AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Azərbaycan ədəbiyyat tarixi” oncildliyinin birinci cildi nəşr edilib.
Birinci cild “Şifahi xalq ədəbiyyatı” bölməsini əhatə edir. Kitabın baş redaksiya şurasına AMEA-nın prezidenti, akademik Akif Əlizadə (sədr), AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli (baş redaktor), Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli və Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Məhərrəm Qasımlı daxildirlər.
Nəşr akademik İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatı: dövrləşmə konsepsiyası və inkişaf mərhələləri” adlı irihəcmli məqaləsi ilə başlayır.
Kollektiv elmi-yaradıcılıq məhsulu olan fundamental “Azərbaycan ədəbiyyatı tarixi” kitabının birinci - “Şifahi xalq ədəbiyyatı” cildində Azərbaycan folkloru bütöv bir sistem kimi ayrı-ayrı ədəbi növ və janrların tarixi təkamül və təşəkkülü, struktur-semantik səciyyəsi, ideya-məzmun tutumu, bədii-estetik məziyyətləri ilə əlaqəli şəkildə öyrənilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.