Noyabrın 26-da görkəmli şərqşünas alim AMEA-nın vitse-prezidenti v.i.e., akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəli qızı Baxşəliyevanın 70 yaşı tamam olur.
Gövhər Baxşəliyeva 26 noyabr 1954-cü ildə Bərdə şəhərində anadan olub. 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinə daxil olub, 1977-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirib.
Əmək fəaliyyətinə AEA-nın Şərqşünaslıq İnstitutunda başlayan alim baş laborant, kiçik elmi işçi, elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifələrində çalışıb. O, 1993-cü ildən Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini işləyib, 1997-ci ildən institutun direktoru vəzifəsini icra edən olub. 2002-ci ildən Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsində çalışır. 2022-ci ildən AMEA-nın vitse-prezidenti vəzifəsini icra edir.
O, 1984-cü ildə “Müasir Suriya ədəbiyyatında vətənpərvərlik mövzusu” mövzusunda namizədlik, 1996-cı ildə “Əbül-l-Fərəc əl-İsfəhaninin “Nəğmələr kitabı” və klassik Azərbaycan ədəbiyyatı” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib, 2004-cü ildə professor elmi adını alıb. 2014-cü ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilib. Həmçinin Beynəlxalq Elmlər Akademiyasının (Avstriya, İnsbruk) həqiqi üzvüdür.
Gövhər Baxşəliyeva klassik və müasir ərəb ədəbiyyatı, ərəbdilli Azərbaycan ədəbiyyatı, müqayisəli ədəbiyyatşünaslıq, ədəbi əlaqələr, mənbəşünaslıq, habelə şərqşünaslıq elminin inkişafında görkəmli xidmətləri olan və milli şərqşünaslıq elmini tədqiqatları ilə zənginləşdirən tanınmış şərqşünas alimdir. O, “Əbd əs-Salam əl-Üceyli. Həyat və yaradıcılığı”, “Əbülfərəc əl-İsfahaninin “Nəğmələr kitabı” və klassik Azərbaycan ədəbiyyatı”, “Müasir Suriya hekayəsi” və “Toufik əl-Həkimin ədəbi görüşləri” kimi fundamental monoqrafiyaların, “İslam” ensiklopedik lüğətin (həmmüəllif), habelə 20 kitabın, o cümlədən “Ölməzliyə aparan yol”, “İlahi eşq dastanları”, “Məqalələr, məruzələr, müsahibələr” 4 cilddə, “Əsassız erməni iddiaları və tarixi faktlar” (İngilis dilindən Azərbaycan və rus dillərinə tərcümə), “Этническая идентичность Низами Гянджеви” (rus, ingilis və fars dillərində), “Unudulmaz lider” və s. kitablarının, həmçinin orta əsr mənbələrinin şərhli filoloji tərcümələrinin müəllifidir. Xaricdə 27 məqalə, məruzə və tezisi işıq üzü görüb.
Onun əsərləri keçmiş sovet respublikalarında və ərəb ölkələrində elmi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanıb, haqqında mətbuatda yazılar gedib, tədqiqatlarda əsərlərinə çoxsaylı istinadlar edilib. Alim Azərbaycan şərqşünaslıq elmini bir çox xarici ölkələrdə (Almaniya, Türkiyə, Rusiya, İran, İtaliya, Fransa, Misir, Liviya, BƏƏ, Suriya, Çin, Rumıniya, Macarıstan, Polşa) layiqincə təmsil edib.
Gövhər Baxşəliyeva şərqşünaslıq sahəsində bir çox əsərlərin elmi redaktorudur. “Şərq araşdırmaları” elmi-nəzəri və “Azərbaycan şərqşünaslığı” elmi-kütləvi dərgilərin baş reaktorudur. Həmçinin bir sıra dərgilərin redaksiya heyətinin üzvüdür.
Görkəmli alim milli və xarici (Türkiyə, Misir, İraq, BƏƏ, İran və s.) şərqşünas kadrların hazırlanmasında fəal iştirak edib, onun bilavasitə rəhbərliyi ilə 25 namizədlik və 2 doktorluq dissertasiyası müdafiə olunub. O, “Türk xalqları ədəbiyyatı”, “Dünya ədəbiyyatı (ərəb ədəbiyyatı)” və “Dünya ədəbiyyatı (fars ədəbiyyatı)” ixtisasları üzrə Müdafiə şurasının sədridir. Uzun illər şərqşünaslıq sahəsində respublikada aparılan elmi işlərin koordinasiyası üzrə Problem Şurasının sədri olub.
Pedaqoji fəaliyyətlə də məşğul olan Gövhər Baxşəliyeva Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ərəb ədəbiyyatı fənni üzrə xüsusi kurs aparıb.
O, elm təşkilatçısı kimi də xeyli işlər görüb. Alimin Şərqşünaslıq İnstitutuna rəhbərliyi dövründə şərqşünaslıq elminin ən müxtəlif sahələrinə aid onlarca tədqiqat hazırlanaraq çap olunub, bir çox beynəlxalq və respublika elmi konfrans və simpoziumları keçirilub, institutun perspektiv inkişaf planları işlənib hazırlanıb. Qədim tarixi ənənələri olan Azərbaycan şərqşünaslığı onun rəhbərliyi dövründə yeni inkişaf mərhələsinə qədəm qoyub. İnstitutun profili və aparılan elmi tədqiqatların başlıca istiqamətləri genişlənib, Şərq ölkələrinin tarixi, iqtisadiyyatı, ictimai-fəlsəfi fikri, filologiyası, Azərbaycanın Şərq ölkələri ilə tarixi-mədəni əlaqələrinin aktual problemləri, Şərq-Qərb qarşılıqlı münasibətləri kompleks şəkildə tədqiq olunub.
AMEA-nın vitse-prezidenti v.i. edən kimi Gövhər Baxşəliyeva İctimai Elmlər Bölməsinin Elmi Şurasına sədrlik edərək böyük elmi-təşkilati fəaliyyət göstərir.
Alim, eyni zamanda ölkəmizin ictimai-siyasi həyatında da fəal iştirak edir. O, II, III, IV və V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub, 2001-2005-ci illərdə AR MM sədrinin müavini vəzifəsində çalışıb. AR MM-nin İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqında nümayəndə heyətinin rəhbəri, İKT Pİ İcraiyyə komitəsinin üzvü, Azərbaycan–Misir və Azərbaycan-Liviya Parlamentlərarası işçi qruplarının rəhbəri olub.
Gövhәr Baxşәliyeva Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvüdür.
O, elmi mühitin ön sıralarında gedәn, cәmiyyәtin inkişafına öz töhfәsini verәn, zәhmәtә vә axtarışlara üstünlük verәn ziyalılardandır. Çoxillik sәmәrәli ictimai vә elmi fәaliyyәti, әldә etdiyi bilik vә tәcrübә akademik Gövhәr Baxşәliyevanın bundan sonra da cәmiyyәtimizә fayda vermәk yollarında inamla xidmәt göstәrәcәyinә işıq salır.
Alim “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)”, “Azərbaycan polisinin 100 illiyi (1918-2018)”, Azərbaycan Respublikası Milli Məclisinin “Parlament” medalı, “Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919–2019)”, “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)”, “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)”, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı (2024), eləcə də Misir və Rumıniya Parlamentlərinin fəxri medalları ilə təltif edilib. Dəfələrlə AMEA-nın fəxri fərmanlarına layiq görülüb. “Qızıl qələm” mükafatı laureatıdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və elmin inkişafında xidmətlərinə görə akademik Gövhər Baxşəliyevanı “Şöhrət” ordeni ilə təltif edib.
Görkəmli şərqşünas alim Gövhər Baxşəliyevanı 70 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və fəaliyyətində uğurlar arzulayırıq!
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.