Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Akademik Yusif Məmmədovun 75 yaşı tamam olur
24.01.2025 12:20
  • A-
  • A
  • A+

Akademik Yusif Məmmədovun 75 yaşı tamam olur

Yanvarın 24-də görkəmli riyaziyyatçı alim, bacarıqlı elm və təhsil təşkilatçısı, Əməkdar elm xadimi, “Şöhrət” ordenli, Bakı Dövlət Universitetinin (BDU) Riyazi-fizika tənlikləri kafedrasının müdiri akademik Yusif Əbülfət oğlu Məmmədovun 75 yaşı tamam olur.

Yusif Məmmədov 24 yanvar 1950–ci ildə Qərbi Azərbaycanın Sisyan rayonu Dəstəgird qəsəbəsində anadan olub. 1966-cı ildə orta məktəbi qızıl medalla bitirərək, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsinə daxil olub. 1971-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə başa vurub.

O, 1971-ci ildə təyinatla ADU-nun Riyazi-fizika tənlikləri kafedrasında işə başlayıb, bu kafedrada assistentdən professor vəzifəsinədək yüksəlib. 2000-2006-cı illərdə BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı, elmi işlər üzrə prorektoru olub. 2006-2016-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru işləyib. 2016-2017-ci illərdə Azərbaycan Respublikası Təhsil nazirinin müşaviri olub. Hazırda BDU-nun Riyazi-fizika tənlikləri kafedrasının müdiridir.

Yusif Məmmədov 24 yaşında "Korrekt birölçülü məsələlər və onların həllinin analitik göstərilişi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Dissertasiyada diferensial operatorların rasional dəstəsi üçün requlyarlıq, sanki requlyarlıq və normallıq problemləri tədqiq olunub, ilk dəfə olaraq belə operatorların məxsusi və qoşma elementləri üzrə ayrılış düsturu verilib. O, ilk dəfə cırlaşan adi diferensial operatorlar üçün sonsuz tərtibli məxsusi ədədlərin varlığını göstərib, məxsusi ədədlər çoxluğunun sonlu limit nöqtələri ətrafında requlyarlıq, sanki requlyarlıq və normallıq anlayışlarının elmi əsaslarını verib.

1990-cı ildə "Ümumi şəkilli adi diferensial tənliklər sistemi üçün spektral məsələlərin tədqiqi və uyğun qarışıq məsələlər üçün çıxıqlar üsulunun əsaslandırılması" mövzusunda riyaziyyat üzrə elmlər doktoru dissertasiyasını müdafiə edib, 1991-ci ildə professor elmi adını alıb. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilib.

Akademik Yusif Məmmədovun elm sahəsində fəaliyyət dairəsi zəngin və çoxşaxəlidir, riyaziyyatın mürəkkəb və az tədqiq olunan sahələrini əhatə edir. Onun elmi tədqiqatlarının aparıcı istiqamətini diferensial tənliklər və riyazi fizikanın mühüm problemlərinin araşdırılması təşkil edir. O, akademik Məcid Rəsulovun layiqli davamçısı olmaqla yanaşı, adi və xüsusi törəməli diferensial tənliklər nəzəriyyəsinin digər sahələrində də bir sıra mühüm nəticələr əldə edib.

Bundan başqa, o, birölçülü qarışıq məsələlərin korrektliyi üçün cəbri meyar tapıb, müstəvidə sonlu limit nöqtəsi olan məxsusi ədədlər çoxluğuna malik Sobolev-Qalpern tipli tənliklər üçün qarışıq məsələyə çıxıqlar üsulunun tətbiqini əsaslandırıb. Kompleks sıxlıq funksiyalı Şturm-Liuvill operatorunun məxsusi ədədlərinin asimptotik göstərişi ilk dəfə onun tərəfindən tapılıb. Özlü elastik mühitdə dalğanın yayılması prosesinin model tənliyi üçün qarışıq məsələlərin həlli sxemini əsaslandırıb, Şredinger tipinə cırlaşan parabolik tənliklər üçün ilk dəfə olaraq qarışıq məsələnin həllinin varlığı və yeganəliyini isbat edib və həll üçün analitik ifadə tapıb.

Professor Yusif Məmmədovun fəaliyyət istiqamətlərindən birini də milli riyaziyyatçı kadrların hazırlanması təşkil edir. Onun rəhbərliyi ilə 20-dək fəlsəfə doktoru və 3 elmlər doktoru dissertasiyası müdafiə olunub. Alim çoxsaylı fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının rəsmi opponenti olub. BDU və AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun nəzdində elmlər doktoru və fəlsəfə doktoru alimlik dərəcələri verən Müdafiə Şurasının üzvü kimi səmərəli fəaliyyət göstərib, ayrı-ayrı vaxtlarda ADPU-nun nəzdindəki Dissertasiya Şurasının və Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın riyaziyyat və mexanika elmləri üzrə Ekspert Şurasının sədri olub.

O, Təhsil Nazirliyi Kollegiyasının, YUNESKO-nun “Elmi biliklərin və texnologiyaların etikası” Azərbaycan Komitəsinin üzvü, Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən fasiləsiz pedaqoji təhsil üzrə Koordinasiya Şurasının sədri, “ADPU-nun Xəbərləri” elmi məcmuəsinin baş redaktoru olub. “American Journal of Applied Mathematics”, “Pure and Applied Mathematics”, “AMEA-nın Xəbərləri”, “BDU-nun Xəbərləri”, “Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri” jurnallarının redaksiya heyətinin üzvü kimi səmərəli fəaliyyət göstərir. Alimin Azərbaycanın və xarici ölkələrin nüfuzlu nəşrlərində 150-yə qədər elmi əsəri nəşr olunub.

Akademik Yusif Məmmədovun elmi və pedaqoji fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. 2000-ci ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin Sərəncamı ilə ona “Əməkdar elm xadimi” fəxri adı verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2010-cu ildə “Şöhrət” ordeninə, 2019-cu ildə isə 2-ci dərəcəli “Əmək” ordeninə layiq görülüb.

Riyazi-fizika və diferensial tənliklər sahəsində tanınmış alim Yusif Məmmədovu 75 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, elmi və pedaqoji fəaliyyətində uğurlar arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: