Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsinin Yamal rayon Seyaxa İnternat Məktəbində AMEA-nın “Elm” nəşriyyatının direktor müavini Vüqar Haqverdiyevin “Pis uşaqlar planeti” pyesi nenets dilində səhnələşdirilir.
Tamaşa təhsil müəssisəsinin nəzdində fəaliyyət göstərən “Labteyko (Nağıl sandığı)” teatrında hazırlanır.
Səhnə əsərinin quruluşçu rejissoru və tərcüməçisi teatrın rəhbəri, əlavə təhsil üzrə pedaqoq Klavdiya Salinderdir.
İnternat məktəbində təlim-tərbiyə alan, əsasən tundradan gəlmiş, valideynləri köçəri həyat tərzi sürən uşaqların ifasında hazırlan tamaşanın premyerası yaxın vaxtlarda keçiriləcək.
Xatırladaq ki, “Pis uşaqlar planeti” pyesi ötən il Leninqrad vilayətinin Vıborq Uşaq Musiqili Teatrında, həmçinin Sankt-Peterburqun Nevski rayon 707 nömrəli orta məktəbində və Omsk şəhər 149 nömrəli Liseyində də səhnələşdirilərək uşaqlara təqdim olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.