Azerbaijan National Academy of Sciences

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  STATEMENTS

AMEA Mətbuat və informasiya şöbəsinin məlumatı
07.04.2021 18:32
  • A-
  • A
  • A+

AMEA Mətbuat və informasiya şöbəsinin məlumatı

5-6 aprel 2021-ci il tarixlərində bəzi kütləvi informasiya vasitələrində Hesablama Palatası tərəfindən AMEA-da aşkarlanmış nöqsanlarla bağlı dəqiqləşdirilməmiş məlumatlar yayılmışdır.

Məlum olduğu kimi, "Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında" hesabatında AMEA-nın İşlər idarəsi tərəfindən "Şərq-Qərb" ASC-yə ödənişlərin edilməsi ilə bağlı qanun pozuntuları öz əksini tapmışdır.

İctimaiyyətin diqqətinə çatdırmaq istəyirik ki, sözügedən hesabatlarda əksini tapmış nöqsanların AMEA prezidenti, akademik Ramiz Mehdiyevin fəaliyyəti dövrünə heç bir aidiyyatı yoxdur. Həmin maliyyə pozuntuları 2011-2012-ci illəri əhatə edir. Əksinə, Ramiz Mehdiyev Akademiyaya rəhbər təyin olunduqdan dərhal sonra, onun rəhbərliyi ilə Hesablama Palatası AMEA-da yoxlamalara dəvət edilmişdir ki, adıçəkilən nöqsanlar da məhz bu zaman aşkara çıxarılmışdır. Hesablama Palatasının 2019-cu ildə apardığı yoxlamalara əsasən müəyyən nöqsanlar üzə çıxdıqdan sonra AMEA-nın İşlər idarəsi tərəfindən araşdırmalar aparılmış, müvafiq sənədlərə baxış keçirilmiş və üzləşmə aktı tərtib edilərək aidiyyəti dövlət qurumlarına göndərilmişdir. Belə ki, 15.07.2011-ci il tarixli tender müqaviləsi üzrə 3 531 523 manat, 30.11.2012-ci il tarixli tender müqaviləsi üzrə isə 3 407 545 manat ödənişlər edilsə də, bu tender müqavilələrinin icrası tamamlanmamışdır.

Aparılmış yoxlamanın nəticələri 2020-ci ilin fevralında AMEA prezidentinə məruzə edildikdən sonra akademik Ramiz Mehdiyevin imzası ilə müvafiq məktub Azərbaycan Respublikasının Baş Prokuroruna ünvanlanmış, aidiyyatı qurumlar baş verənlər haqqında məlumatlandırılmışdır.     

Çox təəssüf ki, bəzi həmkarlarımız hadisənin həqiqi mahiyyətindən xəbərdar olmadan, ictimaiyyətə yanlış məlumatlar təqdim etmişlər.   

Qeyd olunanları nəzərə alaraq, jurnalist həmkarlarımızdan dəqiqləşdirilməmiş məlumatları yaymamalarını, sensasiya naminə cəmiyyəti çaşdırmamalarını xahiş edirik.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: