Yanvarın 6-da Azərbaycan kimya elminin tanınmış nümayəndələrindən olan görkəmli alim, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, AMEA-nın Kimya Elmləri Bölməsinin Elmi şurasının sədri, Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru akademik Dilqəm Bəbir oğlu Tağıyevin 75 yaşı tamam olur.
Akademik Dilqəm Tağıyev 1971-ci ildə Bakı Dövlət Universitetinin kimya fakültəsini fərqlənmə diplomu ilə bitirərək Azərbaycan Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun aspiranturasına daxil olmuş və Moskvaya, SSRİ EA-nın Üzvi Kimya İnstitutuna ezam olunmuşdur. O, 1975-ci ildə kimya elmləri namizədi, 1984-cü ildə isə kimya elmləri doktoru elmi dərəcəsini almaqla kataliz sahəsində SSRİ-də ən gənc yüksəkixtisaslı mütəxəssislər sırasına daxil olmuşdur.
Alim 1986-1991-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır. Kataliz sahəsində fundamental və tətbiqi tədqiqatlar aparan, onu yeni elmi biliklərlə zənginləşdirən, elmi və pedaqoji fəaliyyəti bir-birilə uzlaşdırmağı bacaran Dilqəm Tağıyev 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir. 2013-2018-ci illərdə AMEA-nın Kimya Elmləri Bölməsinin akademik-katibi olmuşdur. 2014-cü ildə AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, 2017-ci ildə AMEA-nın vitse-prezidenti seçilmişdir.
Tanınmış kimyaçı alim və elm təşkilatçısı olan akademik Dilqəm Tağıyevin əsas tədqiqat sahəsi karbohidrogenlər və onların törəmələrindən müxtəlif monomerlər və qiymətli kimyəvi məhsullar almaq üçün kristallik alümosilikatlar və fosfatlar, heteropoluturşular və 2 metal-komplekslər əsasında yüksək aktivliyə və seçiciliyə malik katalizatorların alınması və onların təsir mexanizminin tədqiqi olmuşdur. Seolit katalizi sahəsində Dilqəm Tağıyevin apardığı tədqiqatlar və əldə etdiyi mühüm elmi nəticələr 1983-cü ildə SSRİ-də nüfuzlu mükafatlardan biri olan SSRİ Lenin Komsomolu mükafatına layiq görülmüşdür. O, kimya və kimya texnologiyası sahəsində bu mükafata layiq görülmüş yeganə azərbaycanlı alim olmuşdur. Akademik Dilqəm Tağıyevin seolit və metal-silikat katalitik sistemlərində hidrogenləşmə və oksidehidrogenləşmə reaksiyalarının və oksigenin izotop mübadilə proseslərinın tədqiqi kinetikada vacib parametr olan diffuziya əmsalının ekspress təyin üsulunun işlənilməsi, seolitəbənzər quruluşlu fosfatların sintezi, seolitlərdən elektrod komponenti kimi fotoelektrokatalitik proseslərdə istifadənin mümkünlüyü və digər işləri kataliz sahəsində prioritet xarakterli tədqiqatlar olmuşdur. Alimin çoxillik tədqiqatları nəticəsində neft kimyasında vacib proseslərdən olan izomerləşmə, alkilləşmə, aromatikləşmə və digərləri üçün yeni katalitik sistemlərin yaradılması istiqamətində əhəmiyyətli nəticələr əldə edilmişdir. Onun bioloji fəal kompleks birləşmələrin və mikro məsaməli quruluşa malik klatratların sintezi, dərman maddələrinin immobilizasiyası üçün nanogellərin və Günəş enerjisinin çevrilməsində yeni elektrod materiallarının yaradılması, yumşaq şəraitdə oksidləşmə reaksiyalarını aparan katalizatorların hazırlanması və digər sahələrdə apardığı tədqiqatlar mühüm problemlərə həsr olunmuşdur.
Akademik Dilqəm Tağıyev 850-dən çox elmi əsərin, o cümlədən müxtəlif monoqrafiya, kitab və dərsliklərin, 70 patent və müəlliflik şəhadətnaməsinin müəllifidir. Onun bir çox məqalələri Clarivate Analytics bazasına daxil olan, yüksək impakt faktorlu jurnallarda çap olunmuşdur.
Alimin rəhbərliyi ilə 6 elmlər doktoru və 17 kimya üzrə fəlsəfə doktoru hazırlanmışdır.
Geniş erudisiyaya, yüksək elmi potensiala və təşkilatçılıq bacarığına malik olan akademik Dilqəm Tağıyevin elmi və elmi-təşkilati fəaliyyəti daim yüksək qiymətləndirilmişdir. O, “Əməkdə fərqlənməyə görə”, “Tərəqqi” medalları, eləcə də “Şöhrət” ordeni ilə təltif olunmuş, “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görülmüşdür.
Akademik Dilqəm Tağıyevi 75 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, fəaliyyətində uğurlar arzu edirik!
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.