AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi, dahi mütəfəkkir şair Əfzələddin Xaqani Şirvaninin anadan olmasının 900 illiyi münasibətilə “Xaqani Şirvani - 900” adlı virtual sərgi hazırlanıb.
Virtual sərgi Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2026-cı il tarixli “Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası çərçivəsində ərsəyə gətirilib.
Virtual sərgidə Xaqani Şirvaninin həyat yolu, zəngin yaradıcılığı, əsərlərindən seçilmiş nümunələr, sənədli film, şairin müxtəlif dövrlərdə yaradılmış portretləri, Azərbaycanda və xaricdə ucaldılmış abidələri, eləcə də adının əbədiləşdirilməsi ilə bağlı materiallar təqdim olunur. Burada həmçinin Xaqani Şirvaninin ədəbi irsi, ictimai-fəlsəfi görüşləri və Azərbaycan poeziyasının inkişafındakı müstəsna xidmətlərini əks etdirən məlumatlar yer alıb.
Sərgidə dahi şairin həyatı və yaradıcılığına dair MEK-in fondlarında mühafizə olunan Azərbaycan və rus dillərində nəşr edilmiş kitablar, monoqrafiyalar, elmi tədqiqatlar, biblioqrafik göstəricilər və digər qiymətli mənbələr nümayiş etdirilir. Bunlardan “Sözün Xaqanı”, “Xaqani Şirvani. Həyatı və yaradıcılığı”, “Seçilmiş əsərləri”, “Xaqani Şirvani. Rübailər”, “Xaqani Şirvani. Biblioqrafiya”, “Xaqani Şirvani. Həyatı, dövrü və mühiti”, “XII əsrin görkəmli Azərbaycan şairi Əfzələddin Xaqaninin həyat və yaradıcılığına həsr olunan milli seminarın materialları”, “Töhfətül-İraqeyn”, “Вознесение слова”, “Ветер в руке”, “Xaqani Şirvaninin ərəbcə əsərlərinin izi ilə” və başqalarını qeyd etmək olar.
Bundan əlavə, MEK-in sərgi salonunda ənənəvi kitab sərgisi də təşkil edilib. İlboyu davam edəcək sərgi geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Nəşrlərdən elmi işçilər, tələbələr, həmçinin Xaqani Şirvaninin həyatı və yaradıcılığı ilə maraqlanan oxucular yararlana bilərlər.
Linkə daxil olub virtual sərgi ilə tanış ola bilərsiniz.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.