Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.04.2025 19:00
  • A-
  • A
  • A+

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində elmi seminar keçirilib

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində elmi seminar keçirilib

Aprelin 25-də AMEA-nın Lənkəran Regional Elmi Mərkəzi və Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “AMEA-nın 80 illiyinə həsr olunmuş: regionun görkəmli alimləri: Mirzə Rəhimov, Sudeyf İmamverdiyev, İbrahim Quliyev, Rəşad Mahmudovun həyatı və elmi fəaliyyəti kontekstində” mövzusunda elmi seminar keçirilib.

Tədbirdən bir gün əvvəl professor İbrahim Quliyev başda olmaqla, Lənkəran REM-in, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Lənkəran Regional Bölməsinin bir qrup əməkdaşı və Qafqaz Müsəlmanları İdarəsinin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi filologiya elmləri doktoru, professor Mirzə Rəhimovun Astara şəhər qəbiristanlığındakı məzarını ziyarət edib, alimin vaxtilə yaşadığı evin barelyefi önündə onun xatirəsini anıb, ruhuna dualar oxuyublar.

Elmi seminar öz işinə başlamazdan əvvəl qonaqlar və tədbir iştirakçıları Lənkəran REM-in foyesində şəhid Mahsun Bağırzadənin xatirə guşəsinin önünə gül dəstələri qoyublar.

Sonra onlar Heydər Əliyev Xatirə parkına gələrək Ulu Öndərin abidəsini ziyarət edib, onünə çiçəklər düzüblər.

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində keçirilən elmi seminarda Azərbaycanın Dövlət Himni səsləndirilib.

Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İlk söz Lənkəran şəhər İH başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ülviyyə Əliyevaya verilib. O, qonaqları və tədbir iştirakçılarını icra başçısı Taleh Qaraşovun adından salamlayıb, Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyinin keçirilməsi ilə əlaqədar imzaladığı Sərəncamın əhəmiyyətini vurğulayıb, dövlətimizin inkişafına, Azərbaycançılıq ideologiyasına töhfələr vermiş görkəmli alimlərimizin həyat və elmi fəaliyyətinə həsr olunan elmi seminarın işinə uğurlar arzulayıb.

Tədbirin moderatorları - Lənkəran REM-in əməkdaşları Fəranə Mikayılova və Qüdrət Həsənzadə qeyd ediblər ki, ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi ilə əlaqədar 18 mart 2025-ci il tarixdə Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Azərbaycan Milli Elmlər Akademiyası yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin bir yol keçmiş, respublikanın elmi-intellektual potensialını milli sərvətə çevirən mərkəz kimi tanınmışdır. Akademiyanın ötən müddət ərzindəki səmərəli fəaliyyətinin əsasında elmin zamanın tələblərinə uyğun prioritet problemlərinin araşdırılması, ən müxtəlif elmi istiqamətlər üzrə yüksək hazırlıqlı kadrların yetişdirilməsi, elmi məktəblərin formalaşdırılması və nüfuzlu beynəlxalq elm qurumları ilə qarşılıqlı əlaqələrin genişləndirilməsi prinsipləri dayanmışdır”.

Moderatorlar AMEA-nın prezidenti akademik İsa Həbibbəylidən sitat gətirərək bildiriblər: “Prezident İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı tarixi hadisədir, Azərbaycan elminə, aliminə, ölkəmizin intellektual təbəqəsinə verilən ən yüksək dəyərdir. Bu sənədin Novruz bayramı və Elm Günü ərəfəsində imzalanması alimlərimizin ikiqat sevincinə səbəb olub. Sözügedən sənəd həyatını elmə həsr etmiş, ölkəmizdə elmi məktəblər yaratmış görkəmli alimlərimizin adı ilə bağlı olan elmi ənənələrə qayıdışa da imkan verəcəkdir”.

Moderatorlar vurğulayıblar ki, bugünkü tədbirimiz də məhz bu nəcib missiyanı həyata keçirir.

Lənkəran REM-in direktoru Mehman Qaraxan oğlu Əliyev giriş nitqində deyib ki, Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi ilə bağlı möhtərəm Prezident İlham Əliyevin məlum Sərəncamından irəli gələn vəzifələrin həyata keçirilməsi ilə əlaqədar Mərkəz silsilə tədbirlər həyata keçirir. Bugünkü tədbirimiz vətənimizin 4 böyük aliminə - Azərbaycan dilçiliyinin görkəmli nümayəndəsi, tanınmış türkoloq, şərqşünas, pedaqoq, Əməkdar müəllim, filologiya elmləri doktoru, professor Mirzə Rəhimova, urologiya sahəsində dünya şöhrətli alim, Əməkdar elm xadimi, tibb elmləri doktoru, AMEA-nın müxbir üzvü Sudeyf İmamverdiyevə, ictimai-siyasi xadim, pedaqoq, Əməkdar müəllim, hüquq elmləri doktoru, professor İbrahim Quliyevə və Milli Məclisin deputatı, tibb elmləri doktoru Rəşad Mahmudova həsr olunmuşdur.

Mehman Əliyev bildirib: “Əgər bizdən soruşsalar ki, haqqında söhbət açdığımız bu 4 alimi birləşdirən ortaq simvolik nöqtələr hansılardır? Tərəddüd etmədən deyərdik ki, onların vətənçi təfəkkürü, Azərbaycançılıq məfkurəsi, alim adının klassik qatına sonsuz sədaqətləri, alim adını uca Tanrı adına bərabər tutmaları və başlıcası, Ulu Öndər Heydər Əliyev məktəbinin ən etibarlı müdavimləri olmaları və onun yolunun layiqli davamçısı, cənab Prezident İlham Əliyevin xarici və daxili siyasətinin yanında olmaları, onu ardıcıl və dönmədən dəstəkləmələri...”

“Elmi seminarımızın adında bir “region” sözü də vardır, - deyə Mərkəzin direktoru əlavə edib: Biz əziz tələbələrimizə üzümüzü tutub demək istəyirik ki, bu söz sizi çaşdırmamalıdır. Biz həmin kəlməyə dahi şairimiz Məmməd Araz rakursundan baxmalıyıq. O rakurs isə bizə inadkarlıqla deyir:

Vətən daşı olmayandan    

Olmaz ölkə vətəndaşı...

Mehman Əliyev hər kəsin öz doğulduğu yurda, torpağa, evə, ocağa elə bağlı olmasını xüsusi vurğulayıb ki, o bağı heç bir qüvvə qopara bilməsin: Məsələn, haqqında söhbət açdığımız professor Mirzə Rəhimov ağır xəstəlik zamanı deyib ki, onu evinə, yəni doğulduğu yerə aparsınlar. Buna ölüm demək doğru deyildir. Bu, uçuşdur! Vətəndən vətənə uçmaq kimi bir nəsnədir. Necə ki, 30 illik ayrılıqdan sonra həmvətənlərimiz Qarabağa, əziz Şuşaya uçurlar. Bu gün əziz Sudeyf müəllim də, Dürdanə xanım da, İbrahim müəllim də, Rəşad müəllim də uçub bizə gəliblər. Gəldiyinizə görə hamınıza sonsuz sayğılarımızı ifadə edirik.

Mərkəzin direktoru çıxışına bu sözlərlə yekun vurub: “Biz vaxt azlığı dedik. Bu gün vaxt Demokl qılıncı kimi başımızın üstündən asılıb. Etiraf edirik, 4 nəhəng alimin elmi və ictimai-siyasi fəaliyyətini qısa zaman çərçivəsinə salmaq çox çətindir. Düşünürük ki, hər bir alim haqqında böyük konfranslar, elmi sessiyalar və elmi seminarlar keçirilməlidir”.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova daim onlara mənəvi dəstək olduğuna görə dərin minnətdarlığını bildirən Mehman Əliyev elmi seminarın işinə uğurlar arzulayıb.

Məruzələrdən əvvəl hər dörd alimin həyat və elmi fəaliyyətini əks etdirən videoçarxlar nümayiş olunub.

Sonra Lənkəran REM-in Ədəbiyyat və azsaylı xalqların folkloru şöbəsinin əməkdaşı Səfail Qurbanov “Professor Mirzə Rəhimovun dilçilik görüşləri”, Mərkəzin Herontoloji tədqiqatlar şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Hüseynova “Təbabətdə öz məktəbini yaradan cərrah-uroloq Sudeyf İmamverdiyev”, Mərkəzin Ədəbiyyat və azsaylı xalqların folkloru şöbəsinin müdiri Sərraf Talıbov “Professor İbrahim Quliyevin ictimai-siyasi və elmi fəaliyyəti” və Mərkəzin əməkdaşı Fəranə Mikayılovanın “Dünya şöhrətli ürək-damar cərrahı Rəşad Mahmudovun tibb elminə gətirdiyi yeniliklər” mövzularında məruzələri dinlənilib.

Natiqlər ölkəmizdə türkologiya məktəbini yaradanlardan biri, görkəmli alim, şərqşünas, pedaqoq, Əməkdar müəllim, filologiya elmləri doktoru, professor Mirzə Rəhimov, urologiya və andrologiya sahəsində tanınmış alim, Türk Ağsaqqalları Birliyinin sədri, Azərbaycan Tibb Universiteti Urologiya kafedrasının müdiri, “Şöhrət” və “Şərəf” ordenli, Əməkdar elm xadimi, Ulu Öndər Heydər Əliyev ideyalarına həmişə sadiq olmuş Sudeyf İmamverdiyev, Əməkdar müəllim, ömrünün 20 ilini Milli Aviasiya Akademiyasında kafedra müdiri işləmiş, ictimai-siyasi xadim, hüquq elmləri doktoru, professor, Respublika Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü İbrahim Quliyev və Azərbaycanın ürək-damar cərrahı, tibb elmləri doktoru, respublikanın Əməkdar həkimi, millət vəkili, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudovun həyat və elmi fəaliyyəti haqqında müfəssəl danışıb, onların elmimizə verdikləri töhfələrdən, ictimai-siyasi fəaliyyətlərindən ətraflı məlumat veriblər.

Görkəmli alim Mirzə Rəhimovun qızı, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti Bakı filialının Bioloji, Humanitar və İctimai elmlər şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Dürdanə Rəhimzadə çıxış edərək AMEA-nın 80 illik yubileyi ilə əlaqədar təbriklərini bildirib, atası ilə bağlı xatirələrini, onun elmi-pedaqoji fəaliyyəti, yetirmələri haqqında düşüncələrini bölüşüb, keçən il Mirzə müəllimin 95 illiyinin təntənəli şəkildə qeyd edildiyini, xarakterik cizgilərini diqqətə çatdırıb, ruhunun bu gün bizimlə olduğunu söyləyib.

Məşhur “91”lərdən olan, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Sudeyf İmamverdiyev 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanı parçalanmadan xilas etməsindən söz açıb, həyatımızın bütün sahələrində uğurlu islahatların aparılmasından, daxili və xarici siyasətdə qazanılan uğurlardan, hazırda bu siyasi kursun möhtərəm Prezident İlham Əliyev tərəfindən dönmədən davam və inkişaf etdirilməsindən bəhs edib, gələcəyin və estafetin etibarlı əllərdə olduğunu vurğulayıb.

İctimai-siyasi xadim, professor İbrahim Quliyev AMEA-nın 80 illiyi haqqında dövlət başçısının Sərəncamının, bu elmi seminarın təkcə bölgəmiz üçün deyil, eyni zamanda, respublikamız üçün əhəmiyyət daşıdığını bildirib, elmə, alimə böyük qiymət verildiyini, müəllimlərin nüfuzu yüksəldikcə cəmiyyətin də inkişaf edəcəyini önə çəkib. Ulu Öndər Heydər Əliyevin hələ sovetlər dönəmində birinci katib işləyərkən elmə mühüm diqqət yetirdiyini söyləyən İbrahim Quliyev 20 Yanvar faciəsinin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ümummilli Liderin ətrafında birləşərək ona arxa-dayaq olmalarından, 44 günlük Vətən müharibəsindən və antiterror tədbirlərindən sonra ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasından danışıb, dövlət başçımızın bu günlərdə Çin Xalq Respublikasına uğurlu rəsmi səfərindən, xalqımızın onun ətrafında sıx birləşməsindən söz açıb.

Milli Məclisin deputatı, məşhur ürək-damar cərrahı, tibb elmləri doktoru Rəşad Mahmudov gələcək nəsillərin sağlam böyüməsi, elmə yiyələnməsi və dövlətimizə xeyir verməsi üçün gənclərin qarşısında duran vəzifələrdən bəhs edib, ölkədə ictimai-siyasi sabitliyin təmin olunmasının məhz elmlə, təhsillə bağlılığını diqqətə çatdırıb.

Astara şəhər 1 nömrəli tam orta məktəbinin təqaüddə olan 91 yaşlı müəllimi, Əməkdar müəllim Heybət Hüseynov elmi seminarın yüksək səviyyədə keçdiyini, əksəriyyətinə dərs dediyi şagirdlərinin uğurlarını hər dəfə eşitdikcə sevindiyini vurğulayıb, gənclərin qarşısında duran vəzifələrdən danışıb.

Çıxış edənlərin hər biri sonda elmi seminarın yüksək səviyədə təşkilinə görə AMEA-nın, Lənkəran Şəhər İcra Hakimiyyətinin və Lənkəran REM-in rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Tədbirdə Lənkəranın ictimaiyyət, elm, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin nümayəndələri, Lənkəran Dövlət Universiteti və Lənkəran Tibb Kollecinin tələbələri iştirak ediblər.

Tədbirin keçirilməsinə yaxından dəstək olduğuna görə Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ülviyyə Əliyeva, tədbirdə fəal iştirakına görə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti Bakı filialının Bioloji, Humanitar və İctimai elmlər şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Dürdanə Rəhimzadə və Lənkəran REM-in əməkdaşları İltifat Əhmədov, Cəmil Quliyev, Elnur Həsənzadə, Aytac Baxşıyeva, Qüdrət Hüseynzadə Təşəkkürnamə ilə, Sevinc Hüseynova, Sərraf Talıbov, Fəranə Mikayılova və Səfail Qurbanov isə Fəxri fərmanla təltif olunublar. 

Sonda xatirə şəkilləri çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: