2024-cü ildə klassik yarımkeçiricilər olan selen, germanium, silisium, A3B5 tipli yarımkeçirici birləşmələr və onlar əsasında bərk məhlullarda, evtektikalarda köçürmə hadisələrinin tədqiqi ilə məşğul olmuş görkəmli alim Maqsud Əliyevin 100 yaşı tamam olur.
Əliyev Maqsud İsfəndiyar oğlu 1924-cü il avqustun 27-də Tbilisi şəhərində anadan olmuşdur. 1941-ci ildə Tbilisi Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinə daxil olmuş, 1943-1945-ci illərdə Böyük Vətən müharibəsində iştirakı ilə əlaqədar təhsili yarımçıq qalmış və müharibədən sonra 1950-ci ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) bitirmişdir. 1957-ci ildə fizika üzrə fəlsəfə doktoru və 1966-cı ildə fizika üzrə elmlər doktoru elmi dərəcəsini, 1967-ci ildə professor elmi adını almış, 1969-cu ildə Azərbaycan SSR EA-nın müxbir üzvü, 1980-ci ildə həqiqi üzvü seçilmişdir.
1961-ci ildə Azərbaycan SSR EA Fizika İnstitutunda baş elmi işçi, sonra isə Yarımkeçiricilərdə və yarımkeçiri nanostrukturlarda köçürmə hadisələri laboratoriyasının müdiri olmuş, bir sıra təhsil ocaqlarında pedaqoji fəaliyyətini davam etdirmişdir. 1971-ci ildən Azərbaycan SSR EA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibinin müavini, Fizika İnstitutunda Ümumi sektorun rəhbəri vəzifələrində çalışmışdır.
M.Əliyev klassik yarımkeçiricilər olan selen, germanium, silisium, A3B5 tipli yarımkeçirici birləşmələr və onlar əsasında bərk məhlullarda, evtektikalarda köçürmə hadisələrinin tədqiqi ilə məşğul olmuşdur. Onun rəhbərliyi ilə yarımkeçiricilərdə elektron və fonon prosesləri, zolaq quruluşu öyrənilmiş, bəzi yarımkeçirici-metal evtektikalarında ifratkeçirmə və Cozefson effekti tədqiq olunmuşdur. İlk dəfə olaraq A3B5 birləşmələri və onların bərk məhlullarının istilik keçirməsinin tədqiqinə dair işlərə rəhbərlik etmişdir. Bu tədqiqat işləri sayəsində onun elmi məktəbi yaranmış və hazırda həmin məktəbin nümayəndələri yalnız AR Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda deyil, həmçinin respublikamızın və başqa ölkələrin elm və təhsil ocaqlarında çalışırlar.
M.Əliyev 350-dən artıq məqalənin, 30 müəlliflik şəhadətnaməsinin və patentin müəllifi idi. Onun rəhbərliyi ilə 35 fəlsəfə doktoru, 7 elmlər doktoru yetişdirilmişdir.
“Şöhrət” ordeni (2004), “Almaniya üzərində Qələbə” medalı (1946), “Vətən müharibəsi” ordeni (1985), “Xalqlar dostluğu” ordeni (1986), akademik Y.Məmmədəliyev adına mükafat və medal (1994), “Sülhün səfiri” beynəlxalq diplomu (2003) ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının Əməkdar elm xadimidir (1989).
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutu cari ildə M.Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirməyi nəzərdə tutmuşdur.
Akademik Maqsud Əliyev 23 dekabr 2016-cı ildə vəfat etmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.