Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Fəlsəfə və Sosiologiya İnstitutunun 75 illik yubileyinə həsr edilən konfrans keçirilib
04.12.2020 12:19
  • A-
  • A
  • A+

Fəlsəfə və Sosiologiya İnstitutunun 75 illik yubileyinə həsr edilən konfrans keçirilib

Dekabrın 3-də Sofiya şəhərində Bolqarıstan Elmlər Akademiyasının təşkilatçılığı ilə "Azərbaycan və Bolqarıstanın sosial-humanitar, elmi və mədəni əlaqələri" mövzusunda onlayn beynəlxalq konfrans keçirilib.

Tədbir AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun 75 illik yubileyinə həsr edilib.

Konfransda AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək bildirib ki, ötən müddət ərzində Fəlsəfə və Sosiologiya İnstitutu fəlsəfə, tarix, etika, estetika və sosiologiya sahəsində böyük nailiyyətlər əldə edib. Akademik diqqətə çatdırıb ki, Bolqarıstan EA ilə AMEA-nın Fəlsəfə və Sosiologiya institutları arasında geniş və dərin elmi əlaqələr var. Bu münasibətlərin gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini ifadə edən akademik İsa Həbibbəyli hər iki müəssisənin alimlərinə birgə fundamental tədqiqatlarda uğurlar arzulayıb.

Sonra çıxış edən Bolqarıstan EA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor Veselin Petrov iki ölkə alimlərinin birgə təşkilatçılığı ilə elmi konfransların keçirildiyini söyləyib, bu elmi əlaqələrin bundan sonra da davam etdiriləcəyini vurğulayıb. V.Petrov çıxışının sonunda 75 illik yubileyi münasibətilə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşlarını təbrik edib.

Bolqarıstan EA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini, professor Albena Nakova isə iki qurum arasında əməkdaşlığın təməlinin SSRİ dövrünə təsadüf etdiyini bildirib. Qeyd edib ki, 2020-ci ildə AMEA-nın Fəlsəfə İnstitutunun tədqiqat sahəsi daha da genişləndirilib və müəssisənin adı dəyişdirilərək Fəlsəfə və Sosiologiya İnstitutu adlandırılıb. A.Nakova sosiologiya sahəsində birgə elmi-tədqiqat işlərinin genişləndirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Konfransda çıxış edən AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə göstərilən diqqətə görə minnətdarlığını bildirib və Bolqarıstan EA-nın Fəlsəfə və Sosiologiya İnstitutu ilə elmi əlaqələrin bundan sonra da davam edəcəyini söyləyib.

“Müasir fəlsəfənin əsas meylləri” mövzusunda məruzə ilə çıxış edən İ.Məmmədzadə müasir dövrdə Azərbaycan cəmiyyətində insanların birgə yaşayışının təmin edilməsi və onların bir-birinə mədəniyyətlərinin mübadiləsinə toxunub. Eyni zamanda İpək yolu ölkələrinin mədəniyyətlərinin qarşılıqlı təsirindən söz açıb, bu istiqamətdə fəlsəfi əlaqələrin rolunu xüsusi vurğulayıb. Həmçinin süni intellektin yaranması və onun inkişafı, fəlsəfə elminin başqa sahələri ilə birbaşa əlaqələrinə diqqəti çəkib.

Konfransda, o cümlədən AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsinin Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri Bünyamin Seyidovun "Azərbaycan-Bolqarıstan elmi əlaqələri strateji tərəfdaşlığın əsas istiqamətlərindən biri kimi" mövzusunda məruzəsi dinlənilib. O cümlədən akademiyanın Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları, professor Zümrüd Quluzadə, fəlsəfə elmləri doktorları Füzuli QurbanovRəfiqə Əzimova, dosentlər Sevinc Həsənova, Zöhrə Əliyeva, Bolqarıstan EA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun departament rəhbəri, professor Boqdano Todorova, professor İvan Katzarski, dosent İva Manova və digərləri çıxış edərək yubiley təbriklərini çatdırıb, birgə perspektiv tədqiqatlar barədə təkliflərini səsləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: