AMEA-nın müxbir üzvü Qardaşov Rauf Hacı oğlu 3 yanvar 1956-cı ildə Zaqatala rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tətbiqi riyaziyyat və mexanika fakültəsini bitirmişdir (1977).
R.Qardaşov 1983-cü ildə keçmiş SSRİ EA-nın Okeanologiya İnstitutunda “Təmiz və neft təbəqəsi ilə örtülmüş dəniz səthinin parlaqlıq və radiasiya xarakteristikalarının hesablanması” mövzusunda namizədlik, 2000-ci ildə həmin institutda “Güzgü əksi nöqtələr metodu ilə dəniz səthindən əks olunan işığın statistik xarakteristikalarının öyrənilməsi” mövzusunda doktorluq dissertasiyaları müdafiə etmiş, 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir.
R.Qardaşov əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının “Kaspi” elmi mərkəzində baş laborant vəzifəsində başlamış, keçmiş SSRİ EA-nın Okeanologiya İnstitutunda stajor-tədqiqatçı, aspirant, Azərbaycan EA-nın Təbii sərvətlərin kosmik tədqiqi İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, Riyaziyyat və Mexanika İnstitutunda aparıcı elmi işçi, laboratoriya müdiri, şöbə müdiri vəzifələrində işləmişdir. R.Qardaşov 1993-2007-ci illərdə İstanbul Universitetinin mühəndislik fakültəsində professor vəzifəsində işləmişdir. O, 2008-ci ildən AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunda baş elmi işçi vəzifəsində, 2017-ci ildən isə şöbə müdiri vəzifəsində çalışır.
R.Qardaşov okean və dənizlərin aerokosmik metodlarla tədqiqi sahəsində tanınmış alimdir. Onun əsas elmi nəticələri dalğalı dəniz səthində Günəş parıltılarının ölçülərinin paylanma qanununun tapılması (Gardashov distribution); dəniz səthinin şüalanma qabiliyyətinin daha dəqiq qiymətinin hesablanması; dəniz səthindən Günəş və lazer şüalarının əks olması probleminin həlli üçün “güzgü əksi nöqtələr metodu”nun işlənməsi; Günəş parıltılarının statistik xarakteristikalarına görə dalğanın və küləyin xarakteristikalarını təyin edən məsafədən zondlama metodunun işlənməsi; geostasionar orbitdən müşahidə zamanı okean üzərində Günəş parıltısının yerinin təyini metodunun işlənməsi; neft təbəqələrinin dənizin radiasiya balansına təsirinin hesablanmasıdır.
R.Qardaşov 2014-cü ildən bərpa olunan enerji mənbələri üzrə fundamental tədqiqatlar aparır. O, “Mürəkkəb relyefə malik dağlıq bölgələrdə Günəş panellərinin optimal istiqamətinin tapılmasının analitik metodu”nu işləmiş; Qarabağ regionunun Günəş və külək enerji potensialını qiymətləndirmiş; külək və dalağa enerjisinin tədqiqi sahəsində mühüm nəticələr almışdır.
R.Qardashov hazırda Xəzər dənizinin səviyyə dəyişmələri, okeanologiyada mühüm problem olan “dalğanın təhrif etdiyi sualtı obyektlərin ani təsvirlərinin bərpası” və Günəş, külək və dalğa enerjisindən optimal istifadə istiqamətlərində tədqiqatlar aparır.
R.Qardaşov 67 elmi əsərin və 1 monoqrafiyanın müəllifidir. Bunlardan 46-sı xaricdə, o cümlədən 22-i SCI-ə daxil olan impakt faktorlu jurnallarda dərc edilmişdir. Nüfuzlu beynəlxalq jurnallarda, kitablarda və layihələrdə onun əsərlərinə istinad olunur. Çox sayda beynəlxalq konfrans və simpoziumda məruzə ilə çıxış etmişdir. Beynəlxalq (UNESCO) və respublika (ARDNŞ-in Elm Fondu) qrant layihələrinin qalibi olmuşdur.
Onun rəhbərliyilə 2 fəlsəfə doktoru hazırlanmışdır. O, hazırda 3 fəlsəfə doktoru və 1 elmlər doktorunun elmi rəhbəri və elmi məsləhətçisidir.
R.Qardaşov ABƏŞ və Şahdəniz Monitorinq üzrə Texniki Məsləhət Qrupunda və AR EN yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə Alt İşçi Qrupunda AMEA-nın nümayəndəsidir.
R.Qardaşov SCI-ə daxil olan “İnternational Journal of Remote Sensing” jurnalının resenzentidir.
R.H.Qardaşovun adı Amerikada dərc olunan “Who is Who in World “ (“Dünyada kim kimdir”) kataloqunun 2010-cu il buraxılışına daxil edilmişdir.
O, İstanbul Universitetində işlədiyi müddətdə 2 dəfə İstanbul Universitetinin “Başarılı Araştırıcı Belgesi”-ni, 3 dəfə TÜBİTAK-ın mükafatını almışdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.