Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü Tələt Kəngərlinin 75 yaşı tamam olur
21.11.2023 12:10
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Tələt Kəngərlinin 75 yaşı tamam olur

Bu gün Azərbaycan geologiya elminin inkişafında mühüm xidmətləri olan alim, Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun Dinamiki geologiya şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Tələt Kəngərlinin anadan olmasının 75 ili tamam olur.

Tələt Nəsrulla oğlu Kəngərli 21 noyabr 1948-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Geologiya-coğrafiya fakültəsini bitirmişdir.

Tələt Kəngərli 1982-ci ildə geologiya-mineralogiya üzrə fəlsəfə doktoru və 2010-cu ildə geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcələri almış, 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

O, əmək fəaliyyətinə keçmiş Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsində başlamış, burada geoloq, böyük geoloq, baş geoloq, geoloji partiya rəisi vəzifələrində çalışmışdır. 1994-2001-ci illərdə İqtisadiyyat Nazirliyinin Təbiətdən istifadənin iqtisadiyyatı və ekologiya şöbəsinin müdiri, 2001-2010-cu illərdə isə AMEA-nın Geologiya və Geofizika İnstitutunda aparıcı elmi işçi kimi fəaliyyət göstərmişdir. O, 2011-ci ildən həmin institutun Geotektonika və regional geologiya şöbəsinin, 2022-ci ildən isə Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun Dinamiki geologiya şöbəsinin rəhbəridir.

O, regional geologiya, geotektonika, geodinamika, mineral xammal ehtiyatları, geoekologiya sahələrində tanınmış alimdir. Onun elmi fəaliyyətinin əsas istiqamətini Yer qabığının yerüstü və dərinlik geoloji-tektonik quruluşu və geodinamik təkamülünün müasir modellərinin işlənib hazırlanması, müasir tektono-geodinamik, seysmik və ekzogen proseslər arasında korrelyativ asılılıqların müəyyən edilməsi, faydalı qazıntıların əmələgəlmə və paylanması ilə Yer qabığının geoloji-tektonik quruluşu arasında qarşılıqlı əlaqələrin öyrənilməsi təşkil edir.

Alimin iştirakı və rəhbərliyi ilə Azərbaycan Respublikasının yeni geoloji, tektonik, neotektonik, struktur rayonlaşdırma və digər xəritələri tərtib edilmişdir. Onlardan 6 xəritə “Azərbaycan Respublikasının Milli Atlası”nda (2014) nəşr olunmuşdur.  Bundan əlavə, onun elmi rəhbərliyi və müəllifliyi ilə “Qarabağ və Şərqi Zəngəzur. Təbii ehtiyatlar atlası”, “Azərbaycan Respublikasının iqtisadi rayonları üzrə 1:200000 miqyasında geoloji, hidrogeoloji və mühəndisi geoloji xəritələr toplusu”, “Qafqazın geodinamik əsaslı tektonik xəritəsi” (beynəlxalq işçi qrupunun iştirakı ilə) işlənib hazırlanmışdır.

Tələt Kəngərlinin rəhbərliyi ilə “Azərbaycanın geoloji irsi: Kiçik Qafqaz” və “Azərbaycanın geoloji irsi: Böyük Qafqaz” monoqrafiyaları, “Azərbaycan Respublikası və ətraf ərazilərin geodinamik əsaslı tektonik xəritəsi”, “Azərbaycan Respublikası tektonik-geodinamik əsaslı faydalı qazıntılar xəritəsi” üzərində işlər aparılır.

Tələt Kəngərli 190-dan artıq elmi əsərin, o cümlədən 18 xəritənin, 17 kitab və kollektiv monoqrafiyanın həmmüəllifi, 1 müəlliflik şəhadətnaməsinin müəllifidir. Onun 73 elmi əsəri xaricdə çap olunmuşdur. Alimin əsərlərinə tanınmış beynəlxalq jurnallarda çox sayda istinad vardır. T.Kəngərlinin rəhbərliyi ilə 1 əcnəbi (İsveçrə) fəlsəfə doktoru hazırlanmışdır. Alim bir sıra beynəlxalq konfrans, simpozium və konqreslərdə məruzə ilə çıxış etmişdir. Geologiya və ekologiya sahələrində beynəlxalq (İSAR, OSİ/Azerbaijan, CİDA, CEP, REC Caucasus, İNTAS, SRDF, STCU, MEBE, DARİUS, SCOPES, CNRS) və respublika (QHT DDŞ, EİF, ARDNŞ-in Elm Fondu) qrant layihələrinin qalibi olmuşdur.

Tələt Kəngərli Geoloji İrsin Mühafizəsi üzrə Avropa Assosiasiyasının (ProGEO), Mineral Ehtiyatlar üzrə Beynəlxalq Agentliyin (MinPRO), Geologiya Elmləri üzrə Avropa İttifaqının (EGU), Amerika Geofiziklər İttifaqının (AGU) fərdi üzvü, Rusiya Təbiət Elmləri Akademiyası və Həyat Fəaliyyətinin Ekologiyası və Təhlükəsizliyi Elmləri Beynəlxalq Akademiyasının həqiqi üzvüdür. O, həmçinin Geologiya və Geofizika İnstitutu nəzdindəki ЕD 1.01 dissertasiya şurasının, “ANAS Transactions. Earth Sciences” və “Yer və İnsan” jurnallarının redaksiya heyətinin üzvüdür.

Tələt Kəngərli istehsalatdakı geoloji fəaliyyətinə görə keçmiş SSRİ Geologiya Nazirliyinin, Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin Fəxri fərmanları ilə təltif edilmişdir. Alim 2018-ci ildə “Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu”na layiq görülmüşdür.

Azərbaycan geologiya elminin inkişafında mühüm xidmətləri olan alimi 75 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, elmi-təşkilati fəaliyyətində uğurlar arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: