Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Tanınmış biokimyaçı və molekulyar bioloq alim Kərim Qasımovun 65 yaşı tamam olur
01.12.2023 09:15
  • A-
  • A
  • A+

Tanınmış biokimyaçı və molekulyar bioloq alim Kərim Qasımovun 65 yaşı tamam olur

Tanınmış alim, biokimyaçı və molekulyar bioloq, AR Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunun icraçı direktoru və Molekulyar hüceyrə biokimyası laboratoriyasının rəhbəri, biologiya elmləri doktoru, Kərim Qasımovun 65 yaşı tamam olur.

Kərim Quli oğlu Qasımov 1958-ci il noyabr ayının 30-da Saatlı rayonun Qaracalar kəndində anadan olmuşdur. 1975-ci ildə orta məktəbi əla qiymətlərlə bitirərək, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Biologiya fakültəsinə daxil olmuşdur.

1981-ci ildə ali məktəbi bitirdikdən sonra Azərbaycan SSR Elmlər Akademiyasının Zoologiya İnstitutunda işləmişdir. 1982-1984-cü illərdə Moskva şəhərində SSRİ EA İEMEJ-də elmi təcrübə keçmişdir. 1984-cü ildə Moskva şəhərində SSRİ EA-nın A.N.Bax adına Biokimya İnstitutunun aspiranturasına qəbul olunmuşdur.

1989-cu ildə “Qarğıdalı cücərtilərində 3´,5´-cAMP fosfodiesterazanın fəallığının qırmızı işıq və kalmodulinlə tənzimlənməsi” mövzusunda namizədlik, 2009-cu ildə isə “Eukariotlarda siqnalların ötürülməsinin bəzi molekulyar-genetik xüsusiyyətləri: G-zülallar və Jointless-1 transkripsiya faktoru” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

1992-ci ilin fevral ayına qədər Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi, sonra isə baş elmi işçi vəzifəsində çalışmışdır. 1992-ci ilin fevral ayından etibarən Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunda Məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları” şöbəsində baş elmi işçi vəzifəsində işləmişdir. 1996-1997-ci illərdə Yaponiya Elmin İnkişaf Cəmiyyətinin (JSPS) uzunmüddətli qrantını qazanaraq, Yaponiyanın Kobe Universitetində elmi-tədqiqat işləri aparmışdır.

1997-1999, 2006-2010-cu illərdə AMEA Botanika İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışmışdır. 2000-2006-cı illərdə ABŞ-ın Ayova Universitetində müqavilə ilə NIH və NSE qrantları üzrə tədqiqat işləri aparmışdır. 2010-cu ildə AMEA-nın Botanika İnstitutunda yaradılmış Hüceyrənin tənzimləyici sistemləri laboratoriyasının müdiri vəzifəsində elmi fəaliyyətini davam etdirmişdir. 2016-cı ildə rəhbərlik etdiyi laboratoriya ilə birlikdə yeni yaradılmış AMEA Molekulyar Biologiya və Biotexnologiya İnstitutuna keçirilmişdir. 2017-ci ilin yanvar ayından etibarən yeni yaradılmış AR Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunda direktorun elmi işlər üzrə müavini (hal-hazırda icraçı direktor) vəzifəsində çalışır.

Kərim Qasımovun əsas elmi fəaliy­yəti ali bitkilərdə hüceyrə siqnal sistemlərinin təşkili və genetik nəzarəti, rekombinant zülallardan istifadə edərək quanin nükleotidlərin mübadiləsində GPR motif zülalların rolunun tədqiqi, Rhodopsin reseptoru və transducin G-zülaldan istifadə edən hüceyrə siqnallarının ötürülməsinin molekulyar mexanizmlərinin tədqiqi, inkişaf zamanı bitki diferensiyasiyasının transkripsiya səviyyəsində tənzimlənməsi nümunəsi kimi, tomat bitkilərində çiçək və yarpaq saplağında düşmə zonasının formalaşmasında MADS domenli transkripsiyası faktoru, ətraf mühitin abiotik stresslərinə bitki reaksiyalarının transkripsiya səviyyəsində tənzimlənməsi kimi WRKY superailəsi üzvlərinin yuxarı duz qatılığı və su çatışmazlığı kimi abiotik stresslərə qarşı bitkilərin cavab reaksiyalarında rolu ilə bağlıdır.

Hal-hazırda K.Qasımov Molekulyar və hüceyrə biokimyası laboratoriyası üzrə xərçəng xəstəliklərinin (xüsusilə də ağciyər, süd vəzi və yoğun bağırsaq karsinomalarının) yaranmasında iştirak edən hüceyrə səth reseptorlarının və siqnal yolunda iştirak edən digər zülalların öyrənilməsi və bunlarda baş verən potensial mutasiyaların araşdırılmasını aparır.

Alim 57 elmi məqalənin (xaricdə çıxmış elmi əsərlərinin sayı 29, beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı 16) müəllifidir.

Kərim Qasımovu 65 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, Azərbaycan elminin inkişafı yolunda böyük nailiyyətlər arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: