Azerbaijan National Academy of Sciences

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  IMPORTANT EVENTS

18.02.2021 17:28
  • A-
  • A
  • A+

Azərbaycanda “Riyazi biologiya, bioinformatika” ixtisası üzrə ilk dissertasiya işinin müzakirəsi keçirilib

Azərbaycanda “Riyazi biologiya, bioinformatika” ixtisası üzrə ilk dissertasiya işinin müzakirəsi keçirilib

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda (MBBİ) Hesablama struktur biologiyası beynəlxalq laboratoriyasının böyük elmi işçisi Rəfiqə Məsməliyevanın 2424.01 – “Riyazi biologiya, bioinformatika” ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Atom yerdəyişmə parametrlərinin  statistik analizi və validasiyası” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib.

Dissertasiya işi müəssisənin Hesablama struktur biologiyası beynəlxalq laboratoriyasının müdiri, Böyük Britaniya Kembric şəhərinin Tibbi Araşdırmalar Mərkəzinin professoru Qərib Mürşüdovun rəhbərliyi altında yerinə yetirilib.

Onlayn keçirilən müzakirədə institutun elmi əməkdaşları ilə yanaşı, ABŞ-ın Birləşmiş Genom İnstitutu, Türkiyənin Akdeniz Universiteti, Rusiya Elmlər Akademiyasının Biologiyanın Fundamental Problemləri İnstitutu, AMEA-nın Genetik Ehtiyatlar, Botanika və Fiziologiya institutlarının və Bakı Dövlət Universitetinin alimləri iştirak edib.

Gənc tədqiqatçı dəfələrlə xarici konfranslarda şifahi məruzələrlə çıxış edib, əldə etdiyi elmi nəticələri yüksək impakt faktorlu jurnallarda nəşr etdirib. Dissertasiya işində ilk dəfə olaraq AYP paylanmasının statistik modeli validasiya üçün istifadə edilib, STQP-na ehtimalın maksimallaşdırılması alqoritmi tətbiq olunub, atomlara və liqandlara “Lokal analiz” adlandırılan metod tətbiq etməklə validasiya strategiyası hazırlanıb. Tədqiqat işinin əsas nəticəsi olan ToBvalid proqram təminatı zülal quruluşlarının ZVB-ə yerləşdirilməmişdən əvvəl istifadəçilər tərəfindən validasiya metodu kimi istifadə etməyə imkan verir. ToBvalid proqram təminatı açıq lisenziya ilə istifadəçilərin ixtiyarına verilib.

Dissertasiya işi ətrafında geniş müzakirələr aparılıb. İlkin rəyçilər, AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Əhməd Hacıyev və ABŞ-ın Birləşmiş Genom İnstitutunun əməkdaşı, dünyada bioinformatika sahəsində tanınmış alim Asəf Salamov dissertasiya işinin yüksək səviyyədə yerinə yetirildiyini və beynəlxalq tələblərə cavab verdiyini qeyd ediblər.

Sonra AMEA-nın vitse-prezidenti, MBBİ-nin direktoru, akademik İradə Hüseynova, müxbir üzvlər - Novruz Quliyev, İlham Şahmuradov, Tərlan Məmmədov, Xəlil Qasımov, biologiya elmləri doktorları, professorlar - Səftər Süleymanov, İradə Əliyeva, fizika-riyaziyyat elmləri doktoru, professor Rövşən Xəlilov, Elimxan Cəfərov, biologiya üzrə fəlsəfə doktorları - Ələmdar Məmmədov, Vaqif Əmikişiyev, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elman Yusifov dissertanta təklif və rəylərini bildiriblər.

Sonda R.Məsməliyevanın dissertasiya işinin açıq müzakirəyə çıxarılması məqsədilə 2424.01 – “Riyazi biologiya, bioinformatika” ixtisası üzrə birdəfəlik Elmi şuranın təşkil olunmasına icazə verilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına müraciət olunması barədə qərar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: