Bu gün AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, Türkiyə Respublikasının “Yıldız” Texniki Universitetinin professoru Surxay Əkbərovun anadan olmasının 70 ili tamam olur.
Surxay Cabbar oğlu Əkbərov 8 fevral 1954-cü ildə anadan olmuş və 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsini “Mexanika” ixtisası üzrə bitirmişdir. O, 1978-ci ildə Azərbaycan SSRİ EA-nın Riyaziyyat və Mexanika İnstitutunun əyani aspiranturasına daxil olmuş, Ukrayna SSR EA-nın S.P.Timoşenko adına Mexanika İnstitutuna ezam edilmişdir.
1981-ci ildə elə həmin institutda “Əyilgən matrisada iki lifin dayanıqlılığının və bu dayanıqlılıq itirilən zaman onların qarşılıqlı təsiri nəzərə alınmaqla tədqiqi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Alim 1988-ci ildə isə “Əyilmiş strukturlu kompozit materiallarda gərgin vəziyyət. “Hissə-hissə bircins cisim modeli” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 1992-ci ildə professor elmi adını almış, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.
AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Surxay Əkbərov əmək fəaliyyətinə 1976-cı ildə Azərbaycan SSRİ Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Riyaziyyat və Mexanika İnstitutunda başlamışdır. O, 1976-1990-cı illərdə burada laborant, aspirant, kiçik elmi işçi, baş elmi işçi, 1990-1993-cü illərdə Dağılma mexanikası şöbəsinin müdiri vəzifəsində işləmişdir. Alim 1993-cü ildən etibarən Türkiyə Respublikasının “Yıldız” Texniki Universitetində professor vəzifəsində çalışır.
AMEA-nın müxbir üzvü Surxay Əkbərovun tədqiqatları mexanika sahəsinə, kompozit materiallar, onlardan hazırlanmış konstruksiya elementlərinin dayanıqlığının tədqiqinə həsr edilmişdir. Mexaniki xassələri zamandan asılı olan kompozit materialların və bu materiallardan hazırlanan konstruksiya elementlərinin dayanıqlığının üçölçülü xəttiləşdirilmiş nəzəriyyəsini işləmişdir. Alim ilk dəfə üçölçülü xəttiləşdirilmiş dayanıqlıq nəzəriyyəsini mexaniki xassələri zamandan asılı olan materiallar üçün inkişaf etdirmiş və mexaniki xassələri zamandan asılı olan materialdan (məsələn, özlü-elastik materialdan) hazırlanmış konstruksiya elementlərinin dayanıqlığının öyrənilməsinə tətbiq etmişdir. O, iki istiqamətdə lokal və ya periodik əyilmələri olan lif-lövhəli kompozit materialların kontinual nəzəriyyəsini yaratmış və bu materiallardan hazırlanmış konstruksiya elementlərinin bir çox mexanika məsələlərinin tədqiqinə tətbiq etmişdir. Xətti və həndəsi qeyri-xətti elastiklik və özlü elastiklik nəzəriyyəsinin dəqiq tənliklərindən istifadə edərək hissə-hissə bircins material modeli əsasında əyilmiş gücləndirici lifləri və lövhələri olan kompozit materiallar mikro-mexanikasının əsaslarını yaratmış və konkret problemlərin həllinə tətbiq etmişdir. Əldə edilən nəzəri nəticələr kompozit materialların qırılmasındakı “tiftiklənmə” effektinin izah edilməsinə imkan vermişdir.
AMEA-nın müxbir üzvü Surxay Əkbərov bir sıra beynəlxalq elmi-texniki jurnalların (“International Applied Mechanics”, “Mechanics of Composite Materials”, “Pure and Applied Mathematics” və s.) redaksiya şuralarının üzvüdür. O, həmçinin “Elsevier”, “Spinger” və digər dünya şöhrətli nəşriyyatlarda dərc olunan “International Journal Solids and Structures”, “Journal Sound and Vibration”, “International Journal Mechanical Science”, “European Journal of Mechanics A/Solids”, “Applied Mathematical Modelling”, “Composites: Part B, Engineering”, “International Journal of Engineering Sciences”, “CMES: Computer Modelling in Engineering Sciences”, “CMC: Computers, Materials & Continue”, “International Applied Mechanics”, “Mechanics of Composite Materials” və s. kimi jurnallarda dərc edilən çoxsaylı məqalələrin rəyçisi və müəllifidir.
AMEA-nın müxbir üzvü Surxay Əkbərov 405 elmi əsərin, 4 monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi altında 33 fəlsəfə doktoru, 3 elmlər doktoru hazırlanmışdır.
Mexanika sahəsində mühüm xidmətləri olan alimi 70 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, elmi-təşkilati fəaliyyətində uğurlar arzulayırıq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.