www.science.az
06.03.2019 16:34

SOCAR-da Elm və Texnologiya Parkına məxsus dronlar barədə məruzə dinlənilib

6 mart 2019-cu il tarixində SOCAR Tower Podium-un “Göy” zalında AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) rezidenti olan Elm və Texnologiya Parkı (ETP) MMC-yə məxsus dronların təqdimatı keçirilib. Tədbirdə AMEA Strateji Elmi Araşdırmalar Mərkəzinin əməkdaşları Nadir Babaxanov, Teyrun Əhmədov, Arif Hüseynov və Neft və Qaz İnstitutunun Neft-qaz sahəsinin geoekologiyası şöbəsinin müdiri Fəxrəddin Kərimov iştirak ediblər.

Öncə YT Parkın direktoru, i.ü.f.d. Nazim Şükürov rəhbərlik etdiyi qurum haqqında ətraflı məlumat verərək bildirib ki, innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli elmtutumlu istehsalın inkişafı, Azərbaycan istehsalı olan ixrac potensiallı yüksək texnologiya məhsullarının hazırlanması, eləcə də ölkə alimlərinin əldə etdiyi nəticələrin kommersiyalaşdırılması bu müəssisənin əsas məqsədləridir.

N.Şükürov bildirib ki, YT Park həm də elektronika, avtomatika, proqram təminatı, dronlar və digər elektron cihazların istehsalı ilə məşğul olur. ETP dünya standartlarına cavab verən yeni nəsil pilotsuz uçuş aparatlarının istehsalı işini təkmilləşdirib. Gələcəkdə bu kimi qurğuların təkmilləşdirilməsi və çoxfunksiyalı dronların istehsalı nəzərdə tutulub.

O, ETP MMC-nin istehsal etdiyi dronların AMEA-nın elmi müəssisə və təşkilatlarında elmi-tədqiqat işlərinin aparılması məqsədilə istifadə edildiyini diqqətə çatdırıb.

Sonra YT Parkın Xüsusi şöbəsinin mudiri Adil Məmmədov çıxış edərək dronlar haqqında olan tədris kitabı barədə məlumat verib. O, kitabda dronların daha çox yayıldığı ölkələr, bu qurğulardan istifadə qaydası və tətbiq sahələri ilə bağlı geniş məlumatların verildiyini deyib.

Daha sonra ETP-nin müdiri Cavid Şahmuradov pilotsuz uçuş aparatları – dronlar haqqında təqdimatla çıxış edib. Bildirib ki, rəhbəri olduğu müəssisənin əsas məqsədi innovativ məhsullar, eləcə də yüksək texnologiyaların hazırlanması və təkmilləşdirilməsidir. Onun sözlərinə görə, dronlar – təbiətin mühafizə altında olan sahələrində (qoruqlarda), mobil əlaqə vasitələrinin siqnallarının qeydə alınmasında, ərazinin xəritəsinin çəkilməsində, yerlərdə inşaat işlərinin layihələndirilməsində, müxtəlif ərazilərdə radiasiyanın və elektromaqnit şüalanmanın səviyyəsinin təyin edilməsində, axtarış-xilasetmə işlərində çətinkeçilən ərazilərə təcili tibbi ləvazimatların çatdırılması hallarında geniş istifadə imkanına malikdir.

Pilotsuz uçuş aparatları, həm də kənd təsərrüfatı sahəsində müvafiq ölçmə, analiz cihazlarının vasitəsi ilə tədqiqatlar aparmaq üçün böyük üstünlüyə malikdir.

Tədbirdə, həmçinin Norveç vətəndaşı Knut Rosvoldun təsis etdiyi Alternativ Enerji şirkəti olan “PROVİTAZ” haqqında məruzə dinlənilib. Təqdimatda alternativ enerji mənbəyinin müxtəlif istifadə imkanları, effektivliyi və Azərbaycanda tətbiqi nümayiş olunub.

Məruzələr tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb, çıxışlara dair çoxsaylı suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.