Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü Vəli Hüseynovun 60 yaşı tamam olur
01.02.2024 15:22
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Vəli Hüseynovun 60 yaşı tamam olur

Bu gün AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Vəli Hüseynovun anadan olmasının 60 ili tamam olur.

Vəli Allahverdi oğlu Hüseynov 1 fevral 1964-cü ildə anadan olmuş və 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsinə qəbul olunmuşdur. O, 1984-cü ildə Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin göndərişi ilə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fizika fakültəsinin 3-cü kursuna köçürülmüş və 1988-ci ildə həmin universiteti bitirmişdir.

V.Hüseynov 1994-cü ildə Moskva Dövlət Universitetində “Xarici maqnit sahəsində neytrino-lepton prosesləri” mövzusunda namizədlik, 2003-cü ildə Bakı Dövlət Universitetində “Xarici maqnit sahəsində lepton prosesləri” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmiş, 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü seçilmişdir. Alim 1998-ci ildə dosent, 2012-ci ildə professor elmi adını almışdır.

AMEA-nın müxbir üzvü Vəli Hüseynovun elmi tədqiqatları nüvə fizikasının ayrıca bölməsi olan elementar zərrəciklər fizikası, sahələrin kvant nəzəriyyəsi, astrofizika və kosmologiya sahələrini əhatə edir. Alimin elmi işləri xarici maqnit sahəsində, o cümlədən ifratgüclü maqnitləşmiş ulduzlarda neytrino və antineytrinoların iştirakı ilə gedən lepton proseslərinin, bu proseslərdə ortaya çıxan polyarlaşma effektlərinin və spin asimmetriyalarının, adi neytron ulduzlarının, maqnitarların və ifratyenilərin qızma və soyuması ilə bağlı məsələlərin, ağır neytral bozonların və Hiqqs bozonunun xassələrinin tədqiqinə həsr olunub. Onun son dövrlərdə apardığı tədqiqatlar aşağı enerjili neytrino və antineytrinoları, o cümlədən kosmik relikt neytrino və antineytrinoların detektə olunmasını, aşağı enerjili neytrino və antineytrinoların enerjisinin gücləndirilməsi və enerjinin neytrino və antineytrinolar vasitəsilə uzaq məsafələrə ötürülməsi məsələlərini ehtiva edir.

AMEA-nın müxbir üzvü Vəli Hüseynov 100-dən artıq elmi əsərin müəllifidir. Onun məqalələri ABŞ, Böyük Britaniya, Şimali İrlandiya, Yaponiya, Almaniya, Rusiya, Fransa, İtaliya və başqa ölkələrin nüfuzlu dövri elmi nəşrləri və məcmuələrində, o cümlədən, “Physical Review D”, “ournal of Physics G: Nuclear and Particle Physics”, “Ядерная физика”, “American Institute of Physics Conference Proceedings”, “Proceedings of International Astronautical Congress” kimi jurnallarda dərc olunub. Alim Triest, Dubna, Kioto, Malmö, Staffordşire, Hamburq, Nyu-York və Paris şəhərlərində keçirilmiş beynəlxalq konqres, simpozium, elmi konfrans və digər elmi tədbirlərdə iştirak edərək elmi məruzələrlə çıxış etmişdir. Alim, həmçinin 73 və 74-cü Beynəlxalq Astronavtika Konqreslərində məruzələrlə iştirak etmişdir.

Azərbaycan fizika elminin inkişafında mühüm xidmətləri olan alimi 60 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, elmi-təşkilati fəaliyyətində uğurlar arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: