Bu gün Azərbaycanda botanika və bitki fiziologiyası sahəsində tanınmış alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, biologiya elmləri doktoru, professor, AR ETN Təbiət Tarixi Muzeyinin baş elmi işçisi Validə Mövsüm qızı Əli-zadənin anadan olmasının 80 illiyi tamam olur.
Validə Əli-zadə 1946-cı il yanvarın 31-də Bakı şəhərində anadan olmuşdur. O, 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Biologiya fakültəsini bitirmiş və həmin il Azərbaycan EA Botanika İnstitutunun aspiranturasına daxil olmuşdur. Elmi fəaliyyətini erkən yaşlardan başlayan Validə Əlizadə 1969-1971-ci illərdə SSRİ EA Bitki Fiziologiyası İnstitutuna ezam edilmişdir. 1974-cü ildə Moskva şəhərində “Günəbaxanın kök sistemində şirə ifrazı zamanı keçici proseslər” mövzusunda namizədlik, 1994-cü ildə Bakı şəhərində “Bitki köklərində kalium nəqlinin hərəkətverici qüvvələrinin ion və hormonal tənzimlənməsi” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. 2012-ci ildə alimə professor elmi adı verilmişdir.
Alimin elmi-pedaqoji və təşkilati fəaliyyəti dövlət səviyyəsində yüksək qiymətləndirilmiş, o, 2014-cü ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə həqiqi üzvü seçilmişdir. Validə Əli-zadə uzun illər ərzində biologiya elmlərinin inkişafına sanballı töhfələr vermiş, elmi tədqiqatları və yetişdirdiyi kadrlarla Azərbaycan elminin nüfuzunun artmasına xidmət etmişdir.
Validə Əli-zadə 1971-ci ildə Azərbaycan EA-nın Botanika İnstitutunda baş laborant vəzifəsində əmək fəaliyyətinə başlamışdır. Sonrakı illərdə elmi fəaliyyətini ardıcıl şəkildə inkişaf etdirərək kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi və şöbə müdiri vəzifələrində çalışmışdır.
1996-2011-ci illərdə Botanika İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmış alim 2011-2021-ci illərdə institutun direktoru kimi fəaliyyət göstərmişdir. Bu dövrdə institutda elmi tədqiqatların genişləndirilməsi, kadr potensialının gücləndirilməsi və beynəlxalq elmi əlaqələrin inkişafı istiqamətində mühüm işlər görmüşdür.
Akademik Validə Əli-zadə 2016-2018-ci illərdə AMEA Mərkəzi Nəbatat Bağının direktoru səlahiyyətlərini icra etmişdir.
2021-ci ildən etibarən AR ETN Təbiət Tarixi Muzeyinin baş elmi işçisi kimi fəaliyyətini davam etdirən akademik Validə Əli-zadə hazırda da biologiya elminin aktual problemləri üzrə tədqiqatlar aparır.
Validə Əli-zadənin elmi yaradıcılığı müasir biologiya və ekologiya elmlərinin ən aktual istiqamətlərini əhatə edir. Alimin əsas tədqiqat sahələri ətraf mühitin müxtəlif antropogen amillərlə çirklənməsi şəraitində bitkilərin formalaşması və təkamülü, onların ekologiyası və mühafizəsi, həmçinin davamlılığını təmin edən hüceyrə və molekulyar mexanizmlərin öyrənilməsi ilə bağlıdır. Bu tədqiqatlar biomüxtəlifliyin qorunması və davamlı inkişafı konsepsiyasının elmi əsaslarının formalaşdırılmasına töhfə vermişdir.
Validə Əli-zadə uzun illər ərzində Azərbaycanın bitki örtüyünün mühafizəsi və nadir floristik komponentlərin qorunması istiqamətində aparılan elmi işlərin fəal iştirakçısı və təşəbbüskarı olmuşdur. O, Azərbaycan Respublikasının “Qırmızı Kitab”ının II nəşrinin məsul redaktoru (2013), III nəşrinin (2023) redaksiya heyətinin üzvü və tərtibçilərindən biri kimi ölkənin nadir və nəsli kəsilmək təhlükəsi altında olan bitki növlərinin elmi əsaslarla qiymətləndirilməsində və mühafizə strategiyalarının hazırlanmasında mühüm rol oynamışdır.
Alimin beynəlxalq səviyyədə elmi əhəmiyyət kəsb edən əsərləri sırasında “Qafqazın endem bitkilərinin Qırmızı Siyahısı” adlı sistematik monoqrafiya (ABŞ, 2014) xüsusi yer tutur. Bundan əlavə, “Qafqazın etnobotanikası” ensiklopediya nəşrləri (2017, 2025) və “Böyük Qafqazın bitkiləri” (2018) fundamental əsərləri regionun florasının kompleks şəkildə öyrənilməsinə, eləcə də ənənəvi biliklərin elmi dövriyyəyə daxil edilməsinə imkan yaratmışdır. Bu əsərlər Qafqaz regionunun floristik zənginliyinin qorunması və təbliği baxımından mühüm elmi mənbələr hesab olunur.
Validə Əli-zadənin elmi fəaliyyətinin mühüm cəhətlərindən biri də Botanika İnstitutunda ekosistemlərin öyrənilməsi metodologiyasına yeni elmi yanaşmaların gətirilməsi ilə bağlıdır. Məhz onun təşəbbüsü və elmi rəhbərliyi ilə populyasiya ontogenezi, etnobotanika, fitososiologiya və biomüxtəlifliyin informatikası kimi müasir elmi istiqamətlər institutun tədqiqat praktikasına daxil edilmişdir. Bu yanaşmalar ekosistemlərin kompleks şəkildə qiymətləndirilməsinə, flora və bitki örtüyünün müasir çağırışlar kontekstində öyrənilməsinə geniş imkanlar açmışdır.
Ümumilikdə, Validə Əli-zadənin elmi fəaliyyəti Azərbaycan botanika elminin inkişafında rol oynamışdır və onun tədqiqatları bu gün də biomüxtəlifliyin qorunması və ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində aktual elmi əsas kimi dəyərləndirilir.
Validə Əli-zadə elmi fəaliyyətini beynəlxalq əməkdaşlıq müstəvisində də uğurla davam etdirmiş, biomüxtəlifliyin qorunması və ekosistemlərin davamlı idarə olunması sahəsində bir sıra mühüm beynəlxalq layihə və proqramların həyata keçirilməsində fəal iştirak etmişdir. O, NATO, STCU, CRDF, CEPF, ICBA, IUCN və digər nüfuzlu beynəlxalq qurumların xətti ilə reallaşdırılan layihələrdə Azərbaycan üzrə əlaqələndirici və aparıcı icraçı kimi çıxış etmiş, ölkənin elmi potensialının beynəlxalq elmi məkanla inteqrasiyasına mühüm töhfələr vermişdir.
2015-2017-ci illərdə Validə Əli-zadə Avropa və Mərkəzi Asiya regionu üzrə Biomüxtəliflik və Ekosistem Xidmətləri haqqında Hökumətlərarası Elmi-Siyasət Platformasının (IPBES) aparıcı eksperti olmuşdur. Bu çərçivədə o, elmi biliklərin qərarvermə proseslərinə inteqrasiyası, biomüxtəlifliyin qorunması üzrə regional qiymətləndirmələrin hazırlanması və ekosistemlərin davamlı istifadəsi məsələlərinin elmi əsaslarla işlənməsində yaxından iştirak etmişdir.
Alim eyni zamanda Qafqaz regionunda bioloji müxtəlifliyin mühafizəsinə yönəldilmiş bir sıra beynəlxalq proqramlara rəhbərlik etmiş, transsərhəd ekosistemlərin qorunması, nadir və endem bitki növlərinin saxlanılması, eləcə də regional əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm təşəbbüslərlə çıxış etmişdir. Bu fəaliyyətlər nəticəsində Qafqazın unikal flora və ekosistemlərinin beynəlxalq səviyyədə tanıdılması və qorunması istiqamətində davamlı elmi əsaslar formalaşdırılmışdır.
Akademik Validə Əli-zadənin elmi irsi zənginliyi və çoxşaxəliliyi ilə seçilir. O, ümumilikdə 275 elmi əsərin müəllifidir ki, bu əsərlərin sırasında 2 monoqrafiya, 9 kitab fəsli, 2 ixtira, həmçinin 2 fundamental kitab xüsusi yer tutur. Alimin elmi tədqiqatları respublika və beynəlxalq elmi jurnallarda dərc olunmuş, biomüxtəlifliyin qorunması, bitkilərin ekologiyası və müasir botanikanın aktual problemlərinə həsr edilmişdir.
Akademik Validə Əli-zadə uzun illər ərzində yüksəkixtisaslı elmi kadrların hazırlanmasına xüsusi diqqət yetirmişdir. Onun elmi rəhbərliyi və məsləhətçiliyi ilə 10 fəlsəfə doktoru və 1 elmlər doktoru dissertasiyası müvəffəqiyyətlə müdafiə olunmuşdur. Bu alimlər hazırda ölkənin müxtəlif elmi-tədqiqat və ali təhsil müəssisələrində uğurla fəaliyyət göstərərək müəllimlərinə baş ucalığı gətirirlər.
2021-ci ilə kimi AMEA-nın “Həyat elmləri və biotibb” jurnalının redaksiya heyətinin üzvü, Botanika İnstitutunun “Plant and Fungi Research” və “Azerbaycan Journal of Botany” jurnallarının, 2011-2020-ci illərdə nəşr olunan “Botanical World” məlumat bülleteninin baş redaktoru olmuşdur. 2022-cu ildən AMEA-da nəşr olunan “Science of History and Science of Science” beynəlxalq jurnalının redaksiya heyətinin üzvüdür.
Alim elmi-təşkilati fəaliyyət sahəsində də fəallığı ilə seçilmişdir. O, 1996-cı ildən Azərbaycan və Rusiya Botanika və Bitki Fizioloqları cəmiyyətlərinin, 2002-ci ildən Avropa Bitki Fizioloqları Cəmiyyətinin üzvü, 2009-2013-cü illərdə UNESCO yanında Bioetika, elmi biliklərin və texnologiyaların etikası üzrə Milli Komitənin üzvü, 2015-2017-ci illərdə Avropa və Mərkəzi Asiya üçün Biomüxtəliflik və Ekosistem üzrə Hökümətlərarası Platformanın (İPBES) aparıcı eksperti, 2010-2021-ci illərdə AMEA Botanika İnstitutunun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının sədri, 2019-2021-ci illərdə Azərbaycan Botaniklər Cəmiyyəti İctimai Birliyinin sədri olmuşdur. Eyni zamanda, 2023-2025-ci illərdə AR ETN Genetik Ehtiyatlar İnstitutunda Dissertasiya Şurasının üzvü kimi elmi ekspertiza və kadr hazırlığı prosesində iştirak etmişdir.
Validə Əli-zadənin elmi nailiyyətləri və elmin inkişafına verdiyi töhfələr dövlət tərəfindən və beynəlxalq səviyyədə yüksək qiymətləndirilmişdir. O, 1993-cü ildə Beynəlxalq Elm Fondunun mükafatına layiq görülmüş, 2005, 2011, 2016 və 2021-ci illərdə AMEA-nın Fəxri fərmanları ilə təltif edilmişdir. Alimə 2015-ci ildə Azərbaycan Respublikasının “Şöhrət” ordeni təqdim olunmuş, həmçinin “Bakı Dövlət Universitetinin 100 illik yubiley medalı” (2019) və “Heydər Əliyevin 100 illiyi (1923-2023) yubiley medalı” (2024) ilə təltif edilərək elmi və ictimai fəaliyyəti yüksək dəyərləndirilmişdir.
Akademik Validə Mövsüm qızı Əli-zadəni 80 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, elmi və yaradıcılıq fəaliyyətində yeni uğurlar arzulayırıq. Azərbaycanda bitki fiziologiyası və botanika elm sahələrinin inkişafına verdiyi dəyərli töhfələr, elmi irsi və yetişdirdiyi çoxsaylı kadrlarla ölkə elminin nüfuzunun yüksəldilməsində bundan sonra da xidmətlər göstərəcəyinə dərin inam bəsləyirik.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.