www.science.az
12.10.2015 13:47

“Geologiya və geofizikanın problemlərinin həllində multidissiplinar yanaşma” mövzusunda VI beynəlxalq elmi konfrans işə başlayıb

Oktyabrın 12-də AMEA Mərkəzi Elmi Kitabxanasında “Geologiya və geofizikanın problemlərinin həllində multidissiplinar yanaşma” mövzusunda VI beynəlxalq elmi konfrans öz işinə başlayıb. Geologiya və Geofizika İnstitutu (GGİ) tərəfindən gənc tədqiqatçılar üçün təşkil edilmiş, AMEA-nın 70 illiyinə həsr olunmuş 4 günlük tədbirə İngiltərə, Polşa, Macarıstan, Serbiya, Bolqarıstan və digərləri daxil olmaqla, ümumən 18 ölkəni təmsil edən 150-dən çox alim, doktorant, magistr və tələbə qatılıb.

Konfransı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev AMEA-nın 70 illiyi ilə bağlı ölkəmizdə silsilə tədbirlərin keçirildiyini söyləyib, iştirakçılara uğurlar arzulayıb. 

Sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) icraçı direktoru, fizika-riyaziyyat elmləri namizədi Elçin Babayev ölkəmizdə müxtəlif beynəlxalq tədbirlərin keçirilməsini Azərbaycanın uğurlu daxili və xarici siyasətin nəticəsi kimi dəyərləndirib. O, indiyə qədər ərsəyə gətirilən 5 beynəlxalq konfransın yüksək səviyyədə təşkil olunduğunu bildirib, bu işlərdə fondla institutun birgə əməkdaşlığından danışıb.

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov isə GGİ-nin gənc alim və mütəxəssisləri tərəfindən gənc tədqiqatçılar üçün keçirilən ənənəvi beynəlxalq tədbiri yüksək səviyyəli təşəbbüs kimi dəyərləndirib, akademiyanın həyatında önəmli rolunu diqqətə çatdırıb. Konfransın gənc tədqiqatçılara böyük töhfə verdiyini deyən gənc alim tədbirin təşkilində institutun Gənc Alim və Mütəxəssislər Şurasının əməyini xüsusi vurğulayıb.

Daha sonra GGİ-nin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, geologiya üzrə fəlsəfə doktoru Orxan Abbasov konfransın iştirakçıları və proqramı haqqında ətraflı məlumat verib. Qeyd edib ki, tədbir EİF, SOCAR-ın Elm Fondu, “bp Azərbaycan” və “Total Azərbaycan” şirkətlərinin dəstəyi ilə təşkil olunub.

Konfransın açılış mərasimi təşkilat komitəsinin sədri, AMEA-nın müxbir üzvi Əkpər Feyzullayevin sədrliyi ilə davam edib, plenar mövzuların müzakirəsi aparılıb.

Tədbirdə geologiya və geofizikanın müxtəlif istiqamətləri üzrə çıxış və təqdimatlar olub.

Beynəlxalq konfrans oktyabrın 15-dək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir