www.science.az
06.03.2014 00:00

“Azərbaycanın bitki genetik ehtiyatları üzrə informasiya sistemi” mövzusunda elmi seminar keçirilib

AMEA Mərkəzi Nəbatat Bağında “Azərbaycanın bitki genetik ehtiyatları üzrə informasiya sistemi” mövzusunda elmi seminar keçirilib.

Nəbatat Bağının elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Vahid Fərzəliyevin rəhbərliyi ilə keçirilən seminarda çıxış edən AMEA Genetik Ehtiyatlar İnstitutunun Beynəlxalq Əlaqələr, İnformasiya və Koordinasiya şöbəsinin rəhbəri Afiq Məmmədov Azərbaycanın bitki genetik ehtiyatları üzrə məlumatların toplanması, sistemləşdirilməsi, saxlanılması, yayılması, mübadiləsi və təhlili əsasında Bitki Genetik Ehtiyatları (BGE) üzrə Mərkəzi Məlumat Bazası yaradıldığını bildirib.

Qeyd edək ki, Afiq Məmmədovun aparıdığı elmi işin nəticəsində bitki nümunələrinin qeydiyyatı, onlar haqqında informasiyaların beynəlxalq şəbəkələr vasitəsilə yayılması, nüfuzlu beynəlxalq rəsmi internet səhifələrində yerləşdirilməsi və onların üzərində Azərbaycanın hüquqlarının təsbit edilməsinə imkan verəcəkdir.

Sonda BGE-nin davamlı inkişafı, bitki biomüxtəlifliyinin qorunmasının ciddi problemlərinin aşkarlanması, nümayişi və həlli yolları haqqında geniş fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.