Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru professor Zakir Eminov, institutun HİK sədri Kamran Ramazanlı və Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Xanım Rzazadə ilə birlikdə Səbail rayonunun 163 saylı tam orta məktəbində Kiçik Akademiyanın təqdimat mərasimində iştirak ediblər.
Azərbaycanın, sonra isə məktəbin Kiçik Akademiyasının himni səsləndikdən sonra şagirdlər müxtəlif fənlər üzrə hazırladıqları tədqiqat işlərini təqdim ediblər. 5-10-cu sinif şagirdləri insan ürəyi və onun funksiyaları, suyun informasiya ötürücülüyü xüsusiyyəti, ilbizlərin texnologiyada əhəmiyyəti, kodlaşdırma, Xarı bülbül layihəsi, Pifaqor düsturu Azərbaycanın tarixi dövrləri, bərpa olunan enerji və s. mövzularla çıxış edərək əl və təcrübi işlərini nümayiş etdiriblər.
Məktəbli tədqiqatçılar “Şuşanın dağları” rəqsi ilə çıxışlarını yekunlaşdırıblar.
Uğurlu təqdimata görə şagirdlərə və onların müəllimlərinə təşəkkürünü bildirən professor Zakir Eminov çıxış edərək institutun məktəblilərlə olan əlaqələrindən, bu əlaqələrin əhəmiyyətindən danışıb. O, Coğrafiya İnstitutu ilə məktəblər arasında sıx əlaqələrin olduğunu, institut əməkdaşlarının dəfələrlə “Kiçik Akademiya” üzvləri ilə məktəbdə və Coğrafiya İnstitutunda görüşdüklərini, onlar üçün seminar və praktiki təlimlərin təşkil edildiyini diqqətə çatdırıb. Professor bildirib ki, belə tədbirlərin keçirilməsi istedadlı gəncləri üzə çıxarmağa, şagirdlərin potensial imkanlarını inkişaf etdirməyə kömək edir, şagirdlərdə elmi tədqiqatlara və elmi yaradıcılığa marağın artmasına müsbət təsir göstərir, onlarda məntiqi təfəkkürün inkişafına zəmin yaradır və eləcə də onların peşə seçimində mühüm rol oynayır.
Sonra məktəbin direktoru, qabaqcıl müəllim Nisə Hüseynova Kiçik Akademiyanın fəaliyyətindən elmi-tədqiqat işlərinin aparılmasında, məktəb müəllimlərinin şagirdlərə göstərdikləri dəstəkdən fərəhlə söhbət açıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.