AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun sektor rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilovun və Florensiyadakı (İtaliya) Lorenzo de`Medici Beynəlxalq İtaliya İnstitutunun Dini tədqiqatlar departamentinin müdiri, professor Nikola Lanerinin həmrəhbəri olduqları Azərbaycan-İtaliya beynəlxalq arxeoloji ekspedisiyası iyunun 11-dən etibarən Gəncə və Goranboy ərazisində tədqiqatlara başlayıb.
Beynəlxalq ekspedisiyanın tərkibinə İtaliyanın Qədim Aralıq Dənizi Hövzəsi və Yaxın Şərq Tədqiqatı Mərkəzinin nümayəndələri, həmçinin müxtəlif arxeometrik sahələr üzrə Almaniya və Fransadan olan mütəxəssislər də cəlb edilib.
Arxeoloji qazıntıların əsas obyektləri Gəncə şəhəri ətrafındakı son tunc — erkən dəmir dövrünə və Goranboy rayonu Qaradağlı kəndi ərazisində aşkar edilmiş ilk tunc dövrünə aid kurqanlar olub.
Gəncə və Goranboy ərazisində ilkin arxeoloji tədqiqatları yekunlaşdırmış Azərbaycan-İtaliya beynəlxalq arxeoloji ekspedisiyasının italiyalı həmrəhbəri, professor Nikola Laneri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova ilə görüşüb, tədqiqatların ilkin mərhələsinin yekunları barədə məlumat verib.
Professor N.Laneri bildirib ki, Gəncə şəhəri ətrafında hələ 2015-ci ildə Azərbaycan arxeoloqları tərəfindən GPS cihazları ilə qeydə alınmış kurqanların müasir tələblərə uyğun tədqiqi və müfaviq konservasiya durumuna gətirilərək ərazidə kurqanlardan ibarət dünyada ilk dəfə unikal arxeoparkın təşkili tədqiqaların perspektivlərinə daxildir. Həmçinin, Goranboy ərazisində müasir arxeoloji tədqiqatların tələblərinə uyğun olaraq ilk tunc dövrünə aid kollektiv dəfnli kurqanın tədqiqatının ilkin mərhələsi yekunlaşıb. Bu mərhələ müddətində kurqanın örtüyü xüsusi cihazlarla və qeydiyyat prosedurları ilə tədqiq edilib. Kurqanın örtüyündə Kür-Araz mədəniyyətinin son mərhələsinə aid sallama dəfnlər aşkar edilib.
İtaliyalı alim xüsusi olaraq vurğulayıb ki, arxeologiyada Kür-Araz mədəniyyəti problemləri kontekstində unikal bir təzahür olan kurqanaltı sərdabələr ilk tunc dövrü üçün “Azərbaycan fenomeni” kimi dəyərləndirilməkdədir.
Professor Maisə Rəhimova aparılan tədqiqatların Azərbaycan və dünya arxeologiyası üçün əhəmiyyətini qeyd edib.
Görüşdə əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.