Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü Məsumə Məlikovanın 95 yaşı tamam olub
22.11.2024 10:20
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Məsumə Məlikovanın 95 yaşı tamam olub

Azərbaycanın Əməkdar hüquqşünası, Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının müdiri, “Şərəf” və “Şöhrət” ordenli, AMEA-nın müxbir üzvü Məsumə Məlikovanın 95 yaşı tamam olub.

Mənsumə Fazil qızı Məlikova 1929-cu ildə Bakıda anadan olub. 1947-1952-ci illərdə Azərbaycan Dövlət Universitetinin (ADU) Hüquq fakültəsində təhsil alıb. Universiteti bitirdikdən sonra ADU-nun Hüquq fakültəsinin Dövlət hüququ kafedrasında müəllim, daha sonra baş müəllim, 1960-1968-ci illərdə isə dosent vəzifələrində çalışıb. Alim 1968-ci ildən indiyədək BDU-nun Hüquq fakültəsinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasına rəhbərlik edir.

O, 1958-ci ildə M.V.Lomonosov adına MDU-da “M.F.Axundovun ictimai-siyasi baxışları” mövzusunda namizədlik, 1973-cü ildə isə “XIX əsrin ikinci yarısı-20-ci əsrin başlanğıcında Azərbaycan maarifçilərinin siyasi və hüquqi baxışları” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib, 1974-cü ildə professor elmi adını alıb, 1989-cu ildə isə Azərbaycan MEA-nın müxbir üzvü seçilib.

Hüquq elminin inkişafında böyük xidmətləri olan və hələ də bu sahədə fəaliyyət göstərən Mənsumə xanım hüquq elminə saysız-hesabsız töhfələr verib. Alimin elmi fəaliyyəti hüquqşünaslığın iki mühüm sahəsinin - siyasi və hüquqi təlimlər tarixinin və dövlət və hüquq nəzəriyyəsinin aktual problemlərinin tədqiqinə həsr edilib.

Mənsumə Məlikova Azərbaycanın siyasi və hüquqi təlimlər tarixinin öyrənilməsi məktəbinin banisidir. O, Azərbaycanda ilk dəfə olaraq milli siyasi və hüquqi fikir tarixinin öyrənilməsinin əsasını qoyub, hüqüqşünaslıqda yeni bir istiqamət yaradıb. Alim ölkəmizdə yüksəkixtisaslı kadr potensialının formalaşmasında, hüquq elminin dərinliklərinə bələd olan yeni mütəxəssislərin yetişdirilməsində əvəzsiz xidmətlər göstərib.

O, bir çox dərs vəsaiti, dərslik və monoqrafiyanın, həmçinin 150-dən artıq risalə və elmi məqalənin müəllifidir. Alimin rəhbərliyi altında lmi rəhbərliyi ilə 35-dən artıq namizədlik, o cümlədən 4 doktorluq dissertasiyası müdafiə edilib.

Professor Məsumə Məlikova 23 sentyabr 1989-cu ildə Azərbaycan SSR Ali Sovetində qəbul edilmiş “Azərbaycan SSR-in dövlət suverenliyi haqqında” Konstitusiya qanununu tərtib edənlərdən biri, Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi 1978-ci il Azərbaycan SSR Konstitusiyasının və 1995-ci il Azərbaycan Respublikası Konstitusiyasının hazırlanması üzrə komissiyanın üzvü olub.

Alim bir sıra tədris proqramlarının da müəllifidir. 1979-cu ildə "Azərbaycanın siyasi nəzəriyyələr tarixi”, 1985-ci ildə "Siyasi və hüquqi nəzəriyyələr tarixi” , 1994-cü ildə "Müsəlman hüququnun əsasları”, 1996-cı ildə "Ümumi dövlət və hüquq tarixi”, 1998-ci ildə "Dövlət və hüquq nəzəriyyəsi”, "Azərbaycanın dövlət və hüquq tarixi”, 2019-cu ildə "Hüquq nəzəriyyəsi” və digər tədris proqramlarını nəşr etdirib.

Onun xidmətləri dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib. Mənsumə Məlikova 1969-cu ildə “Azərbaycan SSR-in Əməkdar hüquqşünası” fəxri adına, 1976-cı ildə "Şərəf nişanı” ordeninə, 1985-ci ildə "Əmək veteranı” medalına, 2000-ci ildə "Şöhrət” ordeninə layiq görülüb. Prezident İlham Əliyevin 30 oktyabr 2009-cu il tarixli Sərəncamına əsasən Azərbaycanda təhsilin və elmin inkişafında xidmətlərinə görə alimə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

Həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi döş nişanı”, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Daxili İşlər Nazirliyinin və AMEA-nın Fəxri fərmanları ilə təltif edilib.

AMEA-nın müxbir üzvü Məsumə Məlikovanı 95 illik yubileyi münasibətilə təbrik edir, ona can sağlığı və fəaliyyətində uğurlar arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: