Azerbaijan National Academy of Science

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  INTERVIEWS

Zehniyyətimizi zənginləşdirən məbəd
19.03.2021 13:30
  • A-
  • A
  • A+

Zehniyyətimizi zənginləşdirən məbəd

Tanınmış çex yazıçısı, dramaturqu və tərcüməçisi Karel Çapekin hələ XX əsrin əvvəllərində qeyd etdiyi kimi “böyük keçmişi olan hər bir şeyin olduğu kimi, teatrın da böyük gələcəyi var”. Bəşəriyyət yaranandan insanlar dil ünsiyyətindən əvvəl hərəkət “ünsiyyəti” qurub, habelə hərəkət “oyunları” təşkil ediblər.

Tədqiqatçılar bildirir ki, ilk teatr tamaşası haqqında qeydlər e.ə. 2500-ci (digər mənbələrdə e.ə. 1887-ci) ilə gedib çıxır. İlk teatr səhnələri Misirdə oynanılıb və Misir mifologiyasının obrazlarını özündə ehtiva edib. Sonralar Qədim Yunanıstanda teatr incəsənətin bir növü kimi formalaşmağa başlayıb, bu vaxt tragediya, komediya və digər janrların xüsusiyyətləri müəyyən edilib. Qədim Yunanıstanda qurulan teatr tamaşalarında da mifoloji obrazlardan geniş istifadə olunub.

Peşəkar teatrın ərsəyə gəlməsindən əsrlər öncə Azərbaycan ərazisində də çoxsaylı kütləvi xalq tamaşaları yaranıb, onlardan bəziləri bu günümüzə qədər gəlib çıxıb: qodu-qodu, yuğ, sayaçı, qaravəlli, məzhəkə, məsxərə, tənbəki və s. Bu oyun-tamaşaların müxtəlif obraz, qəhrəman və oyunçuları var: Kosa, Keçəl, keçi, təlxək, meyxanaçı və b.

Teatrşünas alimlər oyun-tamaşaları hazırlayan və ya oynanılan günlər bu tədbirlərə rəhbərlik edən şəxslərin fəaliyyətini müasir teatr rejissorlarının işi ilə müqayisə edir və tamaşaların növündən asılı olaraq bu “rejissorların” el arasında müxtəlif adlarla məşhur olduqlarını qeyd edirlər. Məsələn, aynaz, kosabaşı, meydan qarababası, hodaq, şəbihgərdan və s. Həmçinin oyun-tamaşaların göstərildiyi yerlərin də özünəməxsus adları məlumdur: mərəkə, səhnəcə, çavıstan, nümayişgah və s.

Milli peşəkar teatrın doğum günü isə 1873-cü il martın 10-da görkəmli maarifçi Həsən bəy Zərdabinin rəhbərliyi ilə Bakı realnı məktəbinin şagirdləri tərəfindən Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” əsərinin səhnəyə qoyulduğu gün hesab edilir.

Görkəmli teatrşünas alim İlham Rəhimli “Azərbaycan teatr tarixi” əsərində yazır: “Tiflisdə çıxan “Kavkaz” qəzeti 1873-cü il 25 mart sayında ilk milli teatr tamaşası barədə ətraflı məlumat verib. Qəzet yazıb ki, teatr tamaşası hazırlamaqda məqsəd o olub ki, müsəlman əhlinə zövq verilsin. Həm də yığılan pul xeyriyyə məqsədinə sərf olunsun. Tamaşadan 150 rubl pul yığılıb. Maraqlıdır ki, teatr tamaşalarından yığılan pulun xeyriyyəyə sərf olunması, kasıb şagirdlərə məsrəf edilməsi həmin vaxtdan ənənə şəklini alıb”.

Keçdiyi inkişaf dövrü ərzində Azərbaycan teatrı parlaq simalarla yadda qalıb. Həm müəllif – M.F.Axundzadə, N.Vəzirov, C.Məmmədquluzadə, Ə.Haqverdiyev, N.Nərimanov, Ü.Hacıbəyli, C.Cabbarlı, H.Cavid, M.S.Ordubadi, Ə.Məmmədxanlı, S.Rəhman, İ.Əfəndiyev, B.Vahabzadə, Anar, həm rejissor – A.Şərifzadə, A.Tuqanov, S.Ruhulla, Ə.Ağayev, A.İsgəndərov, Ə.Ələkbərov, Ə.Şərifov, M.Məmmədov, T.Kazımov, Ş.Bədəlbəyli, C.Səlimova, A.Kazımov, H.Atakişiyev, V.İbrahimoğlu, A.P.Nemət, həm bəstəkar – S.Rüstəmov, S.Ələsgərov, T.Bakıxanov, A.Məlikov, Ş.Axundova, O.Kazımov, C.Quliyev, E.Sabitoğlu, S.Kərimi, həm də aktyor baxımından – C.Zeynalov, H.Ərəblinski, R.Təhmasib, M.Kazımovski, Ə.Ağdamski, R.Darablı, Ə.Məmmədova, İ.Hidayətzadə, Bülbül, A.Gəraybəyli, H.Sarabski, R.Əfqanlı, M.Sənani, S.Hacıyeva, M.Əliyev, M.Davudova, H.Rzayeva, İ.Dağıstanlı, A.Qurbanov, Ə.Ağayev, B.Şəkinskaya, M.Şeyxzamanov, M.Sadıqova, L.Bədirbəyli, N.Məlikova, M.Dadaşov, M.Kələntərli, H.Qurbanova, L.Abdullayev, N.Zeynalova, B.Səfəroğlu, S.Aslan, H.Bağırov, S.İbrahimova, H.Xanızadə, Ş.Məmmədova, S.Rzayev, Q.Almaszadə, M.Maqomayev, Ə.Qədirov, H.Turabov, H.Məmmədov, A.Pənahova, F.Poladov, Y.Nuri, N.Mehdixanlı, Ə.Yusifqızı və sadalamadığımız onlarla istedadlı müəllif, rejissor, bəstəkar, rəssam və aktyorların adları milli teatrımızın inkişaf yolunu özündə əks etdirir.

Azərbaycanda müxtəlif yönümlü teatrlar fəaliyyət göstərir: dram, musiqili komediya, opera və balet, uşaq, kukla teatrları və s. Bugünkü Milli Dram Teatrının təməli milli peşəkar səhnə sənətimizin yaranması ilə bir gündə qoyulub (1873). Hazırda həm paytaxt Bakıda, həm də ölkəmizin müxtəlif bölgələrində peşəkar teatrlar fəaliyyət göstərir.

Beləliklə, mart ayı Azərbaycan teatr aləmi üçün ikiqat bayram ayıdır. 10 mart Azərbaycan Milli Teatr Günü, 27 mart isə Ümumdünya Teatr Günü kimi qeyd olunur. Bu münasibətlə biz AMEA Memarlıq və İncəsənət İnstitutunun “Teatr, kino və televiziya” şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov ilə söhbət etdik.

Vidadi müəllim, zəhmət olmasa rəhbərlik etdiyiniz şöbənin fəaliyyəti haqqında qısaca məlumat verərdiniz.

- Şöbəmiz “Teatr və musiqi” şöbəsi adı ilə Memarlıq və İncəsənət İnstitutunun ilk şöbələrindən biri olub. Məlumdur ki, institutumuz AMEA-nın ilk elmi qurumlarından biridir. 1945-ci ildə böyük Azərbaycan bəstəkarı, akademik Üzeyir Hacıbəyli tərəfindən yaradılıb və ilk dövrlər Azərbaycan İncəsənət Tarixi İnstitutu adlanıb. Müxtəlif illərdə şöbəmizə bir sıra görkəmli alimlər rəhbərlik edib: Qubad Qasımov, Cəfər Cəfərov, Adilə Əliyeva, İnqilab Kərimov. O vaxtlar şöbədə əsasən milli teatrımızın tarixi araşdırılıb.

Hazırda isə şöbəmizin əsas fəaliyyət istiqamətini Azərbaycan səhnə (teatr, estrada, sirk) və ekran (kino, televiziya) sənətlərinin tarixi və nəzəri problemlərinin dünya incəsənəti kontekstində tədqiqi təşkil edir.

Şöbədə Azərbaycan milli teatrının yaranma və inkişaf tarixinə dair hansı tədqiqatlar aparılır?

- Qeyd etdiyim elmi istiqamətə dair şöbədə aktual mövzuları əhatə edən və əsasən müasir teatrın inkişafı və problemlərinə dair bir sıra tədqiqat işləri yerinə yetirilir. Məsələn, “Müstəqillik dövrünün ilk illərində Azərbaycan teatrında repertuar problemi (1990-2000)”, “XX əsrin sonunda Azərbaycan teatrında xarici dramaturgiyanın səhnə təcəssümü”, “Müasir Azərbaycan teatrında tarixi vətənpərvərlik mövzulu əsərlərin səhnə təcəssümü (2011-2020)”, “Müasir Azərbaycan teatrında janr və üslub axtarışları”.

Azərbaycan teatrında rejissor sənətinin üç nəhəng sütunu var: Adil İsgəndərov, Mehdi Məmmədov və Tofiq Kazımov. Adil İsgəndərov 1937-ci ildə teatra rəhbərlik etməyə başlayıb. Həmin dövrdən bu yana rejissor sənətinin inkişaf tarixi geniş araşdırılıb. Lakin ondan əvvəlki dövrə aid boşluq yarandığından hazırda şöbəmizdə olduqca aktual bir mövzu işlənilir: “Azərbaycanda rejissor sənətinin təşəkkül dövrü (1920-1937)”.

Alimlərimiz teatrşünaslıq elminin müxtəlif istiqamətlərinə dair tədqiqatlar da aparırlar. Məsələn, “Dünya mədəniyyəti kontekstində Azərbaycan teatrşünaslıq elminin fəaliyyət istiqamətləri (1960-2020)”, “Müstəqillik dövrü Azərbaycan teatrşünaslığının mövcudluq parametləri dünya mədəniyyəti müstəvisində”.

Sadaladığım mövzulardan göründüyü kimi, bir şöbə olaraq çalışmışıq ki, bu sahənin müxtəlif istiqamətlərini əhatə edək. Həmçinin qeyd etmək istəyirəm ki, şöbəmizdə sirk və kino sənətlərinə dair araşdırmalar da aparılır. Alimlərimiz “Azərbaycan milli sirk sənətinin janr mənzərəsi”, “Müasir sosial-mədəni mühitdə Azərbaycan kinosunun mövcudluq parametləri” mövzularını, doktorant və dissertantlarımız isə Azərbaycanda animasiya filmləri, sənədli filmlər, kinoda sosial mövzuları əhatə edən tədqiqat işləri üzərində çalışırlar.

Vidadi müəllim, bəs sizin elmi araşdırmalarınız hansı sahəni əhatə edir?

- Mən Azərbaycan teatrının janr xüsusiyyətlərinin, müasir teatr prosesinin və teatr sosiologiyasının öyrənilməsinə dair araşdırmalar aparmışam. Hazırda “Azərbaycan peşəkar teatrının yaranması tarixinə yeni baxış” mövzusunda tədqiqat işi üzərində çalışıram. Bununla əlaqədar Gürcüstan Milli Arxivinə müraciət edib bəzi sənədlərlə tanış olmuşam. Bu sənədlərə nəzər yetirərkən aydın olur ki, bizim bildiklərimiz dəryada bir damcıymış. Peşəkar teatrımızın əsasını 1873-cü ildən hesablayırıq, amma arxivdə saxlanılan sənədləri araşdırsaq, bu tarixin bəlkə də daha dərinə getdiyinin şahidi olarıq. Məlumdur ki, hələ XIX əsrin 40-50-ci illərində Şuşada, Şamaxıda, Lənkəranda teatr tamaşaları oynanılıb, teatr binaları mövcud olub. Göstərilən tamaşalar haqqında müxtəlif qəzetlərdə qeydlər var. Təəssüf ki, pandemiya ilə əlaqədar Gürcüstan Milli Arxivində işlərimiz yarımçıq qalıb. İmkan yaranan kimi, o quruma müraciət etməli, Azərbaycan milli teatrının inkişafına dair sənədlərlə tanış olmalıyıq.

Çox sağ olun, Vidadi müəllim. Sizə gələcək fəaliyyətinizdə uğurlar və yeni-yeni kəşflər arzulayıram.

Nəzmin CƏFƏROVA, sənətşünaslıq üzrə fəlsəfə doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: