2025-ci il mayın 24-də biologiya elmi sahəsində tanınmış alim, AMEA-nın vitse-prezidenti, AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü İradə Hüseynovanın anadan olmasının 60 ili tamam olur.
İradə Məmməd qızı Hüseynova 24 may 1965-ci il tarixində Naxçıvan MR-in Ordubad şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1987-ci ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və universitetin Böyük Elmi Şurasının zəmanəti ilə Azərbaycan EA Botanika İnstitutunun “Molekulyar biologiya” ixtisası üzrə aspiranturasına daxil olmuşdur. 1994-cü ildə “Buğda xloroplastlarının tilakoid membranının piqment-zülal komplekslərinin formalaşmasının genetik tənzimlənməsi” mövzusunda namizədlik, 2004-cü ildə “Buğdanın fotosintetik membranının piqment-zülal komplekslərinin formalaşması və yığılmasının molekulyar-genetik mexanizmləri” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmiş, 2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə baş elmi işçi, 2009-cu ildə professor elmi adlarına layiq görülmüş, 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə həqiqi üzvü seçilmişdir.
Elmi fəaliyyətinə 1991-ci ildə Botanika İnstitutunun Məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları (hazırda AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri) şöbəsində kiçik elmi işçi kimi başlayan İradə Hüseynova burada elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi və baş elmi işçi vəzifələrində çalışmışdır. Alim 2010-cu ildə şöbənin tərkibində yeni yaradılan Bioadaptasiya laboratoriyasının müdiri seçilmişdir. Akademik İradə Hüseynova 2016-cı ildə AMEA Botanika İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin bazasında yaradılan Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru vəzifəsinə təyin olunmuşdur, 2021-ci ildən institutun baş direktorudur. Onun təşəbbüsu ilə institutda müasir elmi istiqamətlər qəbul edilmiş, yeni, o cümlədən beynəlxalq laboratoriyalar yaradılmış, institutun təşkilatlanma prosesi həyata keçirilmişdir.
Akademik İradə Hüseynova 2018-ci ildə AMEA-nın vitse-prezidenti, AMEA Rəyasət Heyətinin üzvü seçilmişdir. 2019-cu ildən AMEA Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının sədridir.
Akademik İradə Hüseynovanın elmi fəaliyyəti ali bitkilərin fotosintetik membranlarının piqment-zülal komplekslərinin sintezi, yığılması və formalaşması proseslərinin molekulyar-genetik mexanizmlərinin tədqiqinə, bitkilərin abiotik (quraqlıq, şoranlıq, radiasiya) və biotik (virus, fitoplazma, göbələk, həşərat) streslərə davamlılığının molekulyar-genetik və fizioloji-biokimyəvi əsaslarının aydınlaşdırılmasına həsr olunmuşdur. Aparılan tədqiqatlar nəticəsində Azərbaycan və dünya elmi üçün əhəmiyyətli nəticələr alınmışdır.
Rəqəmsal fenotipləmə texnologiyasından istifadə etməklə bitkilərin fizoloji vəziyyəti qeyri-invaziv olaraq qiymətləndirilmiş, RNAseq metodu ilə stresə davamlı və həssas buğda genotiplərində quraqlıq və istilik stresləri ilə induksiya olunan transkriptom analizlər həyata keçirilmişdir. Yabanı və mədəni paxlalı bitkilərdə elm üçün yeni nanovirus (Black medic leaf roll virus) identifikasiya edilmiş və onun tam genomu sekvens olunmuşdur. Dünyada ilk dəfə olaraq fitoplazmalar üçün növlərarası rekombi-nasiya müəyyən edilmiş, “Reptalus noahi” həşərat növünün “Candidatus Phytoplazma solani” fitoplazmasını yayması aşkar olunmuşdur.
İradə Hüseynova 500-ə yaxın, o cümlədən yüksək impakt faktorlu jurnallarda çap olunmuş 100-dən artıq elmi məqalənin, 7 monoqrafiya, 4 kitab, 6 buklet, 13 kitab fəsli, 1 metodik vəsait və 2 patentin müəllifidir. Alimin elmi işlərinin nəticələri çoxsaylı beynəlxalq konqres, konfrans və simpoziumlarda təqdim olunmuş və dünyanın bir sıra nüfuzlu nəşrlərində çap edilmişdir.
Akademik İradə Hüseynova elmi kadr hazırlığında bir sıra mühüm nailiyyətlər əldə etmişdir. Onun elmi rəhbərliyi və məsləhətçiliyi ilə 11 fəlsəfə və 3 elmlər doktoru hazırlanmışdır.
2010-2018-ci illərdə AR Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının Biologiya üzrə Elmi şurasının elmi katibi, sədr müavini, 2021-2024-cü illərdə Biologiya, aqrar və tibb elmləri üzrə Problem şurasının sədri olmuşdur.
O, uzun illər UNESCO yanında Bioetika, elmi biliklərin və texnologiyaların etikası üzrə Milli Komitənin sədr müavini olmuş, 2022-ci ildən birinci müavinidir.
Alim Azərbaycan Respublikasının “Qırmızı Kitab”ının 2 cildlik III nəşrinin ərsəyə gətirilməsində baş redaktorun müavini (məsul şəxs) kimi səmərəli fəaliyyət göstərmişdir.
Akademik İradə Hüseynova 2021-ci ildən işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun üzvü kimi regionda elmi tədqiqatların bərpasına və gücləndirilməsinə, tədbirlərin təşkilinə mühüm töhfələr vermişdir.
Akademik İradə Hüseynova 15-dən çox beynəlxalq və yerli tədbirin (o cümlədən, Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın 100 illik yubileylərinə, COVİD-19-a, Qarabağa elmin “Böyük Qayıdışı”na, “Yaşıl dünya naminə həmrəylik ili”nə, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr edilmiş yerli və beynəlxalq elmi tədbirlərin) sədri və ya həmsədri, Beynəlxalq Fotosintez Cəmiyyətinin bir neçə konfransının məsul katibi və təşkilat komitəsinin üzvü olmuşdur.
İradə Hüseynova AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun nəzdindəki Dissertasiya şurasının sədri, “AMEA-nın Məruzələri” və “Elm və Həyat” jurnallarının redaksiya heyətinin üzvü, AMEA-nın “Həyat Elmləri və Biotibb” jurnalının baş redaktorunun müavini, “AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi əsərləri” jurnalının baş redaktorudur.
İradə Hüseynova 1999-cu ildən etibarən Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində Molekulyar biologiya fənni üzrə ümumi kursdan, BDU-nun (2016-2023-cü illərdə həmçinin AMEA-nın) magistraturasında müxtəlif ixtisas kurslarından mühazirələr aparır. BDU-nun Molekulyar biologiya və biotexnologiyalar kafedrasının professorudur. Onun rəhbərliyi ilə 60 magistr dissertasiyası müdafiə olunmuşdur.
Alim Fotosintez Tədqiqatları üzrə Beynəlxalq Cəmiyyətin, Avropa Biokimyaçılar və Molekulyar Bioloqlar Cəmiyyətinin (FEBS), Avropa Bitki Bioloqları Cəmiyyətinin (FESPB), Azərbaycan Biokimyaçılar və Molekulyar Bioloqlar Cəmiyyətinin Rəyasət Heyətinin, Azərbaycan Botanika və Bitki Fizioloqları cəmiyyətlərinin üzvüdür.
İradə Hüseynova yerli və xarici fondlar tərəfindən maliyyələşdirilmiş çoxsaylı qrant layihələrinin rəhbəri və iştirakçısı olmuşdur.
Akademik İradə Hüseynova kənd təsərrüfatı sahəsində fundamental tədqiqatlara və əldə edilən əhəmiyyətli nəticələrə görə akademik Cəlal Əliyevlə birlikdə AMEA-nın Həsən Bəy Zərdabi adına mükafatı (2014), “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı (2019), “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı (2019), “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921-2021)” Azərbaycan Respublikasının yubiley medalı (2021), AMEA-nın Fəxri fərmanları (2006, 2010, 2015, 2020, 2021, 2023), “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı (2023), “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı (2024) ilə təltif olunmuşdur.
Tanınmış alim İqtisadi Əməkdaşlıq Təşkilatının 2023-cü il üzrə elm və texnologiya sahəsi üzrə xüsusi mükafatına, Rusiya Təbiət Elmləri Akademiyasının “EkoMir-2024” beynəlxalq ekologiya mükafatına layiq görülmüşdür.
Görkəmli alim İradə Hüseynovanı 60 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı və elmi-ictimai fəaliyyətində uğurlar arzulayırıq!
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.