Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Naxçıvan Muxtar Respublikasının 200-dən çox ümumtəhsil məktəbi arasında interaktiv dərs təşkil olunub
01.12.2017 10:14
  • A-
  • A
  • A+

Naxçıvan Muxtar Respublikasının 200-dən çox ümumtəhsil məktəbi arasında interaktiv dərs təşkil olunub

AMEA Naxçıvan Bölməsində təşkil olunan “Klassik genetikanın əsasları” mövzusunda interaktiv dərsi muxtar respublikanın 203 ümumtəhsil məktəbinin şagirdləri izləyiblər.

İnteraktiv dərsi bölmənin Bioresurslar İnstitutunun əməkdaşı, aqrar elmlər üzrə elmlər doktoru Varis Quliyev aparıb.

Bildirilib ki, genetika irsiyyət və dəyişkənlik haqqında elmdir, irsi informasiyaların qorunub saxlanması və gələcək nəsillərə ötürülməsindən bəhs edir. Genetika biologiya fənləri arasında əsas yerlərdən birini tutur. Müasir genetika irsiyyət və dəyişkənlik hadisələrini zoologiya, botanika, seleksiya, bitkiçilik, heyvandarlıq kimi bioloji və digər sahələrin nailiyyətlərinə əsaslanaraq öyrənir. Genetik tədqiqatlar biologiyanın nəzəri sahəsini, habelə zootexnikanı, baytarlığı, kənd təsərrüfatı heyvanlarının seleksiyasını, bitkilərin seleksiya və toxumçuluğunu, tibbi xeyli zənginləşdirib. Virusları, bakteriyaları, göbələkləri, bitki və heyvan hüceyrələrini orqanizmdən kənar becərmək və onların nuklein turşularını öyrənmək, orqanizmlərin həyat fəaliyyəti prosesində genlərin təsirinin qanunauyğunluqlarını müəyyən etməyə imkan verir.

Varis Quliyev genetikanın inkişaf tarixi, tədqiqat üsulları, bu elm sahəsində işlədilən şərti işarələr, əsas genetik anlayışlar, eləcə də Q.Mendelin qanunları haqqında şagirdlərə ətraflı məlumat verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: