AMEA prezidenti Katibliyinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Əmirov və Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva da iştirak ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.