Azerbaijan National Academy of Sciences

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  PUBLICATIONS

05.02.2021 17:02
  • A-
  • A
  • A+

Lütfi Zadənin 100 illiyinə həsr olunan xüsusi buraxılışlar çap ediləcək

Lütfi Zadənin 100 illiyinə həsr olunan xüsusi buraxılışlar çap ediləcək

Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda nəşr olunan "Applied and Computational Mathematics" beynəlxalq jurnalında Lütfi Zadənin 100 illiyinə həsr olunan “Fuzzy logic and its application to modeling epidemies: Coronavirus and beyond” mövzusunda xüsusi buraxılış çap ediləcək.

Jurnalın xüsusi buraxılışı ölkə başçısının "Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında" 25 yanvar 2021-ci il tarixli Sərəncamı çərçivəsində baş tutacaq.

Çap olunacaq məqalələr Lütfi Zadə nəzəriyyəsinin COVID-19-a tətbiqi ilə bağlıdir. Sözügedən buraxılış qeyri-səlis yanaşmanın köməyi ilə yoluxucu xəstəliklərin, xüsusən də yeni koronavirusun (COVID-19) yayılma dinamikasının modelləşdirilməsi, proqnozlaşdırılması kimi məsələlərə həsr olunub. Bu buraxılışda Türkiyə, Meksika, Kanada, Çin, Hindistan, İran və s. ölkələrdən dünyanın tanınmış alimlərinin koronavirusla bağlı yeni elmi nəticələri yer alıb.

Qeyd edək ki, "Applied and Computational Mathematics" jurnalının 2011-ci ildə Lütfi Zadənin 90 illik yubileyinə  həsr olunan  “Fuzzy Set Theory and Applications” adlı xüsusi buraxılışı işıq üzü görüb.

Həmçinin Tətbiqi Riyaziyyat ETİ-də nəşr olunan Türk Dünyası Riyaziyyat Cəmiyyətinin mətbu orqanı olan "TWMS Journal of Pure and Applied Mathematics" beynəlxalq jurnalında da Lütfi Zadənin 100 illiyinə həsr edilən “Fuzzy sets in dealing with imprecision and uncertainty: Past and future“ mövzusunda xüsusi buraxılış çap olunacaq. Bu xüsusi buraxılışda da dünyanın nüfuzlu alimlərinin Lütfi Zadə nəzəriyyəsinin tətbiqi ilə bağlı məqalələri yer alıb.

Nəzərdə tutulan xüsusi buraxılışlar beynəlxalq səviyyədə Azərbaycan elminin dünya elminə inteqrasiyasıdır və onun böyük uğurudur.

Xüsusi buraxılışların mündəricatları artıq  "IEEE Control Systems Society - E-Letter"da yerləşdirilib.

Qeyd edək ki, ölkəmizdə yeganə impakt faktorlu jurnal olan “Applied and Computational Mathematics” Nəqliyyat, Rabitə və Yüksək Texnоlogiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun həmtəsisçiliyi ilə nəşr edilir.

Sözügedən jurnalların baş redaktorları akademik Əli Abbasov, akademik Fikrət Əliyev və professor Vladimir Larindir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: