Azerbaijan National Academy of Sciences

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  PUBLICATIONS

25.02.2021 14:55
  • A-
  • A
  • A+

Akademik İsa Həbibbəylinin məqaləsi Gürcüstanda çap olunub

Akademik İsa Həbibbəylinin məqaləsi Gürcüstanda çap olunub

Gürcüstanın nüfuzlu “Sakartvelos Respublika” qəzetində Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” adlı məqaləsi dərc olunub.

Məqalədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 yanvar tarixli Sərəncamına əsasən 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edildiyi diqqətə çatdırılıb. Bildirilib ki, bu Sərəncam dünya ictimaiyyətini Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi irsi ilə yaxından tanış etmək, humanizm, ədalət, sülh, bərabərlik, qarşılıqlı hörmət və digər böyük idealları beynəlxalq miqyasda təbliğ etmək işini daha da genişləndirməyə xidmət edir.

Müəllif yazır ki, Nizami Gəncəvi dünya ədəbiyyatının ən görkəmli klassikləri arasında fəxri yerə layiqdir. Şərq poeziyasının rəmzinə çevrilən Azərbaycan şairinin güclü ədəbi istedadı bir örnəkdir. Nizami Gəncəvi Dante, Servantes, Şekspir, Məhəmməd Füzuli, Balzak, Viktor Hüqo kimi böyük şair və yazıçılar kimi mənsub olduğu xalqın qüruru olmaqla yanaşı, bütün bəşəriyyətin qlobal mədəni irsinin zirvəsinə yüksəlib.

Bildirilir ki, Nizaminin əsərləri, həmçinin Azərbaycan ədəbiyyatında didaktik poeziya janrının dəyərli nümunəsidir. Bir neçə əsr ərzində bu müdrik təlimlər təkcə Azərbaycanda deyil, həm də dünyada gənc nəslin tərbiyəsində və formalaşmasında çox böyük rol oynayıb.

Məqalədə Nizami Gəncəvinin yaratdığı “Xəmsə”nin əhəmiyyəti xüsusi qeyd olunur və bu beş əsərin Şərq ədəbiyyatında və türk-müsəlman dünyasında yeni bir ənənənin başlanğıcı olduğu vurğulanır.

Müəllif məqalədə Nizami Gəncəvinin yaradıcılığında lirikanın xüsusi yer tutduğunu qeyd edir, böyük filosofun əsərlərini təhlil edir, onun yaradıcılığının dünya ədəbi irsi ilə yanaşı, dünya fəlsəfi tarixində də mühüm rol oynadığı diqqətə çatdırılır.

"AzərTac"

  • Share: