2-8 iyul 2026-cı il tarixlərində Avstriyanın Tirol federal əyalətinin Obergurgl qəsəbəsində “GEO Mountains Youth Ideathon” proqramı və “Regional Mountain Conference 2026 (RMC2026)” beynəlxalq konfransı keçirilib. Dünyanın müxtəlif ölkələrindən seçilmiş gənc alim və mütəxəssislərin iştirak etdiyi proqramın əsas məqsədi dağlıq ərazilərdə davamlı inkişaf, təbii fəlakət risklərinin idarə olunması, iqlim dəyişmələrinin təsirlərinin qiymətləndirilməsi və Yer Müşahidəsi (Earth Observation) məlumatlarından istifadə etməklə innovativ həllərin hazırlanması olub.
AR ETN Coğrafiya İnstitutunun əməkdaşı Nazim Gəraylı proqramda Azərbaycanı təmsil edib. Tədbirin ilk günündə Nazim Gəraylı “Land Management in the Northern Greater Caucasus of Azerbaijan: Human and Climate Impacts on Mountain Landscapes” mövzusunda təqdimatla çıxış edərək Azərbaycanın Böyük Qafqazının şimal hissəsində torpaq idarəçiliyi, insan fəaliyyətinin və iqlim dəyişmələrinin dağ landşaftlarına təsiri, eləcə də regionda müşahidə olunan ekoloji problemlər və onların həlli istiqamətində aparılan elmi tədqiqatlar barədə iştirakçılara ətraflı məlumat verib.
Proqram çərçivəsində iştirakçılar beynəlxalq komandalara bölünərək real problemlər üzərində işləyiblər. Nazim Gəraylının daxil olduğu komandaya Lesotoda həddindən artıq otarmanın landşaftlara təsirinin peyk məlumatları və Yer Müşahidəsi texnologiyaları əsasında qiymətləndirilməsi, deqradasiya proseslərinin müəyyən edilməsi və bu problemlərin aradan qaldırılması üçün praktik və tətbiq oluna bilən həllərin hazırlanması tapşırığı verilib.
Komanda qısa müddət ərzində peyk təsvirləri, coğrafi informasiya sistemləri (GIS), elmi məlumatlar və yerli xüsusiyyətlər əsasında problemin təhlilini apararaq torpaq deqradasiyasının azaldılması və dayanıqlı otlaq idarəçiliyinin təşviqinə yönəlmiş innovativ həll paketi hazırlayıb. Hazırlanmış layihə proqramın son günündə keçirilən Regional Mountain Conference 2026 (RMC2026) çərçivəsində beynəlxalq ekspertlər, alimlər və konfrans iştirakçıları qarşısında Nazim Gəraylı tərəfindən uğurla təqdim olunub.
Tədbir çərçivəsində iştirakçılar dağlıq ərazilərdə təbii risklərin idarə olunması, iqlim dəyişmələrinə uyğunlaşma, biomüxtəlifliyin qorunması, dayanıqlı torpaq idarəçiliyi, Yer Müşahidəsi texnologiyalarının tətbiqi və beynəlxalq elmi əməkdaşlıq istiqamətində aparılan ən son tədqiqatlarla tanış olublar. Proqram iştirakçıları müxtəlif ölkələrdən olan alimlər, beynəlxalq təşkilatların nümayəndələri və ekspertlərlə geniş fikir mübadiləsi apararaq gələcək birgə elmi layihələr və əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Tədbirin yekununda təşkilatçılar proqramın dağlıq regionlardan olan gənc mütəxəssislər arasında beynəlxalq əməkdaşlıq şəbəkəsinin formalaşdırılması, Yer Müşahidəsi texnologiyalarının praktik problemlərin həllində tətbiqi və hazırlanmış innovativ həllərin müxtəlif ölkələrdə istifadə olunmasının təşviqi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Hazırlanmış layihələrin nəticələrinin GEO Mountains və Mountain Research Initiative platformalarında, eləcə də beynəlxalq elmi informasiya resurslarında paylaşılacağı bildirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.