Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Naxçıvan Bölməsində İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib
18.03.2019 13:50
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib

AMEA Naxçıvan Bölməsində Azərbaycan ədəbiyyatı və fəlsəfi fikrinin görkəmli nümayəndəsi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunan “Azərbaycanın böyük şair və mütəfəkkiri: İmaməddin Nəsimi” adlı elmi konfrans keçirilib.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin ölkəmizdə “Nəsimi ili" elan edilməsini şairin yaradıcılığının təbliği baxımından böyük əhəmiyyət daşıdığını bildirib. Alim Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədri Vasif Talıbovun təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Naxçıvanda da Nəsiminin həyat və yaradıcılığı ilə bağlı silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb.

Bölmə sədri Nəsiminin şəxsiyyətindən, yaşadığı dövrdən, onun təbliğ etdiyi hürufilik dini-fəlsəfi təlimindən, şairin əsərlərinin dil və üslub xüsiyyətlərindən bəhs edib. O, Nəsimi yaradıcılığının ölkəmizdə 70-ci illərdən sonra təbliğ olunmağa başlandığını söyləyib. Bildirib ki, ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində şairin anadan olmasının 600 illik yubileyi dünya miqyasında qeyd edilib. Şairin yubileyi ərəfəsində Bakının mərkəzi meydanlarından birində Nəsiminin abidəsi qoyulub, onun əsərləri Azərbaycan, rus, ingilis, alman və digər dillərə tərcümə olunub. Bundan başqa, AMEA-nın Dilçilik İnstitutuna Nəsiminin adı verilib, Xalq şairi Qabilin minumental “Nəsimi” poeması, milli kinomuzun uğurlarından sayılan “Nəsimi” filmi ərsəyə gəlib.

Daha sonra bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev ”Ümummilli lider Heydər Əliyev və Nəsimi irsi”, həmin institutun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “İntibah, oyanış və humanizm şairi”, Onomastika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayev “Nəsimi yaradıcılığında fəlsəfi istiqamətlər”, Ədəbiyyatşünaslıq şöbənin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova “Nəsimi irsi dünya marağı kontekstində”, şöbənin baş laborantı Mahirə İsmayılova “Nəsimi yaradıcılığında Tanrı və insan vəhdəti ideyası”, Folklorşünaslıq şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova “Nəsimi yaradıcılığında folklor” mövzusunda məruzələrlə çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: