Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü Ramiz Qurbanovun 90 yaşı tamam olur
30.10.2024 11:00
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Ramiz Qurbanovun 90 yaşı tamam olur

Keçmiş SSRİ-də qeyri-Nyuton neftlərinin çıxarılmasının nəzəri və praktik əsaslarının işlənməsi sahəsində tədqiqat aparan ilk alimlərdən biri, Dövlət mükafatı laureatı, Amerika Neftçilər Cəmiyyətinin həqiqi üzvü, AMEA-nın müxbir üzvü Ramiz Qurbanovun 90 yaşı tamam olur.

Ramiz Seyfulla oğlu Qurbanov 30 oktyabr 1934-cü ildə Salyan şəhərində anadan olmuş və 1956-cı ildə Azərbaycan Sənaye İnstitutunu bitirmişdir.

O, 1963-cü ildə “Neft işində maye və qazın sızma itkilərinin təyini məsələləri” mövzusunda texnika elmləri ixtisası üzrə namizədlik, 1968-ci ildə isə “Qeyri-Nyuton neftlərinin hasilatının hidrodinamik xüsusiyyətləri” mövzusunda texnika elmləri ixtisası üzrə doktorluq dissertasiyaları müdafiə etmiş, 1989-cu ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

Alim Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Nəzəri mexanika kafedrasında assistent, baş müəllim, dosent, professor, kafedra müdiri (1961-2013), prorektor (1982-1989), Azərbaycan Politexnik İnstitutunun rektoru (1989-1990), Respublika Elmi Tədqiqatların Əlaqələndirmə Şurasının Mexanika Problem Şurasının sədri olmuşdur. O, Amerika Neftçilər Cəmiyyətinin həqiqi üzvüdür.

AMEA-nın müxbir üzvü Ramiz Qurbanov keçmiş SSRİ-də qeyri-Nyuton neftlərinin çıxarılmasının nəzəri və praktik əsaslarının işlənməsi sahəsində tədqiqat aparan ilk alimlərdəndir. Apardığı tədqiqatların nəticələri əsasən neft-mədən işində baş verən texnoloji proseslərin layihələndirilməsində yeni üsulların işlənilməsi və neft texnikasının işgörmə qabiliyyətinin artırılması ilə əlaqədardır. Onun tərəfindən ilk dəfə olaraq ştanqlı quyu nasoslarında (ŞQN) baş verən proseslərin hidrodinamikasını əsaslandırmaq hesabına həmin nasosların istismar göstəricilərinin yaxşılaşdırılmasına yönəlmiş metodika işlənmiş, nəzəri və laboratoriya-sənaye tədqiqatları əsasında plunjer-silindr cütündə özlü və anomal mayelərin qeyri-stasionar rejimdə sızmasını təyin etmək üçün asılılıqlar müəyyən olunmuş və bunun sayəsində sızmanın azaldılması yolları müəyyən edilmişdir. Yüksək qaz debitli quyularda qazın zərərli təsirinin aradan qaldırılmasına və nasosun səmərəli iş rejiminin layihələndirilməsinə imkan verən ŞQN-də dolma əmsalını təyin etmək üçün yeni metodika işlənilmiş, qeyri-Nyuton xassələrinin ŞQN-nin işinə təsiri öyrənilmişdir.

Qeyri-Nyuton neftlərinin süzülməsinin xüsusiyyətlərinin və özlüplastik mayelərin tədqiqi əsasında qeyri-Nyuton neftli yataqlarda geniş tətbiq olunan lay təzyiqinin təyinedilmə üsulu təklif olunmuşdur. Bu üsuldan layda və quyu gövdəsində hərəkət zamanı neftin qeyri-Nyuton xassəsini aşkar etmək üçün istifadə olunur. Çoxfazalı axının rejim təsnifatı əsasında qaz-maye qarışığının borularda hərəkətinin hesablanmasında dəqiqliyi təmin edə bilən prinsipcə yeni nəzəri yanaşma üsulu təklif olunmuşdur. Bu üsuldan dəniz mədənlərində geniş istifadə olunur.

AMEA-nın müxbir üzvü Ramiz Qurbanovun rəhbərliyi ilə 35-dən çox fəlsəfə doktoru və elmlər doktoru hazırlanmışdır. O, 250-dən artıq elmi iş və ixtiranın, o cümlədən 7 monoqrafiya və dərsliyin, 31 müəlliflik şəhadətnaməsinin, 9 patentin müəllifidir.

AMEA-nın müxbir üzvü Ramiz Qurbanov SSRİ-nin Fəxri Neftçisi (1990), SSRİ Təhsil Nazirliyinin Əlaçısı fəxri adlarına layiq görülmüşdür. Alim eyni zamanda Azərbaycan Respublikası Dövlət Mükafatı Laureatı (1986) olmaqla yanaşı, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin diplom və medalları ilə təltif edilmişdir.

Tanınmış alimi 90 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, elmi-təşkilati fəaliyyətində uğurlar arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: