AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda (MBBİ) AMEA-nın 80 illik yubileyinə və 27 Mart Elm gününə həsr olunmuş növbəti elmi seminar keçirilib.
Tədbirdə MBBİ-nin və AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları iştirak ediblər.
Seminarı giriş sözü ilə açan MBBİ-nin baş direktoru akademik İradə Hüseynova qeyd edib ki, hər il 27 mart Azərbaycanda Elm Günü kimi qeyd edilir. 2025-ci ildə Elm Günü daha böyük əhəmiyyət kəsb edir, çünki bu il Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının 80 illiyi qeyd olunur. 1945-ci ildə təsis edilən AMEA bu illər ərzində Azərbaycanın elmi potensialının formalaşmasında mühüm rol oynamış, fundamental və tətbiqi elmi tədqiqatların aparılmasına şərait yaratmışdır.
Seminarda MBBİ-nin Populyasiya genomiksi laboratoriyasının elmi işçisi Zərintac Şatırova “İnsanın genetik keçmişinə səyahət: antik DNT və Azərbaycanın antropoloji materiallarının ilkin molekulyar tədqiqi” mövzusunda çıxış edib.
Zərintac Şatırova 2024-cü ildə Almaniyanın Leypsiq şəhərində yerləşən Maks Plank Təkamül Antropologiyası İnstitutunun Arxeogenetika şöbəsində təcrübə kursu xarakterli elmi ezamiyyətdə olub. Adı çəkilən instituta 2022-ci ildə fiziologiya və tibb sahəsində Nobel mükafatına layiq görülmüş professor Paabo Svante rəhbərlik edir və institutlar arasında əməkdaşlıq barədə rəsmi memorandum imzalanıb.
Məruzəçi aDNT-nin tətbiq sahələrindən, tədqiqat zamanı ortaya çıxan problemlərdən bəhs edib və Azərbaycanın müxtəlif bölgələrindən götürülən nümunələr əsasında aparılan tədqiqatların nəticələrini təqdim edib.
Z.Şatırovanın çıxışı seminar iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Gənc tədqiqatçı verilən sualları cavablandırıb.
Məruzə ətrafında geniş müzakirələr aparılıb. Çıxış edənlər aparılan tədqiqatın əhəmiyyətini vurğulayıb və gələcəkdə birgə əməkdaşlıq şəraitində daha əhatəli elmi tədqiqatların aparılması perspektivindən bəhs ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.