Azerbaijan National Academy of Science

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  CONFERENCES, ASSEMBLIES

AMEA Rəyasət Heyətində müşavirə keçirilib
08.05.2021 13:18
  • A-
  • A
  • A+

AMEA Rəyasət Heyətində müşavirə keçirilib

Ölkə başçısı cənab İlham Əliyevin çağırışları əsasında AMEA Rəyasət Heyətində müşavirə keçirilib.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin təşəbbüsü ilə keçirilən tədbirdə Akademiyanın Rəyasət Heyətinin üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan akademik Ramiz Mehdiyev Rəyasət Heyətinin iclaslarında əsas etibarilə dövlət rəhbərliyi tərəfindən qarşıya qoyulan məsələlərin, eləcə də mühüm nəticələrin və elmi-tədqiqat işlərinin yekununda əldə edilmiş mühüm elmi yeniliklərin müzakirəyə çıxarılmasının vacibliyini diqqətə çatdırıb.

Gündəliyə çıxarılan bir sıra digər məsələlərə baxılması məqsədilə Rəyasət Heyətinin nəzdində xüsusi komissiyanın yaradılmasını məqsədəuyğun hesab edən akademik Ramiz Mehdiyev bildirib ki, bu qurum elm və texnologiya problemləri üzrə şura kimi fəaliyyət göstərəcək. AMEA prezidentinin sədrliyi ilə yeni yaradılacaq şurada elmi-tədqiqat müəssisələrinin illik hesabatlarının, digər məsələlərin və s. müzakirəyə çıxarılması təmin ediləcəkdir. Bir sıra məsələlərə isə elmi bölmələrin iclaslarında baxılacaqdır.

Ölkə başçısının çağırışlarına cavab olaraq respublikada enerji problemlərinin həlli istiqamətində alternativ və bərpa olunan enerji mənbələrinə dair elmi-tədqiqat işlərinin genişləndirilməsinin əhəmiyyətini vurğulayan Akademiya rəhbəri qeyd edib ki, termal sulardan, eləcə də külək və günəş enerjisindən səmərəli istifadə edilməsi məqsədilə elmi yanaşmalara diqqət artırılmalıdr. Bu istiqamətdə AMEA-nın fəaliyyətinin gücləndirilməsinin vacibliyindən söz açan akademik Ramiz Mehdiyev aidiyyəti elmi bölmələrin üzərinə böyük məsuliyyət düşdüyünü xüsusi vurğulayıb. Akademiya rəhbəri alternativ enerji mənbələrinə aid elmi-tədqiqat işləri üzrə mühüm nəticələr əldə edilməsinin əhəmiyyətini qeyd edərək Yer, Fizika-Riyaziyyat və Texnika, Kimya Elmləri Bölmələrinin qarşısında duran vəzifələrdən danışıb. Rəyasət Heyətinin nəzdində daha bir qurumun – alternativ və bərpa olunan enerji mənbələri üzrə də şuranın yaradılmasının məqsədəuyğun olduğunu bildirən akademik Ramiz Mehdiyev qurumun tərkibinə AMEA alimləri ilə yanaşı, aidiyyəti dövlət qurumlarının nümayəndələrini də cəlb etməyin səmərəliliyindən söz açıb.

AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev çıxış edərək alternativ enerji mənbələri ilə bağlı əvvəlki illərdə də müəyyən təkliflərin meydana çıxdığını bildirərək bir sıra mülahizələrini diqqətə çatdırıb. Vaxtilə Fizika İnstitutunda bir sıra müzakirələr aparılsa da texnologiya ilə bağlı problemlərin ortaya çıxdığını bildirən akademik termal sulardan istifadənin daha az məsrəfli və səmərəli olduğunu qeyd edib.

AMEA-nın akademik-katibi, akademik Adil Qəribov çıxış edərək bildirib ki, indiyədək AMEA-nın Radiasiya Problemləri, Fizika, Coğrafiya və digər institutlarında alternativ enerji mənbələri üzrə bir neçə istiqamətdə geniş tədqiqatlar aparılıb, 20-dək müəlliflik şəhadətnaməsi alınıb. Lakin keçmiş Sovetlər İttifaqının müvafiq dövlət proqramlarında öz əksini tapmış külək və günəş enerjisindən səmərəli istifadə edilməsi ilə əlaqədar alternativ enerji mənbələrinin enerjisinin müəyyən sinxronizasiyası aparılsa da, texnoloji proseslər əsasən Rusiyada həyata keçirilirdi. Bu gün isə silisium əsaslı günəş tədqiqatlarının daha aktuallıq kəsb etdiyini, eləcə də kosmik müşahidələr əsasında elmi qiymətləndirilmələr aparılmasının vacibliyini diqqətə çatdıran akademik-katib bu gün Fizika İnstitutu ilə Dubna Nüvə Tədqiqatları İnstitutunun birgə tədqiqatlarından bəhs edib.

Fiziologiya İnstitutunda termal sularla bağlı aparılan tədqiqatları önə çəkən AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova bu elmi araşdırmalar əsasında müəyyən dərman preparatlarının hazırlanması ilə yanaşı, biotexnoloji üsullarla bərpa olunan enerjinin alınmasının mümkünlüyünü də diqqətə çatdırıb.

Fizika İnstitutunun direktoru, akademik Arif Həşimov alternativ və bərpa olunan enerji üzrə layihəsini AMEA rəhbərliyinə təqdim edib. İndiyədək bu istiqamətdə aparılan elmi-tədqiqat işləri üzrə ölkəmizin müxtəlif yerlərində tətbiq olunmuş işlər barədə ətraflı məlumat verən institut rəhbəri Arazboyu ərazilərdə, həmçinin işğaldan azad olunmuş torpaqlarımızda təbii resurslardan istifadə edilməsi məsələləri barədə əsaslandırılmış təklif və mülahizələrini bildirib. Qeyd edilib ki, layihədə AMEA-nın bir sıra elmi-tədqiqat müəssisələrinin əhatə edilməsi nəzərdə tutulub. Həmçinin rəqəmsallaşma texnologiyasının təkmilləşdirilməsi sayəsində rəqəmsal idarəetmə sistemlərinin tətbiqi işinin səmərəliliyi haqqında məlumat verilib.

Müzakirəyə çıxarılan məsələnin aktuallığını xüsusi vurğulayan AMEA-nın vise-prezidenti, akademik Rasim Əliquliyev rəqəmsal texnologiyanın tətbiqi ilə intellektual idarəetmənin tənzimlənməsinin vacibliyini diqqətə çatdırıb. Akademik Rasim Əliquliyev işğaldan azad edilmiş torpaqlarımızda “ağıllı kənd” layihəsinə start verilməsini Dördüncü sənaye inqilabının çağırışı kimi dəyərləndirərək, Qarabağda mövcud təbii resurslardan alternativ enerji alınmasının fundamental kompleks yanaşma tələb etdiyini bildirib. Qeyd edib ki, ölkənin enerji təhlükəsizliyinin  təmin edilməsi işində alimlərlə yanaşı aidiyyəti dövlət qurumlarının əməkdaşlarının birgə fəaliyyəti səmərəli nəticələrə gətirib çıxaracaq və bununla da müzakirəyə təqdim edilən məsələnin AMEA-nın prioritet istiqamətləri sırasında yer alacağına əminliyini ifadə edib.

AMEA-nın birinci vitse-prezidenti, akademik Dilqəm Tağıyev alternativ və bərpa olunan enerji mənbələri üzrə tədqiqatların aparılması məqsədilə bu prosesdə texnoloji yanaşmaların rolunu xüsusi diqqətə çatdıraraq yeni yaradılacaq şuranın praktik əhəmiyyətindən danışıb.

Çıxış edənlər AMEA Rəyasət Heyətinin nəzdində yaradılacaq hər iki şuranın xüsusi əhəmiyyət kəsb etdiyini bildirərək elmi yanaşmalarda müasir informasiya texnologiyalarının tətbiqinin əhəmiyyətindən, rəqəmsal idarəetmənin üstünlüklərindən, qarşıda duran vəzifələrdən və perspektivlərdən söz açıblar.

Sonda çıxış edən akademik Ramiz Mehdiyev ölkə başçısının çağırışlarına AMEA-da əməli işlə cavab verilməsi istiqamətində Akademiya rəhbərliyinin vəzifələrini müəyyənləşdirib, Rəyasət Heyəti üzvlərinin təklif və mülahizələrinə münasibətini bildirib, Bölmələrin sədrlərinə müvafiq tapşırıqlarını verərək müşavirənin işini yekunlaşdırıb.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: