www.science.az
16.01.2017 10:08

Ədəbiyyatşünas alim Təhsin Mütəllimovun 85 yaşı tamam olur

Yanvar ayının 18-də ölkəmizdə ədəbiyyat nəzəriyyəsi sahəsində görkəmli alim, tanınmış pedaqoq, Azərbaycan Respublikasının Dövlət Mükafatı Laureatı, AMEA-nın müxbir üzvü, professor Təhsin Mütəllimovun 85 yaşı tamam olur.

Təhsin Mütəllimov 18 yanvar 1932-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. O, orta təhsilini Bakı şəhər 13 saylı məktəbdə başa vurduqdan sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil  olmuşdur. 1951-ci ildə Rəssamlıq məktəbində təhsilini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) filologiya fakültəsində təhsilini davam etdirmişdir. 1957-1959-cu illərdə Azərbaycan Dövlət Universitetinin qiyabi şöbəsində Məsləhət məntəqəsinin müdiri vəzifəsində çalışmışdır.  

1961-1963-cü illərdə Azərbaycan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müəllimi, 1963-1965-ci illərdə baş müəllimi vəzifələrində çalışmışdır.

T.Mütəllimov 1961-ci ildə “Ə.Əbülhəsənin bədii nəsri” mövzusunda namizədlik, 1975-ci ildə isə “Ə.Haqverdiyevin sənətkarlığı” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1965-1978-ci illərdə Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti, 1978-ci ildən isə professorudur. O, 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

Ədəbiyyat nəzəriyyəsi sahəsində tanınmış mütəxəssis hesab olunan T.Mütəllimov görkəmli ədəbiyyatşünas və tənqidçi kimi şöhrət qazanmışdır. Alim 55 ilə yaxındır ki, Bakı Dövlət Universitetində səmərəli pedaqoji fəaliyyət göstərir. Onun “Ədəbiyyatşünaslığın əsasları” və “Ədəbiyyat nəzəriyyəsi” fənlərindən dediyi mühazirələri yüksək elmi səviyyəyə malikdir. 

T.Mütəllimovun “Ə.Əbülhəsənin yaradıcılığı”, “XX əsr Azrbaycan ədəbiyyatında ədəbi məktəblər”, “Sənət qayğıları” “Əbdürrəhimbəy Haqverdiyevin poetikası” kitablarında klassik və müasir ədəbiyyatımızın görkəmli ədiblərinin yaradıcılığı, həmçinin mühüm elmi nəzəri məsələlər təhlil olunmuşdur. Azərbaycan ədəbiyyatının müxtəlif yaradıcılıq problemləri, xüsusilə poetika məsələləri ilə məşğul olan alimin 200-dən çox məqaləsi elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.

Onun rəhbərliyi ilə 2 filologiya üzrə elmlər doktoru və 14 filologiya üzrə fəlsəfə doktorluğu üzrə dissertasiya işi müdafiə olunmuşdur. 

T.Mütəllimov “Əbdürrəhim bəy Haqverdiyevin poetikası” kitabına görə 1991-ci ildə Azərbaycan Respublikasının Dövlət Mükafatına, 2001-ci ildə isə “Qızıl qələm” mükafatına layiq görülmüşdür.

Ədəbiyyatşünaslıq elminin inkişafında əvəzsiz xidmətləri olan görkəmli alimi 85 illik yubileyi münasibəti ilə təbrik edir, ona möhkəm can sağlığı və elmi fəaliyyətində uğurlar arzu edirik.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.