Hər il aprelin 2-də görkəmli Danimarka uşaq yazıçısı Hans Xristian Andersenin ad günündə Beynəlxalq Uşaq Kitabı Günü qeyd olunur. Bu bayram 1967-ci ildə Beynəlxalq Uşaq və Gənclər üçün Kitablar Şurasının (International Board on Books for Young People, IBBY) təşəbbüsü və qərarı ilə təsis edilib.
Sözügedən şura 1953-cü ildə Sürixdə (İsveçrə) ədəbiyyat və kitab mədəniyyəti xadimlərinin beynəlxalq birliyi kimi yaradılıb. Şuranın yaradılmasında məqsəd uşaq kitabı üzərindən beynəlxalq aləmdə qarşılıqlı anlayışın inkişafına təkan vermək, yüksək ədəbi-bədii dəyərlərilə seçilən uşaq kitablarının nəşri və yayımını təşkil edərək dünyanın istənilən ölkəsində yaşayan uşaqlar üçün bu kitabları əlçatan etmək, uşaq ədəbiyyatı, uşaq mütaliəsi sahəsində tədqiqatları və pedaqoji fəaliyyəti stimullaşdırmaqdan ibarət olub. Beynəlxalq Uşaq və Gənclər üçün Kitablar Şurası dünyanın 60-dan çox ölkəsində yaradılan milli bölmələri, həmçinin onlarla fərdi və fəxri üzvləri bir araya gətirib. IBBY-ın Türkiyə, Rusiya, İran, Böyük Britaniya, Almaniya, ABŞ, Yunanıstan, Misir, Latviya, Litva, Moldova, Ukrayna, Norveç, İsveç və digər ölkələrdəki milli bölmələri yüzlərlə yazıçı, illüstrator, naşir, tərcüməçi, jurnalist, tənqidçi, müəllim, alim, kitabxanaçı və ictimai xadimi birləşdirir. 2012-ci ildən F.Köçərli adına Respublika Uşaq kitabxanası şuranın Azərbaycan üzrə milli bölməsidir. Şura qeyri-hökumət təşkilatı qismində UNESCO və UNİCEF-də rəsmi statusa malikdir, fəaliyyətini BMT-nin “Uşaq hüquqları haqqında” Beynəlxalq Konvensiyasına uyğun həyata keçirir.
Beynəlxalq Uşaq Kitabı Günü uşaqların mənəvi və intellektual inkişafında uşaq kitabının mühüm rolunu vurğulamaq, mütaliəyə sevgini təbliğ etmək və uşaq ədəbiyyatına diqqəti cəlb etmək məqsədilə təsis edilib. Bu uşaq bayramının yaradılmasının təşəbbüskarı alman yazıçısı Yella Lepman olub. Yəhudi əsilli yazıçı 1936-cı ildə faşist Almaniyasından İngiltərəyə köçüb, Hitler rejiminin süqutundan sonra isə vətənə qayıdaraq Münhendə dünyanın 20 ölkəsindən olan yazıçıların kitablarından ibarət sərgi təşkil edib. Bu addım Lepmanın nasizm və faşizmə cavabı olub. Çünki uşaqlara kitab verməklə onlara qanad bəxş etdiyimizi düşünən yazıçının fikrincə uşaq ədəbiyyatı nifrət hissinə qarşı güclü silah olmaqla onlarda digər mədəniyyətlərə, millətlərə qarşı hörmət hissi oyadır, müxtəlif xalqlar arasında oxşar cəhətlərin daha çox olduğunu nümayiş etdirir.
Qeyd etmək lazımdır ki, sözügedən sərginin kitabları 1949-cu ildə açılan Beynəlxalq Münhen uşaq kitabxanasının fondunun əsasını təşkil edir. Hazırda kolleksiyasında 80-dən çox dildə yazılan yüz minlərlə kitab qorunan kitabxana dünyanın ən iri uşaq ədəbiyyatı saxlancıdır.
Hər il IBBY-ın milli bölmələrindən biri Beynəlxalq Uşaq Kitabı Gününün sponsoru qismində çıxış edir. Bayramın mövzusu müəyyən edilir, planetin bütün uşaqlarına müraciət yazmaq üçün sahib ölkədən tanınmış yazıçı dəvət olunur. Həmçinin uşaq bayramının plakatını yaratmaq üçün görkəmli rəssam da dəvət edilir. Sonra bu materiallar dünyanın bütün ölkələrində kitabın təbliği və mütaliəyə marağın artırılması məqsədilə istifadə olunur.
İki ildən bir isə bayram günlərində Beynəlxalq Uşaq və Gənclər üçün Kitablar Şurasının konqresi keçirilir. Həmin gün ilin ən yaxşı rəssam-illüstrator və uşaq yazıçılarına görkəmli yazıçının profili əks olunan qızıl medal – Beynəlxalq H.X.Andersen mükafatı tədqim edilir, habelə ayrı-ayrı kitablara, illüstrasiyalara və tərcümələrə görə Fəxri diplomlar verilir. “Kiçik Nobel mükafatı” adlanan bu mükafat uşaq ədəbiyyatı üzrə ən mühüm və nüfuzlu mükafat sayılır. Müxtəlif illərdə sözügedən mükafata Astrid Lindqren (İsveç), Tuve Yanson (Finlandiya), Canni Rodari (İtaliya), Paula Foks (ABŞ), Mitio Mado (Yaponiya), Jaklin Vudson (ABŞ) və digər tanınmış uşaq yazıçıları, həmçinin Moris Sendak (ABŞ), Tatyana Mavrina (SSRİ), Entoni Braun (Böyük Britaniya), Roberto İnnoçenti (İtaliya), İqor Oleynikov (Rusiya), Albertina (İsveçrə) və digər rəssam-illüstratorlar layiq görülüb.
Beləliklə, aprelin 2-si uşaq kitabı sahəsində çalışan insanlar üçün əlamətdar gündür. Bununla əlaqədar biz AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Elnarə Akimova ilə söhbət etdik.
- Elnarə xanım, rəhbərlik etdiyiniz şöbə Ədəbiyyat İnstitutunda nisbətən yeni yaradılan şöbələrdəndir. Zəhmət olmasa, şöbənin fəaliyyəti haqqında qısaca məlumat verərdiniz.
- Şöbə AMEA-nın vitse-prezidenti, institutumuzun direktoru, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə 2018-ci ilin noyabrında yaradılıb. İsa müəllim yeni nəslin yetişdirilməsini qarşıya qoyulan əsas məqsədlərdən biri olduğunu daim səsləndirir. Ölkə başçısı İlham Əliyevin öz çıxışlarında dəfələrlə vurğuladığı kimi milli ruha sahib, təməlli, sağlam əqidəli, dürüst, layiqli, vətəninə və xalqına sədaqətli nəslin yetişdirilməsi dövlətimizin qarşısında duran prioritet məsələlərdəndir. Bu prosesdə uşaq ədəbiyyatı, musiqisi, folkloru, təsviri incəsənəti mühüm rol oynayır. Bu işin elmi müstəvidə öyrənilməsinə təkan verilməlidir. Müstəqillik dövrünün yeni tipli uşaq ədəbiyyatı yaranmalıdır.
Şöbə yaranana qədər Ədəbiyyat İnstitutunda uşaq ədəbiyyatının öyrənilməsi istiqamətində mühüm işlər görülüb. 2015-ci il yanvarın 28-də “Uşaq ədəbiyyatı: Ədəbi-tarixi ənənələri və müasir problemləri”nə həsr olunan müşavirənin keçirilməsi bu sahənin təbliği və problemlərinin gündəmə gətirilməsi istiqamətində dinamikliyin yaranmasına rəvac verib. Hər il keçirilən “Ədəbi proses” elmi yaradıcılıq müşavirəsində bu sahəyə dair silsilə məruzələr dinlənilir.
Uşaq ədəbiyyatı şöbəsinin yaradılması da həmin işlər çərçivəsində görülən tədbirlərdən biridir, bu sahədəki problemlərin həlli istiqamətində daha sistemli işlər görmək məramına hesablanmış addımdır. Etiraf edim ki, əvvəlcə şöbəyə rəhbərlik etmək işinə tərəddüd etmiş, sanki sıfırdan başlamaq kimi bir yükü çəkə bilməyin haqqını verə bilməmək məsuliyyəti məni gərginləşdirmişdi. Amma işin içinə girdikcə uşaq ədəbiyyatının əslində, məfkurəmizin başında dayanan bir sahə olduğunu hiss edərək belə əhəmiyyətli bir missiya ilə məşğul olmaq qənaəti məni ruhlandırdı. Hətta ilk yazımı belə adlandırdım: “Uşaq ədəbiyyatı – məfkurə qaynağımız”. Şöbə olaraq, gördüyümüz işlərə bu kontekstdən nəzər yetiririk. Məfkurəyə, milli ruha, milli ideala xidmət. Yəni, Azərbaycan uşaq ədəbiyyatında azərbaycançılıq məfkurəsi.
- Ötən dövr ərzində Uşaq ədəbiyyatı şöbəsində aparılan tədqiqat işləri əsasən hansı istiqamətləri əhatə edib? Əldə olunan nəticələr barədə məlumat verərdiniz.
- İki il ərzində gördüyümüz işlər sırasında bitmiş olanları da var, davamını gözləyənlər də. 2019-cu il oktyabrın 18-də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Uşaq və Gənclik Ədəbiyyatı Yazarlar Birliyi və digər qurumların birgə təşkilatçılığı ilə VI Beynəlxalq Uşaq və Gənclik Ədəbiyyatı Simpoziumunu keçirməyə müvəffəq olduq. Biz simpoziuma Türkiyə, Rusiya, Qazaxıstan, Şimali Makedoniya, Pakistan, Kipr və digər ölkələrdən qonaqları, alim, şair və yazıçı heyətini toplayaraq uşaq ədəbiyyatının ortaq problemlərini müzakirə etdik. Uşaq ədəbiyyatının ümumi dəyərlərinin, problemlərinin öyrənilməsi istiqamətində bu çox əhəmiyyətli addım idi.
Bundan başqa, şöbə olaraq, institutumuzda görkəmli insanların həyat və yaradıcılığından bəhs edən “Şəxsiyyətin pasportu” seriyasından “Uşaq ədəbiyyatında Xanımana Əlibəyli imzası” kitabını meydana qoyduq ki, burada şairənin şeirləri, poemaları, dramaturgiyasının təhlili ilə yanaşı, ömür yolunun bütün əhəmiyyətli çalarları ehtiva olunur. Təəssüf ki, hər sahədə olduğu kimi, pandemiya bir çox planlarımızı həyata keçirməyə imkan vermədi. Abdulla Şaiq adına Kukla Teatrında bu kitabın geniş təqdimatını nəzərdə tutmuşduq. Eyni zamanda teatr Xanımana Əlibəylinin “Dovşanın ad günü” tamaşasını məktəblilərin ifasında səhnələşdirmişdi. Ümid edirik, pandemiya məhdudiyyətləri aradan qalxdıqdan sonra hər iki məsələni gerçəkləşdirmək imkanımız olacaq.
Şöbəmiz hazırkı uşaq ədəbiyyatı nümunələrini mütəmadi izləyir, yeniliklərlə tanış olur. Bu sahəni hər zaman diqqətdə saxladığına görə “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turana xüsusi minnətdarlığımı bildirirəm. Həm uşaq ədəbiyyatı yazarlarının əsərlərini, həm də onlar haqqında yazılan elmi-nəzəri materialları daim çap edir. Ötən il 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar qəzetin bir sayını bütövlüklə uşaq ədəbiyyatına həsr etmişdi ki, burada əsas işi bizim şöbə gördü. Müsahibələr, reportajlar hazırladıq, təhlil yazıları ilə çıxış etdik və s. Redaksiyaya iki dəfə müxtəlif qonaqlar dəvət edib uşaq ədəbiyyatının problemlərini “Müzakirə saatı”na çıxardıq. Ölkənin bir nömrəli ədəbiyyat qəzetində bizə verilən bu imkanı yüksək dəyərləndiririk.
F.Köçərli adına Respublika Uşaq kitabxanası, Azərbaycan Yazıçılar Birliyinin Uşaq ədəbiyyatı bölməsi, müxtəlif nəşriyyatlar şöbə ilə daim əlaqədədirlər. Yazarlarımız yeni yazdıqları nümunələri təqdim edirlər, çapa getmədən öncə mətnlərin bədii-estetik səviyyəsi barədə müzakirələrimiz olur.
- Hazırda şöbədə hansı sahələrdə elmi-tədqiqat işləri həyata keçirilir?
- Hazırda “Şəxsiyyətin pasportu” seriyasından görkəmli uşaq yazarı Tofiq Mahmudun həyat və yaradıcılığı üzərində çalışırıq. Amma qarşımızda duran ən mühüm məsələ “Uşaq ədəbiyyatı tarixi”ni yazıb ərsəyə gətirməkdir. Şöbə yenidir, bu bir ildə uşaq ədəbiyyatının tarixini, immanent inkişaf qanunauyğunluğunu, tarixi və müasirliyini dərk etmək baxımından həm meydanda olan elmi-nəzəri tədqiqat işlərini, həm də uşaq ədəbiyyatı ilə bağlı folklordan bu günümüzədək yazılan çoxsaylı bədii yaradıcılıq nümunələrini izləmişik, araşdırmışıq. Bunsuz predmetin çağdaşlığını vermək, müasir uşaq ədəbiyyatını bütün tərkib və parametrləri ilə təhlil etmək mümkün deyil. Belə bir köklü sahənin tarixiliyinə varmaq onun bu günü ilə bağlı dəqiq analiz vermək baxımından çox vacib, hətta deyərdim zəruri amildir. Burada folklor, klassik ədəbiyyat, XX əsrin əvvəli, sovet dövrü və müstəqillik dövrü Azərbaycan uşaq ədəbiyyatının bütün mənzərəsini verməyə çalışacağıq.
Bu il bildiyimiz kimi, Azərbaycanın müstəqilliyinin 30 ili tamam olur. İnstitutumuz bu böyük hadisəyə layiq işlər görməyi planlaşdırır. Belə işlərdən biri də Azərbaycançılıq məfkurəsini bədii mətnlər kontekstindən tədqiq predmetinə çevirməkdir. Şöbə olaraq, “Ayrılarmı könül candan” adlı antologiyanı da biz təqdim etmişik ki, burada uşaq yazarlarımızın vətənə, tarixi abidələrimizə, məkan tərənnümünə, ana dilinə, məktəbə həsr olunan seçmə şeirləri əksini tapır. Bir də qarşıda uşaq ədəbiyyatı ilə bağlı daha bir beynəlxalq konfrans keçirmək planı var. Uşaq mətbuatı, uşaq nəşrlərinin vəziyyəti, tərcümələr, uşaqlar üçün yazılan əsərlərin faydalılığını müzakirə etmək baxımından belə bir konfransa böyük ehtiyac olduğunu düşünürəm.Eyni zamanda uşaq ədəbiyyatı ilə bağlı ölkədə və dünyada tanınmış elm adamlarının yazdığı elmi-nəzəri materiallardan ibarət kitab hazırlamağı planlaşdırırıq.
Türkiyənin Milli Eğitim Bakanlığı, Pamukkale Universiteti ilə perspektivli əlaqələrimiz var. Müstəqilliyimizin 30 illiyi ilə əlaqədar Soner Sağlam və Yaşar Sözenle birlikdə “Türkiyə və Azərbaycan uşaq ədəbiyyatı” adlı kitab hazırlayırıq. Kitabın Azərbaycan türkcəsinə daxil olan bölümünün tərtibçisi və redaktorluğu mənə həvalə edilib. Bu kitabda son otuz ildə müstəqilliyə, istiqlal mövzusuna dair yazılmış müxtəlif janrlı ən yaxşı uşaq ədəbiyyatı nümunələri yer alacaq və “Bengü yayınları”nda çap olunacaq. Beləliklə, görüləcək işlər, arzular çoxdur.
- Bildiyimiz kimi, aprelin 2-də Beynəlxalq Uşaq Kitabı Günü qeyd edilir. Ənənəvi olaraq həmin gün bir çox ölkələrin təhsil müəssisələrində, kitab klublarında və digər məkanlarda müxtəlif sərgi, müsabiqə, tamaşa, konfrans və festivallar, uşaq yazıçı və şairləri ilə görüşlər, yeni nəşrlərin təqdimat mərasimləri təşkil olunur. Bəs Azərbaycanda Uşaq Kitabı Günü necə qeyd edilir? Bu bayramın təşkilində şöbəniz iştirak edirmi?
- Uşaq Kitabı Günü bizdə də müxtəlif formalarda qeyd olunur. Məsələn, 2019-cu ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında bu münasibətlə keçirilən sərgidə iştirak etdik, uşaq yazarları ilə görüşdük, məktəblilərin onlarla görüşlərinə şahid olduq. Məsələn, şeir və hekayələrini dərsliklərdən, uşaq kitablarından oxuduqları yazarlarla məktəblilərin canlı olaraq ünsiyyət yaratması çox maraqlı idi. Eyni zamanda kitabxana məktəblilərin ifasında H.X.Andersenin “Qar kraliçası” əsərini hazırlamışdı. Tamaşaçı qismində də ancaq uşaqlar iştirak edirdi. Sonda bütün uşaqlara kitab hədiyyə edildi. Onu da deyim ki, ölkəmizdə Uşaq Kitabı Günü ilk dəfə 2008-ci ildə elə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında keçirilib.
Bu il də kitabxananın direktoru Şəhla xanımla söhbətimiz olub. Pandemiya ilə əlaqədar kitabxana iki istiqamətdə virtual sərgi hazırlayıb. Burada həm H.X.Andersenin bütün əsərləri təqdim olunacaq, həm də XX əsrin əvvəllərindən başlayaraq bütün tanınmış uşaq yazarlarının əsərləri, onlar haqqında biblioqrafik məlumat sərgilənəcək. İkinci istiqamət son illərdə ölkəmizdə nəşr olunan uşaq kitablarının virtual sərgisi, uşaq yazarları ilə onlayn görüşlərlə bağlıdır ki, şöbəmiz bu görüşlərdə birmənalı şəkildə iştirak edəcək. Müsabiqəyə gəlincə onu deyim ki, bu yaxınlarda Mədəniyyət Nazirliyi vətənpərvərlik mövzusunda təşkil etdiyi müsabiqəyə məktəbliləri də cəlb etmişdi. Ən yaxşı şeir, hekayə və esse janrında bu müsabiqəyə 30 məktəbli qatılmışdı. Onlardan 6 nəfərin mətni ekspert heyəti tərəfindən öz qiymətini alıb. Bu cür müsabiqələrin olması çox yaxşı haldır.
- Təşəkkür edirik, Elnarə xanım. Sizə gələcək fəaliyyətinizdə uğurlar və yeni nailiyyətlər arzulayırıq.
Nəzmin Cəfərova, sənətşünaslıq üzrə fəlsəfə doktoru, AMEA Rəyasət Heyəti aparatının Mətbuat və informasiya şöbəsi
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.