Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.05.2024 12:08
  • A-
  • A
  • A+

Lənkəran Regional Elmi Mərkəzində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti seminar keçirilib

Lənkəran Regional Elmi Mərkəzində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti seminar keçirilib

AMEA-nın Lənkəran REM-də “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində sözügedən Mərkəzin təcrübə bağında nadir ağac və kol tinglərinin - dəmirağacı, Hirkan ənciri, Hirkan armudu, qaragilə, jasminin bərpa edilməsi və artırılması” mövzusunda növbəti elmi seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Mehman Əliyev “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” Azərbaycan Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamından irəli gələn vəzifələri diqqətə çatdırıb, Mərkəzin təcrübə bağında görülən işlər barədə məlumat verib.

Mövzu ilə əlaqədar Mərkəzin Çay və subtropik bitkilər şöbəsinin müdiri Aqil Həsənovun məruzəsi dinlənilib. O bildirib ki, Lənkəran Regional Elmi Mərkəzinin təcrübə bağında həm çay, həm də sitrus bitkilərinin kolleksiya genefond bağı yaradılmışdır. Burada çay və sitrus bitkilərinin yeni sortlarının yaradılması, digər ölkələrdən gətirilmiş yeni sortların rayonlaşdırılması, mövcud sortlardan vegetativ və generativ üsulla əkin materiallarının alınması və tingliyin salınması işləri aparılır. “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təcrübə bağında yerli armud sortlarının toplanması və artırılması işləri, dərman bitkilərindən ənginar, lavanda, rozmarin, çaytikanı və s. bitkilərin artırılması, həmçinin bölgəmizə xas olan endemik və “Qırmızı Kitab”a daxil olan bitkilərin qorunub saxlanılmasından ötrü yeni bağın salınmasına başlanılmışdır. Bu bitkilərdən dəmirağacı, Lənkəran akasiyası, Hirkan ənciri, Hirkan armudu, şabalıdyarpaq palıd, qara qarağat, bağımızda mövcuddur. Məqsədimiz bu siyahıya endemik bitkilərin digər növlərini - qaragilə və jasmini əlavə etmək, onların qorunması və artırılması işlərini daha da genişləndirməkdir.

Məruzə ətrafında müzakirələrdə Mərkəzin baş elmi işçiləri Çinarə Rzayeva, Lerik DAİM-in direktoru Cahani Nüsrətzadə və aqrar elmlər üzrə fəlsəfə doktoru Xalıqverdi Babayev çıxış edib, mülahizələrini söyləyib və təkliflərini irəli sürüblər.

Maraqlı diskussiya şəraitində keçən elmi seminarda iştirakçıları maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Maarifləndirici tədbiri yekunlaşdıran Mərkəzin direktoru Mehman Əliyev ölkə Prezidentinin məlum sərəncamından irəli gələn vəzifələrin ilboyu həyata keçirilməsini məqsədəuyğun hesab edib və konkret tapşırıqlarını verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: