AMEA İnformasiya Texnologiyaları İnstitutunda 27 mart – Elm Günü çərçivəsində Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin “SABAH” qruplarında kompüter elmləri ixtisası üzrə təhsil alan və hazırda institutda elmi-tədqiqat təcrübəsi keçən III kurs tələbələri və 225 nömrəli tam orta məktəbin şagirdləri ilə görüş keçirilib.
Tədbirdə çıxış edən AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev son illər ölkəmizdə elmin nüfuzunun yüksəldilməsi, elmi fəaliyyətin stimullaşdırılması istiqamətində görülən işlərdən danışıb. Akademik R.Əliquliyev Prezident İlham Əliyevin Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında” 2018-ci il 9 aprel tarixli Sərəncamını xatırladaraq, bu əlamətdar günü müxtəlif qurumların öz fəaliyyət istiqamətinə uyğun olaraq qeyd etdiyini diqqətə çatdırıb.
Alim AMEA-nın ölkəmizdə ziyalı potensialının artırılması, mühüm elmi nailiyyətlərin əldə olunması işinə mühüm töhfələr verdiyini qeyd edib, dövlət proqramlarının icrasında akademiyanın mühüm vəzifələrin əsas daşıyıcılarından biri kimi yaxından iştirak etdiyini vurğulayıb.
R.Əliquliyev elmə marağı olan gənclərin yetişdirilməsində AMEA-nın geniş imkanlara malik olduğunu söyləyib, rəhbərlik etdiyi institutda gənc tədqiqatçıların beynəlxalq səviyyədə elmi araşdırmalar aparmaları üçün onlara hər cür şərait yaradıldığını qeyd edib.
Sonra institutun gənc alim və mütəxəssisləri arasında Elm Günü ilə əlaqədar elan edilmiş müsabiqənin qalibləri mükafatlandırılıb.
Daha sonra şagirdlər institutun “AzScienceNet” elm kompüter şəbəkəsi, şəbəkənin Data Mərkəzi, Tədris-İnnovasiya Mərkəzi, Distant Tədris Mərkəzi, Multimedia Mərkəzinin nəzdində fəaliyyət göstərən “İnformasiya Texnologiyaları” nəşriyyatının fəaliyyəti və burada 3D-printerin iş prinsipi ilə yaxından tanış olublar. Onlara bu bölmələrin imkanları, görülən işlər haqqında məlumat veriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.