Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.06.2020 12:25
  • A-
  • A
  • A+

Akademik Abdulla Qarayevin 110 illik yubileyinə həsr olunmuş onlayn tədbir keçirilib

Akademik Abdulla Qarayevin 110 illik yubileyinə həsr olunmuş onlayn tədbir keçirilib

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) və akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun təşkilatçılığı ilə görkəmli alim və ictimai xadim, akademik Abdulla Qarayevin anadan olmasının 110 illiyinə həsr olunmuş onlayn yubiley yığıncağı keçirilib.

Onlayn tədbirdə BTEB-in üzvləri, AMEA-nın elmi tədqiqat institutları, Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, eləcə də digər müvafiq elm və təhsil müəssisələrinin təmsilçiləri, alim və mütəxəssislər iştirak ediblər.

İclası giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova görkəmli alimin Azərbaycanda fiziologiya elminin inkişafında və bu istiqamətdə yüksəkixtisaslı kadr hazırlığı sahəsindəki əvəzsiz xidmətlərindən danışıb. Qeyd edib ki, gənc yaşlarında biologiya və tibb ixtisasları üzrə elmlər namizədi, tibb ixtisası üzrə elmlər doktoru elmi dərəcələrini almış, 39 yaşında Azərbaycan SSR Elmlər Akademiyasının (EA) həqiqi üzvü seçilmiş Abdulla Qarayevin elm təşkilatçısı, ictimai və dövlət xadimi kimi fəaliyyətləri yüksək qiymətə layiqdir.

Vitse-prezident bildirib ki, tanınmış alim müxtəlif illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun professoru, Azərbaycan Dövlət Universitetində kafedra müdiri, prorektor və rektor vəzifələrində çalışıb, Azərbaycan SSR EA-nın Biologiya və Kənd Təsərrüfatı Elmləri Bölməsinin akademik-katibi, Respublika Ali və Orta İxtisas Təhsili Komitəsinin sədri işləyib, Azərbaycan SSR Ali Sovetinin 2 çağırış deputatı olub, eləcə də digər yüksək vəzifələri tutub.

Akademik İ.Hüseynovanın sözlərinə görə, respublikada insan və heyvan fiziologiyası sahəsində fundamental tədqiqatlar aparan ilk sərbəst akademik qurum məhz A.Qarayevin təşəbbüsü ilə Azərbaycan SSR EA-nın Zoologiya İnstitutunda yaradılan Fiziologiya şöbəsi olub. Qeyd edib ki, sonradan Akademiyanın Rəyasət Heyəti yanında sektor statusu alan bu qurumun əsasında 1968-ci ildə Azərbaycan SSR EA-nın Fiziologiya İnstitutu təsis edilib.

Akademik A.Qarayevlə akademik Cəlal Əliyevin oxşar cəhətlərini diqqətə çatdıran vitse-prezident Azərbaycanın dühaları olan bu tanınmış alimlərin həyat və yaradıcılıqlarının xalqın sərvəti olduğunu bildirib, onların və yaratdıqları elmi məktəblərin irsinin daha dərindən öyrənilməsinin vacibliyini qeyd edib: “Bu gün akademik A.Qarayevin adını daşıyan Fiziologiya İnstitutu onun irəli sürdüyü ideyaları inkişaf etdirir, gənc kadrların yetişdirilməsinə öz töhfəsini verir”.

Sonra AMEA-nın Fiziologiya İnstitutunun direktoru, professor Ulduz Həşimova görkəmli alim A.Qarayevin elmi fəaliyyəti haqqında çıxış edib. O, akademik A.Qarayevin insan və heyvan fiziologiyası sahəsində apardığı tədqiqatların bu gün də öz aktuallığını qoruyub saxladığını söyləyib.

Bildirib ki, tanınmış alimin rəhbərliyi ilə Fiziologiya İnstitutunun elmi-təşkilati fəaliyyətində iki xüsusiyyət diqqəti cəlb edir. Bunlardan biri fundamental tədqiqatlarla yanaşı, respublikanın xalq təsərrüfatının inkişafının tələblərinə cavab verən və ən əsası yerli resurslara söykənən tətbiqi xarakterli işlərin ön plana çəkilməsi, ikincisi isə əlaqəli elmlərin fizioloji problemlərin həllinə cəlb olunması, başqa sözlə, multidissiplinarlıq prinsipinin əsas tutulmasıdır.

İnstitut direktorunun sözlərinə görə, akademik A.Qarayev 300-dən çox elmi əsərin, o cümlədən 7 monoqrafiyanın müəllifi olub. Onun elmi məsləhətçiliyi və rəhbərliyi ilə 20-dən artıq elmlər doktoru və elmlər namizədi hazırlanıb. Alim ali məktəblər üçün fiziologiya üzrə ilk Azərbaycan dilində dərsliklərin müəllifi olub.

Sonra akademik Məmməd Salmanov, AMEA-nın müxbir üzvləri Rafiq Qasımov və Arif Məmmədov, biologiya elmləri doktorları, professorlar Ədalət Fərəcov və Fəxrəddin Əsgərov çıxış edərək görkəmli alimlə bağlı xatirələrini bölüşüblər.

Daha sonra akademik A.Qarayevin nəvəsi, biologiya üzrə fəlsəfə doktoru Vəfa Adıgözəlova ailə üzvləri adından BTEB-in rəhbərliyinə, eləcə də tədbirdə iştirak edən bütün qonaqlara minnətdarlığını bildirib.

Sonda akademik A.Qarayevə həsr edilmiş film nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: