AMEA-nın Polimer Materialları İnstitutunda 27 mart - Elm Gününə həsr olunan yığıncaq keçirilib.
Tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov ölkə Prezidenti İlham Əliyevin imzaladığı Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında 9 aprel 2018-ci il tarixli Sərəncamı bütövlükdə Azərbaycan elminə, elm xadimlərinə göstərilən qayğının ifadəsi olduğunu bildirib. O, Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının 17 yanvar 2019-cu il tarixli qərarına əsasən Polimer Materialları İnstitutunda həyata keçirilən tədbirlər barədə məlumat verib.
Daha sonra çıxış edən AMEA Kimya Elmləri Bölməsinin akademik-katibi v.i.e., akademik Vaqif Fərzəliyev tədbir iştirakçılarını Elm Günü münasibətilə təbrik edib, onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb. O, ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdə cəmiyyət həyatının digər sahələri kimi, elm sahəsinin də yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb.
Tədbirdə Polimer Materialları İnstitutunun bir qrup əməkdaşı Elm Günü münasibətilə Azərbaycanda kimya elminin inkişafındakı xidmətlərinə görə Kimya Elmləri Bölməsinin Fəxri fərmanları ilə təltif edilib.
Sonda AMEA-nın müxbir üzvü Yavuz Rüstəmov çıxış edərək akademiyanın ölkənin bütün inkişaf mərhələlərində mühüm rol oynadığını söyləyib. Bildirib ki, son illər Azərbaycanda elmin inkişaf etdirilməsi istiqamətində aparılan uğurlu islahatlar, dövlətimizin başçısının imzaladığı sərəncam və fərmanlar müsbət nəticələrə gətirib çıxarıb, Azərbaycan alimlərinin beynəlxalq aləmə inteqrasiyası ilə bağlı mühüm nailiyyətlər əldə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.