Martın 27-də, Elm Günündə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Elm və təhsil baş idarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov və İşlər idarəsinin rəisi, siyasi elmlər doktoru Fətəli Abdullayev AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) olublar. Əsas məqsəd YT Parkın fəaliyyət istiqamətləri, burada istehsal olunan məhsullar və iş prosesi ilə yaxından tanışlıq idi.
Nümayəndə heyəti öncə YT Parkın beynəlxalq standartlara cavab verən, akkreditasiyadan keçmiş Strateji Elmi Analitik Sınaq Mərkəzi ilə tanış olublar. Mərkəzin müdir müavini Kamal Yusifov laboratoriya avadanlıqları, imkanları və göstərilən xidmətlər barədə ətraflı məlumat verib, həmçinin toksik analiz aparan cihaz və digər qurğular barədə təqdimatla çıxış edib.
Sonra akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti proqram təminatları və texnoloji yönümlü məhsulların istehsalı və satışını həyata keçirən “DN TECHNOLOGIES” MMC ilə tanış olublar. Burada onlara uzaqdan idarəetmə qurğuları haqqında slayd təqdim edilib.
Bundan başqa, qonaqlar Təcrübə-Sənaye Zavodu (TSZ), İngiltərənin 130 illik tarixə malik “Millers Oils” şirkəti ilə akademiya arasında yaradılmış “Millers Oils Azerbaijan”ın istehsal sahəsinə baş çəkərək hazır məhsul anbarında toplanılmış mallara baxış keçiriblər, eləcə də “Elm və Texnologiya Parkı” MMC və “Azeltech” MMC-nin istehsalat ərazisi ilə tanış olublar.
Bildirilib ki, YT Parkın ilk rezidenti olan TSZ Azərbaycanda yüksək keyfiyyətli sürtkü yağlarının istehsalı ilə məşğuldur. Burada yüksək müalicəvi effektə malik Ağ Naftalan yağı istehsal edilir ki, yaxın gələcəkdə bu yağın istehsalının genişləndirilməsi və onun dövlət əsaslı sifarişlə əldə olunması nəzərdə tutulur.
TSZ-də satışa çıxarılan sürtkü yağları əsas etibarilə yerli məhsullardan, mineral yağlardan istifadə əsasında hazırlanır.
Onlara “Millers Oils Azerbaijan” MMC-nin əsas fəaliyyət istiqamətləri, burada istehsal olunan yağlar, istehsal prosesinin mərhələləri, müasir kompüter texnikası vasitəsilə bir mərkəzdən idarə olunan sistem, malların qablaşdırılması xətti barədə məlumat verilib. Qeyd olunub ki, şirkətdə dəniz dizel yağları, yanacaq qatqıları, yüksək keyfiyyətli avtomobil sürtkü yağları istehsal olunur.
Akademik Akif Əlizadə YT Parkda həyata keçirilən tədbirləri, burada yaradılan innovativ mühiti yüksək qiymətləndirib. Alim müəssisənin inkişaf perspektivlərinə dair bir sıra təklif və tövsiyyələr verib, qurumun əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.